Avstraliyada universitetlərdə köçürmə halları ilə bağlı yeni qaydalar olacaq
Avstraliyada ali təhsil müəssisələri süni intellektin yaratdığı yeni risklər və akademik köçürmə halları ilə bağlı qaydaları sərtləşdirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, "Tertiary Education Quality and Standards Agency" (TEQSA) tərəfindən 2026-2030-cu illər üçün hazırlanan strateji planda generativ süni intellekt, kommersiya xarakterli köçürmə xidmətləri, fayl paylaşım platformaları və yeni rəqəmsal texnologiyaların akademik dürüstlük üçün yaratdığı risklər əsas məsələlər sırasında göstərilib.
TEQSA süni intellektin tədris, öyrənmə və qiymətləndirməyə təsirini nəzərə alaraq Akademik Dürüstlük Alət Dəstini yeniləyib. Yeni bölmələrdə qiymətləndirmənin hazırlanması və təhlükəsizliyi, eləcə də generativ süni intellektin akademik dürüstlüyə yaratdığı risklərə diqqət yetirilib.
Qurumun yeni yanaşmasına görə, tələbələr süni intellekt alətlərindən istifadə etməklə yanaşı, onlardan etik və məsuliyyətli şəkildə yararlanmağı da öyrənməlidirlər. Bu məqsədlə TEQSA süni intellektin geniş yayıldığı təhsil mühitində keyfiyyətli öyrənmənin təmin olunmasına dair ayrıca metodik resurs da hazırlayıb.
Akademik köçürmə də universitetlərin qarşısında duran əsas problemlərdən biri kimi göstərilib. Kommersiya xarakterli köçürmə xidmətləri ilə yanaşı, fayl paylaşım platformaları, ağıllı saatlar və digər elektron cihaz və rəqəmsal vasitələrin tələbələrin qiymətləndirmə prosesinə qanunsuz müdaxiləsini asanlaşdıra biləcəyi vurğulanıb. Bu səbəbdən ali təhsil müəssisələrindən qiymətləndirmə sistemlərini və akademik dürüstlük mexanizmlərini yeni texnologiyaların yaratdığı risklərə uyğunlaşdırmaq tələb olunur.
Qeyd edək ki, TEQSA Avstraliyada ali təhsilin keyfiyyətini və standartlarını tənzimləyən qurumdur. Qurumun 2026-2030-cu illər üçün hazırladığı strateji planda süni intellekt və akademik dürüstlüklə yanaşı, kibertəhlükəsizlik, informasiya idarəetməsi və universitetlərin maliyyə dayanıqlılığı da əsas prioritetlər sırasında yer alıb.




