Azay Quliyev: “Vahid məktəbli formasının tətbiqi kiminsə dini inancına qarşı yönəlməyib”

13 Oktyabr, 2026 - 19:39
Azay Quliyev: “Vahid məktəbli formasının tətbiqi kiminsə dini inancına qarşı yönəlməyib”

“Vahid məktəbli formasının tətbiqi Azərbaycanın konstitusion əsaslarına, dünyəvi dövlət və təhsil prinsiplərinə uyğun yanaşmadır”.

Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.

“Təəssüf ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən bu qərarı qəsdən dinə və ya dini inanclı insanlara qarşı yönəlmiş addım kimi təqdim etməyə çalışan qüvvələr var. Bəzi dairələrin bu həssas mövzudan istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa və dövlət siyasətinə qarşı narazılıq formalaşdırmağa çalışması qətiyyən qəbuledilməzdir.

Bu məsələdə müəyyən xarici dairələrin açıq şəkildə təxribatçı çağırışlarının şahidi oluruq. Məktəblərin birində dini-ideoloji təsiri əks etdirən şüarların səsləndirilməsi, məktəbin qapı və pəncərələrinin sındırılması və zorakı üsullara əl atılması kimi hallar isə məsələnin sadəcə geyimlə bağlı olmadığını sübut edir.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda dövlət siyasəti və dövlət institutları dinə və dini inanclara qarşı yönəlməyib. Əksinə, dövlətimiz milli-mənəvi və dini dəyərlərimizin qorunmasına xüsusi önəm verir. Cənab Prezidentin bu yaxınlarda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərini qəbul edərkən etdiyi çıxışı, yəqin ki, müəllimlərimiz yaxşı xatırlayırlar. Həmin çıxışda İslam həmrəyliyinin və birliyinin əhəmiyyəti, dini və mənəvi dəyərlərimizin yad təsirlərdən qorunmasının vacibliyi bir daha vurğulanmışdı. Bu mövqe parçalanma və qütbləşmə meyillərinin gücləndiyi İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş mühüm çağırışdır”.

Deputat qeyd edib ki, digər tərəfdən, azyaşlı uşaqların dünyagörüşünün və şəxsiyyətinin formalaşmasının özünəməxsus yaş dövrü var.

“Vahid məktəbli formasının tətbiqi kiminsə dini inancına qarşı yönəlməyib. Burada əsas məqsəd məktəbdə bütün uşaqlar üçün ortaq, bərabər və dünyəvi təhsil mühitini qorumaqdır. Müəllimlər üçün işgüzar geyim tələbləri də eyni yanaşmanın tərkib hissəsi kimi peşəkarlığı, məsuliyyəti və təhsil müəssisəsinə hörməti ifadə edir. Çünki müəllimlərimiz hər zaman şagirdlər üçün nümunə olublar, bəzən onların idealları kimi çıxış ediblər. Biz Konstitusiyanın tələblərinə mütləq əməl etməli və işgüzar geyim qaydalarını tətbiq etməliyik.

Geyim kodeksinə riayət olunması həm də məktəb-valideyn əməkdaşlığının güclənməsini tələb edir. Bu mənada, vahid məktəbli geyimi sadəcə xarici görünüş məsələsi deyil, həm də təhsil fəlsəfəsi, sosial adaptasiya və məktəb mədəniyyəti ilə bağlı məsələdir. Məktəbdaxili nizam-intizam qaydalarına əməl etmək həm şagirdlərin, həm valideynlərin, həm də müəllimlərin ortaq məsuliyyətidir”.

A.Quliyev hesab edir ki, bu məsələdə dövlət siyasətinin mahiyyəti hamıya aydındır: dövlətimizin konstitusion quruluşuna və qanunvericiliyinə hörmət etmək, müəyyən edilmiş qaydalara əməl etmək, dünyəvi və inklüziv təhsil mühitini qorumaq, yüksək bilikli vətəndaşlar yetişdirmək.

“Bir də unutmamalıyıq ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, möhkəm milli birliyə və siyasi həmrəyliyə nail olmuş Azərbaycan xalqının bu nailiyyətlərini zəiflətməyə, cəmiyyətdə süni nifaq toxumu səpməyə çalışan qüvvələr də var. Bu baxımdan, milli birliyimizin, ictimai sabitliyimizin və dövlətçiliyimizin qorunması hamımızın ortaq vəzifəsidir. Bu həssas mövzudan sui-istifadə edərək cəmiyyətdə süni qarşıdurma yaratmaq istəyənlərə imkan verməməliyik.

Əgər vahid geyim konsepsiyasının ayrı-ayrı elementləri üzrə istisnalara yol verilərsə və kiməsə müəyyən edilmiş qaydalardan kənara çıxmaq imkanı yaradılarsa, o zaman vahidliyin və bərabərliyin qorunması mümkünsüz olar. Buna görə də məktəbdə inklüzivliyin, birliyin, bərabərliyin və həmrəyliyin qorunması, şagirdlərin diqqətinin xarici görünüşə deyil, dərsə, biliyə və şəxsi inkişafa yönəldilməsi üçün vahid geyim forması vacibdir. Məqsədimiz uşaqların özlərini məktəb kollektivinin ayrılmaz hissəsi kimi hiss etmələrinə, bərabər imkanlar şəraitində təhsil almalarına və gələcəkdə savadlı, məsuliyyətli, dövlətinə və xalqına layiq vətəndaşlar kimi yetişmələrinə nail olmaqdır”.

Müəllimlərin fədakar əməyini yüksək qiymətləndirən Azay Quliyev qeyd edib ki, həyatda əldə etdiyimiz uğurların arxasında, ilk növbədə, müəllimlərimizin əməyi, zəhməti və bizə aşıladıqları biliklər dayanır.

“Müəllimlik yalnız peşə deyil, həm də böyük məsuliyyət və mənəvi missiyadır.

Əminəm ki, müəllimlərimiz dövlətimizin xoş niyyətinə əsaslanan, təhsilin dünyəvilik, bərabərlik və inklüzivlik prinsiplərinin qorunmasına xidmət edən bu yanaşmaya anlayışla yanaşacaq, məktəblərdə müəyyən edilmiş qaydalara əməl olunmasına öz töhfələrini verəcəklər. Eyni zamanda, bu həssas məsələdən sui-istifadə edərək dövlətimizə və cəmiyyətimizə qarşı yönəlmiş məqsədlər güdən qüvvələrə fürsət verməyəcəklər.

Müəllimlərimizin üzərinə düşən şərəfli missiya gələcəyimizin etibarlı təməllərini qurmaqdır. Bu missiyanın uğurla həyata keçirilməsi üçün məktəbdə sağlam, nizam-intizamlı, bərabər və dünyəvi təhsil mühitinin qorunması hamımızın ümumi məsuliyyətidir”.