58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 

2 Mart, 2026 - 16:41
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 

Fevralın 25-də Cənubi Koreyanın “Kyung Hee University” ali təhsil müəssisəsinin ölkənin Gyeonggi əyalətinin Yonqin şəhərində yerləşən beynəlxalq kampusunda bədən tərbiyəsi üzrə Magistratura Məktəbinin diplom təqdimetmə mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, "Məzun günü"ndə bütün diqqət saçları ağarmış, magistr papağını səliqə ilə taxmış 83 yaşlı Mo Gil-yeon-yaya yönəlib. Mərasimdə yaşlı məzuna universitetin “Xüsusi xidmət mükafatı” təqdim olunub. Sertifikatda bu sözlər yazılmışdı: “Təhsilə sarsılmaz həvəsiniz və elmə dərin sədaqətinizlə ömürboyu təhsilin dəyərini təcəssüm etdirmisiniz. Nümunəvi mövqeyiniz yüksək qiymətləndirilir”.

1968-ci ildə magistraturaya daxil olan Mo 58 il sonra diplomunu alaraq universitetin ən yaşlı magistr məzunu olub. O, mərasimdə  deyib: “Yaşa görə oxumağa tərəddüd edənlər varsa, onlara demək istəyirəm: “İndi başlayın. Gəlin hamımız səylə oxuyaq””.

1943-cü ildə Gangvon əyalətinin Çunçxon şəhərində üç uşaqdan ikincisi olaraq dünyaya gələn Mo kasıb uşaqlıq həyatı yaşayıb. Alkoqolu sevən atası ailəyə laqeyd yanaşır, buna görə də onlar tez-tez kirayə evlərə köçməyə məcbur qalıblar.  Buna baxmayaraq, Mo dərslərində uğurlu idi və 1963-cü ildə Konkuk Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsinə daxil olub. Seul ilə Çunçxon arasında qatarla dərsə gedib-gəlib. Özündən iki yaş böyük qardaşı ailəyə pul göndərmək üçün Qərbi Almaniyada mədənçi işləyirdi. Məktəb illərində taekvondo üzrə dan dərəcəsi alan Mo universitetdə oxuyarkən Koreyada yerləşdirilmiş ABŞ əsgərlərinə bu döyüş sənətini öyrədərək pul qazanırdı. Bu təcrübə onda əzələlərə və fiziki funksiyalara maraq oyatdı və nəticədə 1968-ci ildə Kyung Hee Universitetinin Bədən Tərbiyəsi üzrə Magistratura Məktəbinə daxil olub. 

ABŞ əsgərləri ilə ünsiyyət Mo-da “Amerika arzusu” — ABŞ-də pul qazanmaq və uğur əldə etmək istəyi yaradıb. 1968-ci ildən başlayaraq həyat yoldaşı, anası və böyük qardaşının ailəsi ABŞ-yə köçüb. Mo isə birinci kursu bitirdikdən sonra onların ardınca ABŞ-a yollanıb. Ailə Virciniya ştatında məskunlaşaraq sendviç satışı ilə məşğul olub.  O, həyat yoldaşı ilə birlikdə səhər saat 4-də oyanır, axşam 7-yə qədər işləyir və ciddi şəkildə pul yığırdılar. 1985-ci ilə qədər onlar dəniz məhsulları restoranı alaraq idarə etməyə başlayıblar. Mo oğluna və iki qızına daim “Səylə oxuyun” deyirdi. Övladları Oksford Universiteti və Dartmund Kolleci  kimi nüfuzlu ali məktəbləri bitirib, hazırda ofis işçisi, film prodüseri və Google əməkdaşı kimi çalışırlar. Mo 2021-ci ildə restoranı oğluna təhvil verərək təqaüdə çıxıb və zəhmətkeşliyi sayəsində “Amerika arzusu”nu gerçəkləşdirib. 

Lakin yarımçıq qalmış magistr təhsili onun fikrindən çıxmır və o, yenidən Kyung Hee Universitetinə müraciət edib. Bəzi professorlar narahatlıqlarını bildirsələr də, Bədən Tərbiyəsi üzrə Magistratura Məktəbinin dekanı Oh Kyung-rok müsahibədən sonra Monun sağlamlığını və güclü akademik əzmini təsdiqləyərək onun yenidən universitetə qəbuluna icazə verib. Beləliklə, 1968-ci il qəbulunun tələbəsi Mo ötən yaz yenidən kampusa qayıdıb. Onun elmi rəhbəri professor Jeong Hyeon-cheol Monun oğlu ilə eyni yaşdadır.

Artıq kasıb olmasa da, qənaətcilliyə öyrəşmiş Mo kampusun yaxınlığında 3 milyon von depozit və aylıq 440 min von kirayə haqqı ilə bir studiya mənzil kirayələyib. O, hər gün səhər saat 9-dan gecə yarısına qədər dərs oxuyur, çox vaxt saat 7-də gəlib 23:00-da çıxırdı. “Sual kralı” kimi tanınan Mo hər dərsdə müəllimlərə 5–10 sual verib. O, həmçinin hər gün kampusun idman zalında bir saat məşq edirdi. 20–30 yaşlı gənc tələbələr ona “Siz ilham mənbəyisiniz” və “Özümə görə utanıram” deyiblər. 

Mo öz səyləri və professor Jeongun rəhbərliyi sayəsində dissertasiyasını bir il ərzində tamamlayıb. O, dissertasiyasında belə yazmışdı: “Bu, uzun bir tuneldən çıxmaq kimi hiss olunur. Məni səhərdən axşama qədər daim qayğı ilə dəstəkləyən professor Jeong Hyeon-cheolə və bütün tədris köməkçilərinə səmimi təşəkkürümü bildirirəm. Mən sizlərin hər birinizə çox borcluyam”.