Ali təhsildə süni intellektin tətbiqi: Qlobal sorğunun nəticələri 

19 Avqust, 2026 - 11:49
Ali təhsildə süni intellektin tətbiqi:

Qlobal çağırışlar dövründə süni intellekt (Sİ) ali təhsilin inkişaf istiqamətlərini sürətlə dəyişən əsas texnologiyalardan birinə çevrilib. Generativ süni intellekt alətlərinin geniş yayılması tələbələrin öyrənmə, müəllimlərin tədris və universitetlərin idarəetmə üsullarına yeni imkanlar gətirib. Bu isə akademik dürüstlük, qiymətləndirmə, müəllim hazırlığı və məzunların əmək bazarına hazırlığı ilə bağlı mühüm suallar doğurur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu dəyişikliklərin miqyasını və ali təhsildə Sİ-nin real vəziyyətini qiymətləndirmək üçün “Digital Education Council” (DEİ) beynəlxalq təşkilatı tərəfindən 2026-cı il üzrə Ali Təhsildə Süni İntellekt üzrə Qlobal Sorğu (AI in Higher Education Global Survey 2026) keçirib. Tədqiqat 35 ölkədən 45 398 respondentin, o cümlədən 27 284 tələbə və 18 114 müəllimin cavablarını əhatə edir. Hesabat ali təhsildə Sİ-dən istifadə, savadlılıq, tədrisə inteqrasiya, qiymətləndirmə, institusional hazırlıq və gələcək əmək bazarı ilə bağlı təsəvvürləri müqayisəli şəkildə araşdırır. 

Süni intellekt artıq ali təhsilin reallığıdır

Sorğunun əsas nəticələrindən biri ondan ibarətdir ki, ali təhsildə Sİ-dən istifadə artıq gələcəyin mövzusu deyil, bu günün reallığıdır. Lakin texnologiyanın geniş istifadəsi onun tədris prosesinə sistemli və pedaqoji baxımdan səmərəli inteqrasiyası demək deyil. Tələbələrin yalnız 15 faizi Sİ-nin təhsil aldıqları proqramın çoxsaylı fənlərinə inteqrasiya edildiyini bildirir. 43 faiz tələbə Sİ ilə yalnız bir neçə fəndə qarşılaşdığını, digər 43 faiz isə öz kurslarında Sİ inteqrasiyası ilə hələ rastlaşmadığını qeyd edir. Bu göstəricilər universitetlərdə Sİ-dən istifadənin sürətlə artmasına baxmayaraq, onun kurikulum səviyyəsində hələ kifayət qədər sistemli xarakter daşımadığını göstərir.

Sorğunun daha maraqlı nəticəsi isə Sİ-nin təlim nəticələrinə təsiri ilə bağlıdır. Sİ ilə qarşılaşmış tələbələrin yalnız 5 faizi bu texnologiyanın onların öyrənmə formasını tamamilə dəyişdirdiyini düşünür. Tələbələrin 28 faizi Sİ-nin anlayışı və öyrənmə nəticələrini yaxşılaşdırdığını bildirir. Bununla yanaşı, 42 faiz onun yalnız müəyyən dərəcədə faydalı olduğunu, 24 faiz isə Sİ inteqrasiyasının aydın təhsil dəyəri yaratmadığını düşünür.

Bu nəticə mühüm bir məqamı ortaya qoyur: Sİ alətinin tədris prosesinə daxil edilməsi avtomatik olaraq təhsilin keyfiyyətinin yüksəlməsi demək deyil. Əsas məsələ texnologiyanın hansı pedaqoji məqsədlə və necə tətbiq edilməsidir.

Müəllimlərin Sİ-yə hazırlığı ilə bağlı paradoks

Sorğunun diqqətçəkən nəticələrindən biri tələbələrin müəllimlərin Sİ üzrə hazırlığına münasibətidir. Qlobal miqyasda tələbələrin yalnız 29 faizi müəllimlərinin Sİ-dən istifadə ilə bağlı onlara düzgün istiqamət vermək üçün kifayət qədər hazırlıqlı olduğunu düşünür. Eyni zamanda, müəllimlərin 64 faizi müəyyən formada Sİ savadlılığı təlimində iştirak etdiyini bildirib. Başqa sözlə, müəllimlərin təlim alması ilə tələbələrin onların hazırlığını necə qiymətləndirməsi arasında ciddi fərq mövcuddur. 
Bu vəziyyət göstərir ki, müəllim üçün sadəcə Sİ alətlərindən istifadə etməyi öyrənmək kifayət deyil. Müəllim həm də tələbələrə Sİ-nin etik və məsuliyyətli istifadəsini izah etməli, onun yaratdığı məlumatların etibarlılığını qiymətləndirməli, düzgün sorğu hazırlamağı və Sİ nəticələrini tənqidi təhlil etməyi öyrətməlidir. Deməli, universitetlərin müəllim inkişafı proqramlarında texniki Sİ bacarıqları ilə yanaşı pedaqoji və etik Sİ savadlılığı da əsas yer tutmalıdır.

Qiymətləndirmə sistemi dəyişiklik tələb edir 

Sİ-nin geniş yayılması ali təhsildə ən çox qiymətləndirmə sisteminə təsir göstərir. Tələbələrin yalnız 28 faizi qiymətləndirmələrin əksəriyyətinin və ya böyük hissəsinin Sİ-dən istifadə olunan gələcək iş mühitində tələb ediləcək bacarıq, iş üsulu və mühakimə qabiliyyətlərini əks etdirdiyini düşünür. Qalan 72 faiz tələbə qiymətləndirmələrində belə uyğunluğun ardıcıl şəkildə olmadığını bildirir. Onların 35 faizi yalnız bəzi qiymətləndirmələrin gələcək əmək bazarının tələblərinə uyğun olduğunu, 37 faizi isə belə qiymətləndirmələrin çox az olduğunu və ya ümumiyyətlə olmadığını qeyd edir.

Bu nəticə universitetlər qarşısında prinsipial sual qoyur: Sİ-nin asanlıqla yerinə yetirə bildiyi tapşırıqları tələbələrdən tələb etmək nə dərəcədə məqsədəuyğundur?

Ənənəvi esse, standart ev tapşırığı və reproduktiv xarakterli yazılı tapşırıqların bir hissəsi artıq Sİ alətləri tərəfindən yerinə yetirilə bilir. Buna görə də gələcəyin qiymətləndirmə sistemi tələbənin yalnız məlumatı təkrarlamasını deyil, analitik düşünmə, yaradıcı problem həlli, qərarvermə, əməkdaşlıq, kommunikasiya və əldə olunan Sİ nəticəsini qiymətləndirmə qabiliyyətini ölçməlidir.

Akademik dürüstlük və etimad problemi

Sİ-nin ali təhsildə yayılması akademik dürüstlüklə bağlı narahatlıqları da gücləndirib. Sorğuda tələbələrin 60 faizi digər tələbələrin Sİ-dən ədalətsiz üstünlük əldə etmək məqsədilə istifadə etməsindən narahat olduğunu bildirib. ABŞ və Kanadada bu göstərici 73 faizə yüksəlir.  Diqqət çəkən məqam odur ki, problem yalnız “tələbə Sİ-dən istifadə edib, yoxsa yox?” sualı ilə məhdudlaşmır. Əsas məsələ Sİ-dən istifadənin hansı şərtlərdə ədalətli və akademik baxımdan məqbul olmasıdır. Buna görə universitetlər yalnız qadağalar tətbiq etməklə kifayətlənməməlidirlər. Aydın qaydalar müəyyən edilməli, hansı tapşırıqlarda Sİ istifadəsinə icazə verildiyi, hansı hallarda istifadənin açıqlanmalı olduğu və tələbənin öz töhfəsinin necə qiymətləndiriləcəyi izah edilməlidir.

Regionlar arasında münasibət fərqləri

Sorğu Sİ-yə münasibətin bütün dünyada eyni olmadığını da göstərir. Xüsusilə Asiya-Sakit okean regionu (APAC) ilə ABŞ və Kanada arasında ciddi fərqlər müşahidə edilir. APAC regionunda müəllimlərin 57 faizi Sİ-nin öyrənməni daha effektiv və əlçatan edə biləcəyinə inanaraq texnologiyaya nikbin yanaşır. ABŞ və Kanadada isə bu fikri bölüşən müəllimlərin payı yalnız 26 faizdir.
Əksinə, ABŞ və Kanadada müəllimlərin 55 faizi Sİ-nin insanın intellektual inkişafı üçün ciddi risk yaratdığını düşünür. APAC regionunda bu göstərici 29 faizdir. ABŞ və Kanadadakı tələbələrin 43 faizi isə universitet səviyyəsində Sİ-yə tam qadağa qoyulmasını dəstəkləyəcəyini bildirir. Bu fərqlər göstərir ki, universitetlərin Sİ siyasəti vahid və hər yerdə eyni model əsasında qurula bilməz. Ölkənin texnoloji mühiti, əmək bazarı, təhsil mədəniyyəti və institusional prioritetləri nəzərə alınmalıdır.

Sİ və gələcəyin əmək bazarı

Sorğunun digər mühüm nəticəsi tələbələrin gələcək məşğulluq perspektivləri ilə bağlı narahatlığıdır. Qlobal miqyasda tələbələrin 41 faizi məzun olduqları vaxta qədər Sİ-nin onların seçdikləri sahədə iş imkanlarını azalda biləcəyindən narahatdır.
Bu narahatlıq APAC regionunda daha yüksəkdir və 50 faizə çatır. Eyni regionda müəllimlərin 43 faizi tələbələr məzun olana qədər onların tədris etdiyi biliklərin bir hissəsinin köhnələ biləcəyini düşünür. Bu nəticələr universitetlərin missiyasına yeni tələb irəli sürür. Universitet yalnız mövcud peşələr üçün kadr hazırlayan müəssisə deyil, həm də sürətlə dəyişən əmək bazarında öyrənmə qabiliyyətinə malik məzunlar yetişdirən qurum olmalıdır.

Bu baxımdan tələbələrə yalnız konkret Sİ alətlərindən istifadəni öyrətmək kifayət deyil. Onlara Sİ savadlılığı, məlumatın yoxlanılması, tənqidi düşüncə, problem həlli və Sİ ilə əməkdaşlıq bacarıqları aşılanmalıdır.

Sorğudan hansı nəticələr çıxarmaq olar?

Qlobal sorğunun nəticələri universitetlər üçün də bir sıra mühüm istiqamətlər müəyyənləşdirir.
Birincisi, universitetlər Sİ-dən istifadəni yalnız qadağa və ya icazə məsələsi kimi deyil, institusional strategiyanın bir hissəsi kimi nəzərdən keçirməlidirlər.

İkincisi, bütün tələbə və müəllimlər üçün baza səviyyəsində Sİ savadlılığı proqramları hazırlanmalıdır. Bu proqramlar alətlərin texniki istifadəsi ilə yanaşı etik məsələləri, məlumat təhlükəsizliyini, müəllif hüquqlarını, akademik dürüstlüyü və Sİ nəticələrinin yoxlanılmasını əhatə etməlidir.

Üçüncüsü, qiymətləndirmə sistemi yenidən nəzərdən keçirilməlidir. Tələbənin Sİ-dən istifadə etməsinə sadəcə mane olmaq əvəzinə, Sİ ilə və Sİ-yə qarşı tənqidi düşünmə qabiliyyətini ölçən qiymətləndirmə modelləri hazırlanmalıdır.

Dördüncüsü, müəllimlərin peşəkar inkişafına investisiya artırılmalıdır. Sorğunun göstərdiyi kimi, müəllimlərin təlim keçməsi vacib olsa da, bu təlim tələbələrin real ehtiyaclarını qarşılayacaq səviyyədə pedaqoji istiqamətləndirməyə çevrilməlidir.

Nəhayət, universitetlər tələbələri gələcəyin əmək bazarına hazırlamaq üçün kurikulumlarını mütəmadi yeniləməlidirlər. Sİ-nin müəyyən peşələrdə hansı vəzifələri dəyişdirəcəyi, hansı yeni bacarıqları tələb edəcəyi və insanla Sİ arasında əməkdaşlığın necə qurulacağı təhsil proqramlarının hazırlanmasında nəzərə alınmalıdır.

Nəticə etibarı ilə Qlobal Sorğunun əsas mesajı ondan ibarətdir ki, problem artıq Sİ-nin ali təhsilə daxil olub-olmaması deyil; əsas məsələ onun necə inteqrasiya edilməsidir. Sorğu bir tərəfdən Sİ-nin tələbələr və müəllimlər arasında geniş yayıldığını, digər tərəfdən isə onun tədrisə inteqrasiyasının, müəllim hazırlığının və qiymətləndirmə sistemlərinin bu sürətə tam uyğunlaşmadığını göstərir. Tələbələrin yalnız 29 faizinin müəllimlərini Sİ üzrə istiqamət verməyə hazır hesab etməsi və yalnız 28 faizinin qiymətləndirmələrin gələcək əmək bazarının tələblərinə uyğun olduğunu düşünməsi bu boşluğun miqyasını nümayiş etdirir. 
Beləliklə, ali təhsilin qarşısında duran əsas vəzifə Sİ-ni nə kor-koranə qəbul və ya  sadəcə qadağan etmək deyil. Əsas vəzifə insan mərkəzli, etik, pedaqoji baxımdan əsaslandırılmış və gələcəyin əmək bazarına uyğun Sİ inteqrasiyası modeli yaratmaqdır. 2026-cı ilin qlobal sorğusu universitetlərə aydın mesaj verir: Sİ dövründə rəqabət üstünlüyü texnologiyaya sahib olmaqdan deyil, ondan daha yaxşı öyrənmək, öyrətmək və düşünmək üçün istifadə etmək bacarığından yaranacaq.

Mənbə: “Digital Education Council”, (AI in Higher Education Global Survey 2026)