Diplomla bitməyən yol: Ömürboyu təhsil niyə hər kəs üçün vacibdir?
Müasir əmək bazarı dəyişir, peşələr yenilənir, biliklərin “ömür müddəti” isə getdikcə qısalır. Bir vaxtlar insanların ali təhsil alıb illərlə eyni sahədə çalışmaları kifayət edirdisə, bu gün artıq ənənəvi təhsil anlayışı – “ali təhsilim bitdi, işə başladım” modeli öz aktuallığını itirməkdədir. Rəqəmsallaşma, texnoloji yeniliklər, eləcə də qlobal iqtisadi dəyişikliklər göstərir ki, uğurun açarı yalnız bir diplomda deyil, daim yenilənən biliklərdə, bacarıqlardadır. Məhz bu reallıq ömürboyu təhsili müasir dövrün əsas tələblərindən birinə çevirir, insanlardan yalnız məktəb və ya ali təhsil dövründə əldə etdikləri biliklərlə kifayətlənməyi deyil, həyatları boyunca öyrənməyə açıq olmağı tələb edir.
Hazırda dünyada bilik və bacarıqların sürətlə yeniləndiyi bir şəraitdə ömürboyu təhsil anlayışı xüsusi əhəmiyyət kəsb edir. Ömürboyu təhsil insanın yalnız peşəkar fəaliyyətini deyil, düşüncə tərzini, dünyagörüşünü və həyata baxışını da dəyişir. Bu yanaşma fərdlərə dəyişən şəraitə uyğunlaşmaq, yeni iş imkanları qazanmaq, peşə dəyişməyə hazır olmaq və özünə inamı gücləndirmək imkanı yaradır.
Müasir dövr bizdən ömürboyu öyrənməni tələb edir
“Azərbaycan müəllimi” nə bununla bağlı fikirlərini bölüşən Təhsil İnsitutunun Peşə və ömürboyu təhsilin proqramları şöbəsinin müdiri Xanım Şabanova dünyanın sürətlə dəyişdiyini, dünən öyrəndiyimiz biliklərin bu gün artıq aktuallığını itirə biləcəyini söyləyir: “Belə ki, yeni peşələr yaranır, bəziləri isə tamamilə yox olur: Məhz bu səbəbdən təhsil artıq yalnız məktəb və universitetlə məhdudlaşmır. Müasir dövr bizdən ömürboyu öyrənməyi tələb edir. Bu, sadəcə diplom əldə etmək deyil, bacarıq qazanmaq, inkişaf etmək və zamana uyğunlaşmaqdır”, - deyə mütəxəssis vurğulayır.
Şöbə müdiri deyir ki, araşdırmalara görə, XXI əsrdə insanlar orta hesabla 5-7 dəfə peşəsini dəyişir. Bu səbəbdən ömürboyu təhsil artıq seçim deyil, zərurətdir.
Bu təhsil Azərbaycanda həmişə mövcud olub
Həmsöhbətimiz bildirir ki, ömürboyu təhsil Azərbaycanda həmişə mövcud olsa da, əvəllər bununla bağlı vahid hüquqi baza və sistem yox idi. 2018-ci ilə qədər Azərbaycanda ömürboyu təhsil ayrı-ayrı mexanizmlər və təcrübələr vasitəsilə həyata keçirilirdi. Məsələn,müəllimlərin, həkimlərin, dövlət qulluqçularının ixtisasartırma təlimləri, eləcə də özəl kurslar bu prosesin tərkib hissəsi idi.
2013-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində “ömürboyu təhsil” anlayışı açıq şəkildə öz əksini tapmışdır: “2018-ci ildə isə “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq olundu. Bu sənəd formal, qeyri-formal və informal yolla əldə olunan bilik, bacarıq və kompetensiyaların tanınması, eləcə də prosesin əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün əsas rol oynadı”.
Şöbə müdiri ömürboyu təhsilin yeni iş imkanları qazanmaq, peşə dəyişməyə hazır olmaq, əmək bazarında rəqabət qabiliyyətini artırmaq, şəxsi inkişaf və özünəinamı gücləndirmək kimi üstünlüklərinin olduğunu, həmçinin prosesin insanın potensialını üzə çıxardığını və onu dəyişən dünyada daha güclü etdiyini deyir.
Ömürboyu təhsilin inkişafı üçün ölkəmizdə hansı addımlar atılır?
Xanım Şabanova qeyd edir ki, ömürboyu təhsilin inkişafı üçün ölkəmizdə bir sıra mühüm addımlar atılıb: “Universitet və peşə təhsili müəssisələrinin nəzdində Ömürboyu Təhsil Mərkəzləri yaradılıb ki, burada da tələbələr karyera konsultasiyaları alır, təlim və sertifikat proqramlarında iştirak edirlər.
Rəqəmsal resursların genişləndirilməsinə diqqət artırılb. Belə ki, onlayn sertifikat proqramları və resurslarla geniş əhali təbəqələrinin təhsilə çıxışı təmin edilir. Müxtəlif sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarını yeniləmək, peşəkar inkişaflarını davam etdirmək məqsədilə İxtisasartırma və qısamüddətli kurslar təşkil olunur.
Özəl sektorla əməkdaşlıq çərçivəsində ölkəmizdə bəzi özəl şirkətlər ilə birgə proqramlar keçirilir. Bu əməkdaşlıq həm iş dünyasının real ehtiyaclarını əks etdirir, həm də iştirakçılara praktik təcrübə qazandırır.
Media və sosial şəbəkələr vasitəsilə aparılan maarifləndirmə kampaniyaları da insanları davamlı öyrənməyə təşviq edir və fərdi inkişafı stimullaşdırır”.
Xanım Şabanovanın sözlərinə görə, bütün bu tədbirlər ömürboyu təhsili yalnız məktəb, universitet ilə məhdudlaşdırmayaraq, insanlara ömürboyu yeni bilik və bacarıqlar qazanmaq, həm fərdi, həm də sosial-iqtisadi inkişafı təmin etmək imkanı verir.
Mütəxəssis effektiv ömürboyu təhsilin hər kəs üçün əlçatan, qısa, praktik, nəticəyönümlü, həmçinin əmək bazarının tələblərinə cavab verməli, eyni zamanda rəqəmsal imkanlardan istifadə və insanları öyrənməyə təşviq etməli olduğunu qeyd edir. Onun fikrincə, burada dövlət, özəl sektor və fərdi təşəbbüslər bir-birini tamamlamalıdır.
Digər ölkələrdə bu proses necə həyata keçirilir?
Xanım Şabanova qeyd edir ki, ömürboyu təhsil dünya ölkələri üçün strateji prioritetdir: “BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində 4-cü məqsəd yaşından və sosial statusundan asılı olmayaraq hər kəs üçün ömürboyu təhsil alma imkanlarını nəzərdə tutur. Məsələn, Sinqapurda “SkillsFuture” milli təşəbbüsü çərçivəsində vətəndaşlara ömürboyu təhsil və bacarıqların inkişafı üçün maliyyə dəstəyi göstərilir. Finlandiyada yetkinlik yaşına çatmış şəxslərin təxminən 50%-i hər il əlavə təlimlərdə iştirak edir. Almaniyada isə dual təhsil modeli sayəsində insanlar işləyərkən bilik və bacarıqlarını yeniləyirlər.
Bilirsiniz, ömürboyu təhsil sadəcə oxumaq deyil, həm də inkişafa açıq olmaqdır. Daim öyrənən insan dəyişikliklərdən çəkinmir, əksinə onları fürsətə çevirir. Dövlətin yaratdığı imkanlardan düzgün istifadə etmək isə hər birimizin şəxsi məsuliyyətidir”.
Öyrənən insan gələcəyini qurur
Bəli, deyilənlərdən belə qənaətə gəlmək olar ki, ömürboyu təhsil sadəcə kurslara yazılmaq deyil, dəyişikliklərə hazır olmaqdır. Daim öyrənən insan risklərdən qorxmur, onları fürsətə çevirir. Bu gün dövlət tərəfindən yaradılan imkanlardan düzgün istifadə etmək, öz üzərində işləmək və biliklərini yeniləmək hər bir fərdin şəxsin məsuliyyətinə çevrilib. Çünki ömürboyu təhsil yalnız fərdi uğurun deyil, cəmiyyətin davamlı inkişafının əsas dayaqlarından biridir. Və məhz davamlı olaraq öyrənməyi qarşısına məqsəd qoyan şəxs öz gələcəyini qurur.



