4 universitetdən qəbul məktubu, 3 şirkətdən iş təklifi: Azərbaycanlı gəncin uğuru
Azərbaycanda hər il müxtəlif təhsil səviyyələrində ayrı-ayrı ixtisaslar üzrə gənclər böyük uğurlara imza atırlar. Qəbələdə doğulub böyüyən Təhsim Nəbiyev bu il onların sırasına daxil olub. “Gənclərin xaricdə təhsil üzrə Dövlət Proqramı” ilə İngiltərədə magistratura təhsilini tamamlayıb Azərbaycana qayıdan gənc ölkədəki ən nüfuzli şirkətlərdən birində - SOCAR-da işə başlayıb.
4 İngiltərə universitetinə qəbul olundu
Təhsim Nəbiyev Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbi uğurla bitirib. Sonra Azərbaycan Dövlət İqtisad Universitetində tədrisi ingiliscə təşkil edilən “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb. Universiteti yüksək orta müvəffəqiyyət göstəricisi ilə - 95.8 balla bitirib. Magistratura təhsilini xaricdə almaq istəyib. Xüsusən İngiltərə universitetlərinə xüsusi maraq göstərib: “Cəhdlərimin hamısı uğurlu oldu. Müraciət etdiyim İngiltərə universitetlərindən müsbət cavab aldım”.
4 universitetə qəbul olunan Təhsim Nəbiyev üstünlüyü “Imperial College London”a verib: “Əvvəlcə universiteti seçdim, çünki “Imperial College London” elm, texnologiya, mühəndislik, biznes və maliyyə sahələrində dünyanın ən nüfuzlu universitetlərindən biri hesab olunur. Universitet beynəlxalq reytinqlərdə daim ön sıralarda yer alır və burada təhsil almaq dünyanın müxtəlif ölkələrindən olan minlərlə istedadlı gəncin əsas hədəflərindən biridir. Mənim də hədəfim idi və müsahibədə iştirak edərək universitetə qəbul olundum. Dövlət Proqramına bundan sonra müraciət etdim”.
“Hər gənc Dövlət Proqramından yararlanmaq istəyər”
Təhsim Nəbiyev Dövlət Proqramı ilə təhsili böyük şans hesab edir: “Öz ixtisas sahəm üzrə püxtələşmək, peşəkar kimi yetişmək əsas hədəfim idi. Öz fəaliyyətimlə ölkəmizin maliyyə sahəsinə töhfə vermək istəyirəm. Üstəlik, Dövlət Proqramı ilə təhsil ölkəmizdə çox nüfuzludur. Hər gənc bu proqramdan yararlanmaq istər. Mən də yararlandım”.
Dövlət Proqramı ilə təhsil almaq Təhsim Nəbiyevin məsuliyyətini daha daha da artırıb: “Məhz ölkə Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Imperial College London”da magistr təhsilini fərqlənmə dərəcəsi ilə başa vurdum. Sadəcə təhsillə kifayəylənmədim, paralel olaraq “Korporativ maliyyə”, “Maliyyə ekonometriyası”, “İnvestisiyalar və portfel idarəetməsi”, “Törəmə maliyyə alətləri”, “Makro maliyyə”, “Birləşmə və satınalmalar” kimi istiqamətlər üzrə nəzəri və praktiki biliklər əldə etdim”.
Təhsimin fikrincə, onun şəxsi akademik uğuru, həm də Dövlət Proqramının Azərbaycan gənclərinə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq üçün yaratdığı imkanların əhəmiyyətli göstəricisidir: ““Imperial College London” elm, texnologiya, biznes və maliyyə sahələrində dünyanın nüfuzlu universitetlərindən biri hesab olunur. Bu universitetdə magistr proqramını fərqlənmə ilə başa vurmaq yüksək akademik göstərici və davamlı zəhmətin nəticəsidir. Məncə, Dövlət Proqramı çərçivəsində hər gəncin əldə etdiyi belə nailiyyətlər Azərbaycanın gələcək inkişafı üçün yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və beynəlxalq təcrübəyə malik gənc mütəxəssislərin yetişdirilməsi istiqamətində qarşıya qoyulan böyük hədəflərə uyğundur. Mən dövlətimin vacib hədəflərini bilirəm. Ona görə təhsildə Azərbaycanın prioriteti prioritetim olduğu kimi, bundan sonrakı fəaliyyətimdə də dövlətimin maraqları mənim maraqlarım, hədəflərim əsas hədəfim olacaq”.
Dövlət Proqramı məzunu SOCAR-da işə başlayıb
Bundan sonrakı fəaliyyətinə gəlincə, gənc Dövlət Proqramı məzunu SOCAR-da işə başlayıb: “İngiltərədə təhsilimi tamamlayar-tamamlamaz iş barədə düşünməyə başladım. Təhsilim bitənə bir neçə ay qalmış şirkətlərdə mənə uyğun vakansiyalar üçün müraciətlər etdim. SOCAR-la yanaşı 2 böyük şirkət müraciətimi dəyərləndirdi, müsahibələrdən də uğurla keçdim. Amma SOCAR şirkətinin təklifi, yaratdığı iş şərait daha cəlbedici oldu və mən də qəbul etdim”.
SOCAR-ın gənc mütəxəssisi burada da fərqlənəcəyinə əmindir: “Bir gəncin uğuru, sadəcə onun şəxsi nailiyyəti deyil, məncə. Mən bir Azərbaycan gənci kimi beynəlxalq akademik mühitdə yüksək rəqabət qabiliyyətinə malik bir gənc kimi yetişdim. Layihələrdə və tədqiqat işlərində iştirak edərək analitik düşüncə və qərarvermə bacarıqlarımı daha da inkişaf etdirdim. Düşünürəm ki, dünyanın aparıcı ali təhsil müəssisələrindən birində təhsil almaq və proqramı fərqlənmə ilə başa vurmaq böyük zəhmət, əzmkarlıq, peşəkarlıq və davamlı inkişaf tələb etdiyi kimi, Azərbaycan gənclərinin də zəhmətkeş, məsuliyyətli, öyrənməyə həvəsli olduğunun bir göstəricisidir”.
Dövlət Proqramı gənclər üçün motivasiyadır
Təhsim deyir ki, Dövlət Proqramı çərçivəsində onun kimi yüzlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanır: “Belə təşəbbüslər ölkənin intellektual potensialının gücləndirilməsi, müasir çağırışlara cavab verən peşəkar kadrların hazırlanması və Azərbaycanın beynəlxalq akademik mühitdə mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Dövlət Proqramı gənclər üçün də mühüm motivasiya mənbəyidir: “Məqsədyönlü fəaliyyət, keyfiyyətli təhsil və əzmkarlıq sayəsində Azərbaycanın istənilən bölgəsindən olan gənclər dünyanın ən nüfuzlu universitetlərinə qəbul ola və yüksək akademik nəticələr əldə edə bilərlər”.
Təhsim Nəbiyev deyir ki, indiyədək əldə etdiyi bilik və təcrübəni öz ölkəsinin inkişafına yönəltmək üçün ilk addımlarını atmağa başlayıb: “Mən də maliyyə sahəsində peşəkar fəaliyyətimdə Azərbaycanın insan kapitalının güclənməsinə öz töhfəmi verəcəyəm”.




