Atasının arzusu ilə böyüyən çempion: “Onun xəyalını gerçəkləşdirmək istəyirəm”
"Azərbaycan müəllimi"nin budəfəki həmsöhbəti Masallı rayonu Ərkivan qəsəbəsi Bağlaküçə kənd 3 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Aqil Abbasovdur. Yaşının az olmasına baxmayaraq, artıq idman aləmində qazandığı uğurlarla diqqət çəkən Aqil Məktəblilərarası Respublika İdman Olimpiadasında (MRİO) 38 kq çəki dərəcəsində mübarizə apararaq qazandığı qızıl medalla həm məktəbinin, həm də rayonunun idman nailiyyətlərinə yeni uğur əlavə edib. Lakin gənc pəhləvan üçün bu qələbə yalnız başlanğıcdır. Qarşısında daha böyük hədəflər var – Avropa, dünya və Olimpiya çempionu olmaq.
Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan Aqilin idmana yolu hələ 7 yaşından başlayıb. Uşaqlıqdan güləşə böyük maraq göstərən məktəbli qısa müddətdə bu idman növünü həyatının ayrılmaz hissəsinə çevirib. O, güləş növləri arasında yunan-Roma güləşinə üstünlük verib və bütün diqqətini bu istiqamətdə inkişaf etməyə yönəldib.
Gənc idmançının idmana gəlişində ailəsinin, xüsusilə atasının rolu böyük olub. Vaxtilə özü də güləşlə məşğul olan atası oğlunda bu idman növünə sevgi yaradıb. Bu gün Aqilin ən böyük motivasiyalarından biri də atasının reallaşmayan arzularını gerçəkləşdirməkdir.
“İdmana gəlməyimdə ən böyük rol atamın olub. Atam vaxtilə güləşlə məşğul olub, bu idman növünü çox sevib. O, Avropa, dünya və Olimpiya çempionu ola bilməyib. Mən isə onun arzularını həyata keçirmək, gələcəkdə ölkəmi beynəlxalq arenalarda layiqincə təmsil etmək istəyirəm”, – deyə Aqil bildirir.
İdmanla yanaşı, təhsilinə də məsuliyyətlə yanaşan məktəbli ən çox riyaziyyat fənnini sevdiyini deyir. Onun fikrincə, idmançı üçün fiziki hazırlıq qədər intizamlı olmaq, düşünmək və öyrənmək də vacibdir.
Bu gün qızıl medal qazanan Aqil Abbasov sabah Azərbaycanın bayrağını Avropa, dünya və Olimpiya arenalarında yüksəklərə qaldırmağı qarşısına məqsəd qoyub. O, öz uğurlarını yalnız şəxsi nailiyyət kimi deyil, həm də ailəsinin, müəllimlərinin və ölkəsinin etimadını doğrultmaq üçün bir məsuliyyət kimi qəbul edir.
Yaşıdlarına müraciət edən gənc pəhləvan onları idmanla məşğul olmağa, sağlam həyat tərzi seçməyə və daim öz üzərlərində çalışmağa çağırır:
“İstəyirəm ki, bütün uşaqlar idmanla məşğul olsunlar. Həvəslə çalışsınlar, məqsədlərindən dönməsinlər. Uğur qazanmaq üçün zəhmət çəkmək lazımdır. Mən bütün yaşıdlarıma uğurlar arzulayıram”.
Qarşısında uzun və məsuliyyətli yol olsa da, Aqil Abbasovun baxışları gələcəyə yönəlib. Bu gün məktəbli idmançı kimi qazandığı uğurlar onun böyük hədəflərə doğru inamla addımladığını göstərir. Əzmi, zəhmətsevərliyi və qalibiyyət ruhu isə gələcək qələbələrinin əsas təminatıdır.




