Zəyəm kəndinin nümunəsi: repetitorsuz uğur – REPORTAJ
Yanvarın sakit səhərində şimal qərb bölgəsinə üz tutduq. Zaqatalanın dağları üzərinə çökmüş incə dumanın arasında Zəyəm kəndinə doğru irəlilədikcə hiss olunurdu ki, bu tənhalığın içində yaşayan bir ocaq var – həm maarifin, həm də gələcəyin ocağı olan Elman Osmanov adına Zəyəm kənd tam orta məktəbi. Məktəbin həyətinə daxil olanda buradakı nizam-intizam, uşaqların səs-küyü ilə qarışan təhsil enerjisi dərhal duyulurdu. Sanki bu məktəbin divarları belə “bu kəndin gələcəyi burada yazılır” deyirdi.
Məktəb Zəyəm kəndinin yeganə şəhidi, I Qarabağ müharibəsinin qəhrəmanı Elman Məcid oğlu Osmanovun adını daşyır. 1971-ci ildə bu kənddə doğulan Elman Osmanov 1992-ci ilin 25 oktyabrında Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Məktəbdə qəhrəmanın əziz xatirəsi hər gün yad edilir.
Bu gün məktəbdə 141 şagird təhsil alır. 1960-cı ildə 4 illik məktəb kimi fəaliyyət göstərən təhsil ocağı 1974-cü ildən 8 illik, 1999-cu ildən tam orta məktəb olub. 2012-ci ildə isə məktəb üçün yeni bina istifadəyə verilib. Laboratoriya, kitabxana, akt zalı, geniş idman zalı, yeməkxana və olduqca işıqlı sinif otaqları bu məktəbin dövrün tələblərinə uyğun qurulduğunu göstərir.
2024–2025-ci tədris ilində məktəbdə 3–4 yaşlı uşaqlar üçün icma əsaslı məktəbəqədər təhsil qrupu da fəaliyyətə başlayıb. Məktəbin qazanxana sistemi ilə tam isidilməsi, dəhliz və sinif otaqlarındakı rahat şərait bu ucqar kənd məktəbinin infrastruktur üstünlüklərindəndir.
Diqqətimizi çəkən məqamlardan biri məktəbin qapısında yerləşdirilmiş “Şikayətlər və təkliflər” qutusu, eləcə də foyedə qoyulmuş “Rəy və təkliflər” kitabı oldu. Bu, kənd sakinlərinin, valideynlərin və şagirdlərin fikirlərinin nəzərə alınmasının real mexanizmi idi.
“Məktəbi ayağa qaldırmaq üçün gecə-gündüz çalışdıq”
Məktəbin direktoru, riyaziyyat-informatika müəllimi İlahə Həsənova ilə söhbət etdikcə onun bu məktəb üçün necə fədakarcasına çalışdığı hiss olunurdu. 1986-cı ildə Zaqatalanın Muxax kəndində doğulan, 2006-cı ildə pedaqoji fəaliyyətə başlayan İlahə xanım 2010-cu ildə Zəyəm məktəbində fəaliyyətə başlayıb, 2022–2023-cü illərdə direktorların işə qəbul imtahanında uğur qazanaraq rəhbər təyin olunub.
O günləri belə xatırlayır:
“Təyin olunduğum vaxt məktəbin nəticələri zəif idi. İlk hədəfim müəllimləri ruhlandırmaq, məktəbdə təhsil mühitini gücləndirmək oldu. Son üç ildə gördüyümüz işlər sübut etdi ki, birlikdə mümkün olmayan heç nə yoxdur”.
Direktorun söhbət zamanı təqdim etdiyi statistik göstəricilər bunu təsdiqləyir.
2022–2023-cü ildə 9 məzundan 2-si ali məktəbə qəbul olub. 2023–2024-cü ildə 4-cü siniflərin monitorinqində məktəb rayon üzrə 3-cü yerə yüksəlib. Həmin il iki şagird 11-ci sinfi fərqlənmə attestatı ilə bitirib. Buraxılış imtahanlarında məktəb rayon üzrə ilk beşlikdə yer alıb. Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz Möhumayevanın 11-ci sinif şagirdləri buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərib. Direktor qürurla məktəbin uğurlarından bəhs edərək əlavə edir:
“Universitetə və kollecə qəbul olan şagirdlərimizin böyük qismi repetitorsuz hazırlaşıb. Bu, müəllimlərimizin əsl zəhmətidir”.
Zəyəmdə təhsil yükünü çiyinlərində daşıyanlar
Texnologiya müəllimi Nəzifə Gəncəliyeva MİQ imtahanından 90 bal toplayaraq burada fəaliyyətə başlayıb. Məktəbin texnologiya kabinetində şagirdlərin hazırladığı əl işləri, maketlər, yaradıcılıq nümunələri sanki müəllimin xarakterini əks etdirirdi. Gənc, enerjili, yaradıcı Nəzifə müəllimə deyir:
“Texnologiya dərsi uşağın düşünmə və yaratma bacarığını oyadır. Mən onların hər işində gələcək mühəndisin, ustanın, dizaynerin toxunuşunu görmək istəyirəm”.
İbtidai sinif müəllimi Sevinc Bədəlovanın sinfinə daxil oluruq. Öz səmimiyyəti və tələbkarlığı ilə seçilən Sevinc müəllimə 4-cü sinif monitorinqində məktəbi rayon üzrə ilk 5-liyə daşıyan müəllimdir. Hazırda 1-ci sinfin müəllimidir. Bizimlə söhbəti zamanı Sevinc müəllimə bildirdi ki, ibtidai sinif uşağın təhsil taleyinin başlanğıcıdır: “Mən hər bir şagirdimdə o istedad qığılcımını görürəm və onu inkişaf etdirməyə çalışıram”.
Daha sonra ibtidai sinif müəllimi Ülviyyə İdrisovanın dərsində iştirak etdik. Dərs zamanı müşahidə etdik ki, sinifdə uşaqlar ədəbiyyatı sevə-sevə müzakirə edir, mətnləri təhlil edir, sərbəst danışırlar. Bu, pedaqoqun əməyi idi. O deyir ki, şagirdə dil və ədəbiyyatı sevdirməyin yolu, ilk növbədə, onu anlamaqdan keçir. Düşünən uşaq yazacaq, oxuyacaq, özünü ifadə edəcək.
Zəyəmin gələcəyi necə danışır?
“Təhsil üçün əl-ələ” layihəsində qalib seçilən 10-cu sinif şagirdləri ilə məktəbin dəhlizində söhbət etdik. Ayşə Ömərova, Fatimə İbrahimova, Gündüz Qədirov - bu 3 gənc həm kitab hədiyyəsi alıblar, həm də 5 günlük Bakıda təşkil olunan inkişaf düşərgəsində iştirak hüququ qazanıblar.
Ayşə deyir ki, bu məktəb onlara özlərinə inanmağı öyrədib. Fatimə əlavə edir: “Düşərgə mənə yeni baxış qazandırdı. Hədəflərimi daha dəqiq müəyyənləşdirdim”. Gündüz isə belə danışır: “Biz burada repititorsuz belə böyük nəticələr əldə edə bilirik. Bu, müəllimlərimizin zəhmətidir”.
Zəyəm məktəbi ucqar kənddən yüksələn təhsil modelidir
Bu gün Elman Osmanov adına Zəyəm kənd tam orta məktəbi yalnız bir təhsil müəssisəsi deyil, regionun inkişaf xəritəsində mühüm yer tutan maarif mərkəzidir. Burada şəffaf idarəetmə, yüksək peşəkarlıq, valideynlərlə açıq ünsiyyət, müasir infrastruktur və ən əsası, müəllimlərin fədakarlığı təhsilin keyfiyyətini hər il daha da yüksəldir.
Bu məktəbin divarlarında həm bir şəhidin ruhu yaşayır, həm də gələcəyini formalaşdıran yüzlərlə uşağın xəyalları. Zəyəmin bu maarif ocağı bir daha sübut edir ki, ucqar kənd məktəblərində də böyük uğurlar mümkün və realdır.
Azərbaycan müəllimi olaraq buradan ayrılarkən belə bir nəticəyə gəldik: Zəyəm məktəbində təhsilin üzü aydındır və bu işıq daha çox şagirdin yolunu nurlandıracaq.



