Avstraliya xarici tələbələr üçün viza haqlarını kəskin artırıb
Avstraliya hökuməti xarici tələbələr üçün viza haqlarını, eləcə də məzunların təhsildən sonrakı iş vizası üçün müraciət haqlarını əhəmiyyətli dərəcədə artırıb.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, ali və peşə təhsili (VET) almaq istəyən əcnəbilərin tələbə vizası (Subclass 500) üçün müraciət haqqı 2 min Avstraliya dollarından 2,5 min Avstraliya dollarına yüksəldilib. Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) ölkələrindən olan tələbələr üçün isə bu məbləğ 2 050 Avstraliya dolları müəyyən edilib.
İngilis dili kurslarında (ELICOS) təhsil almaq istəyənlər üçün viza haqqı 2 050 Avstraliya dollarına, məzun olduqdan sonra işləməyə imkan verən müvəqqəti məzun vizası (Subclass 485) üçün isə 4 600 dollardan 5 750 dollara çatdırılıb. Həmçinin tərəfdaş vizalarının rüsumu da 9 365 dollardan 11 710 dollara qaldırılıb.
Məlumata görə, hazırda Avstraliyada tələbə vizasının qiyməti təxminən 2,5 min Avstraliya dollarıdır. Müqayisə üçün qeyd edək ki, bu göstərici Böyük Britaniyada təxminən 935, Yeni Zelandiyada 790, ABŞ-da 775, Kanadada isə 240 Avstraliya dollardır.
Son dörd ildə Avstraliyada tələbə vizası rüsumları 285 faiz, təhsildən sonrakı iş vizalarının ödənişləri isə 148 faiz artıb. Eyni dövrdə Kanada və ABŞ-də tələbə vizalarının qiymətləri demək olar ki, dəyişməyib, Böyük Britaniyada isə artım nisbətən az olub.
Beynəlxalq Təhsil Assosiasiyasının (IEAA) rəhbəri Fil Hanivud isə qərarın əvvəlcədən məsləhətləşmələr aparılmadan qəbul edildiyini qeyd edərək Avstraliyanın rəqib ölkələrinin bundan faydalanacağını bildirib.




