Ali təhsil müəssisələrinin qarşısında yeni çağırışlar durur - Nazir
Təhsilimiz müəyyən mənada keçid dövrünü yaşayır. Çox uzun müddət Azərbaycan ali təhsil müəssisələrinin tək vəzifəsi kadr hazırlamaq olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, uzun illər Azərbaycan ali təhsil müəssisələri elmi-tədqiqat istiqaməti üzrə işlər aparmayıb.
"Təhsilin, elmin sənayeləşməsi uzun müddət tələb edən məsələdir. Bir çox elm adamları özünə "Niyə elm kommersiyalaşmalıdır?" sualını vermir".
Nazir əlavə edib ki, biz bu yanaşmanı dəyişmək üçün qısa yollar axtarışındayıq. İnanıram ki, xaricdə təhsil üzrə həyata keçirilən layihələr bu mənada bizə yaxşı geri dönüş verəcək:
"Bizim ali təhsil müəssisələrinin qarşında yeni çağırışlar durur. Tələbələr təhsil aldığı dövrdə işaxtaran yox, artıq iş yeri yaradan şəxslər olmalıdır".
Nazir həmçinin qeyd edib ki, 3000-dən artıq insan SABAH təşəbbüsü çətiri altında müəyyən mənada artıq elmin kommersiyalaşması istiqamətində səy göstərib. Onlardan 14-ü kənardan maliyyəyə cəlb edib:
"Ümumilikdə, 8,5 milyon manat dəyərində kənardan maliyyə cəlb edə biliblər. İnanıram ki, bu istiqamətdə yaxın gələcəkdə çox işlər görüləcək. Çünki yeni gələn nəsil fərqli düşüncədədir. Onlar 4 il ali təhsil müəssisəsində mühazirə dinləyib, dərs danışmağa maraqlı deyillər. Dəyişikliklər gedir, bundan sonra da daha yaxşıya doğru olacağına inanıram", - nazir bildirib.


