“Tələbələri eyni ideyalar ətrafında birləşdirmək istəyirik” – İrlandiyada çalışan azərbaycanlı

6 Oktyabr, 2026 - 15:00
“Tələbələri eyni ideyalar ətrafında birləşdirmək istəyirik”

Universitetlər yalnız təhsil və elmi tədqiqat məkanı deyil, həm də yeni ideyaların yarandığı, tələbələrin onları sınaqdan keçirdiyi və real layihələrə çevirdiyi mühitdir. Dünyanın müxtəlif ali təhsil müəssisələrində tələbə sahibkarlığının inkişafı üçün inkubasiya və akselerasiya proqramları, hakatonlar, mentorluq imkanları və universitetlərarası əməkdaşlıq modelləri formalaşdırılır.

Bu istiqamətdə fəaliyyət göstərən azərbaycanlılardan biri də hazırda İrlandiyada yaşayan Zaur Səmədov-Ünsizadədir. O, Dublin Triniti Kollecinin (Trinity College Dublin) müəllimi, tələbə sahibkarlığı üzrə proqram meneceri, İrlandiya universitetlərində tələbələrin innovasiya imkanlarına çıxışını genişləndirməyi hədəfləyən “OpenIncubator.ie” platformasının yaradıcısıdır. Müsahibimiz tələbə sahibkarlığı və innovasiya sahəsindəki fəaliyyətinə görə “İlin universitet lideri” mükafatına da layiq görülüb.

“Azərbaycan müəllimi” qəzeti Zaur Səmədov-Ünsizadə ilə onun Azərbaycandan İrlandiyaya uzanan peşəkar yolu, universitetlərdə tələbə sahibkarlığının təşviqi, “OpenIncubator.ie” platformasının fəaliyyəti və Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri barədə həmsöhbət olub. 

“Sahibkarlıq və innovasiya sahəsində fəaliyyətim Azərbaycanda başlayıb”

- Əvvəlcə özünüz, təhsil yolunuz və Dublin Triniti Kollecindəki fəaliyyətiniz barədə məlumat verərdiniz. Tələbə sahibkarlığı və innovasiya sahəsinə marağınız necə formalaşıb? 

- İlk ali təhsilimi tərcümə və interpretasiya sahəsində almışam, daha sonra MBA dərəcəsi əldə etmişəm. 2015-ci ildən  startap, sahibkarlıq və innovasiya sahəsinə maraq göstərməyə və bu istiqamətdə peşəkar fəaliyyətə başlamışam.
Sahibkarlıq ekosistemində ilk ciddi təcrübəm “Coca-Cola Foundation” tərəfindən dəstəklənən “Youth Inc.” Sahibkarlıq Mərkəzi ilə başlayıb. Əvvəlcə mərkəzə könüllü olaraq qoşulmuş, qısa müddət ərzində proqramların koordinasiyasında daha aktiv rol almağa başlamış və sonradan mərkəzin idarəçiliyinə keçmişəm. Burada sahibkarlıq proqramlarının hazırlanması, startapların dəstəklənməsi, dövlət, özəl sektor və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması istiqamətində çalışmışam.

Bu dövrdə həyata keçirdiyimiz ən böyük təşəbbüslərdən biri “New Generation” sahibkarlıq proqramı olub. Proqram çərçivəsində Azərbaycanın dörd iqtisadi regionunda 2 000-dən çox gənclə işləyərək sahibkarlıq və innovasiya mövzularında müxtəlif fəaliyyətlər həyata keçirmişik.

Sahibkarlığa marağım yalnız proqramların idarə olunması ilə məhdudlaşmayıb. 2018-ci ildə “CHEVIR” adlı startapın həmtəsisçilərindən biri olmuşam. Layihənin əsas ideyası rəngləri səsə, səsləri isə rəngə transformasiya edə biləcək texnologiyanın yaradılması idi. Layihə “Kaspersky Award” mükafatına layiq görülmüşdü. Startap texniki imkanların məhdudluğu səbəbindən tam reallaşmasa da, təsisçi kimi qazandığım bu təcrübə sonrakı illərdə startaplarla işləməyimə və sahibkarların qarşılaşdığı problemləri daha yaxşı anlamağıma ciddi təsir göstərib.

Sonrakı dövrdə qadın sahibkarların dəstəklənməsinə yönəlmiş “WE Award” təşəbbüsünün yaradılmasında, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi (UNDP Azerbaijan) ilə əməkdaşlıq çərçivəsində xüsusi ehtiyacları olan şəxslərin qarşılaşdığı problemlərə innovativ həllərin hazırlanmasına yönəlmiş inklüzivlik hakatonunun təşkilində iştirak etmişəm.

Peşəkar fəaliyyətimin növbəti mərhələsində Azərbaycanın ilk biznes inkubatorlarından biri olan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin idarə olunmasını üzərimə götürmüşəm. Eyni zamanda, Azərbaycan İnnovasiyalar Agentliyində startapların dəstəklənməsi və akselerasiya istiqamətində çalışmışam. İnnovasiya ekosisteminin inkişafı, akselerasiya və inkubasiya proqramlarının hazırlanması, regionlarda sahibkarlığın təşviqi, universitetlərdə innovasiya və sahibkarlıq imkanlarının gücləndirilməsi və beynəlxalq əməkdaşlıq fəaliyyətimin əsas istiqamətləri olub.

Beynəlxalq təcrübə də fəaliyyətimin mühüm hissəsini təşkil edib. İsraildə MASHAV və “Singapore Cooperation Programme” çərçivəsində inkişaf etməkdə olan bazarlarda akselerasiya proqramlarının idarə olunması üzrə təlim keçmişəm. Müxtəlif dövrlərdə “Draper University” və digər beynəlxalq sahibkarlıq ekosistemləri ilə əməkdaşlıq etmişəm.

2020-ci ildə isə həmkarımla birlikdə beynəlxalq bazarda az təmsil olunan sahibkarların biznes inkişafını dəstəkləmək məqsədilə SCALEINK platformasını yaratmışıq.

2021-ci ildən təhsilimi davam etdirmək üçün Dublinə köçərək burada Dublin Triniti Kollecində sahibkarlıq və innovasiya üzrə magistratura təhsilinə başlamışam. Magistraturanı başa vurduqdan sonra Triniti Biznes Məktəbində fəaliyyətimi davam etdirmişəm. Hazırda tələbə sahibkarlığının inkişafı, sahibkarlıq və akselerasiya proqramlarının hazırlanması və idarə olunması, startap və tələbə sahibkarların dəstəklənməsi, mentorluq və ekosistem əməkdaşlıqlarının qurulması istiqamətində çalışıram. 

- “OpenIncubator.ie” platformasını yaratmaq ideyası hansı ehtiyacdan yarandı? 

- “OpenIncubator” ideyası Dublin Triniti Kollecində tələbə sahibkarlığı proqramlarını idarə edərkən qarşılaşdığımız çox praktik bir problemdən yarandı.

Triniti tələbələri üçün il ərzində müxtəlif hakatonlar, ideya və innovasiya proqramları keçirirdik. Bu proqramlardan çox maraqlı ideyalar ortaya çıxırdı və onların müəyyən hissəsi daha sonra universitetimizin əsas akselerasiya proqramı olan “LaunchBox”a müraciət edirdi.

Amma burada bir boşluq gördük. “LaunchBox” kimi intensiv akselerasiya proqramının imkanları təbii olaraq məhduddur. Məsələn, proqramda təxminən on komanda seçilərək maliyyə dəstəyi və intensiv akselerasiya imkanı əldə edə bilir. Halbuki seçimdən kənarda qalan komandalar arasında da inkişaf potensialı olan çox yaxşı ideyalar olurdu. Beləliklə, özümüzə sadə bir sual verdik: bəs qalan tələbələrə nə olur?

Onların bəziləri ideyalarını davam etdirirdi, amma bir hissəsi üçün növbəti addım aydın olmurdu. Biz də müəyyən mərhələdən sonra həmin layihələri izləmək və onlarla əlaqəni davam etdirmək imkanını itirirdik. Anladıq ki, hakatondan böyük akselerasiya proqramına qədər olan yolun arasında daha açıq, davamlı və əlçatan dəstək mexanizminə ehtiyac var.

Məsələyə Trinitidən kənarda, İrlandiyanın universitet sistemi səviyyəsində baxdıqda problemin daha geniş olduğunu gördük. İrlandiyanın innovasiya ekosistemi kifayət qədər zəngindir, amma eyni zamanda parçalanmış və qeyri-bərabərdir. Resurslar universitetlər arasında eyni şəkildə paylanmayıb.

Bir universitetdə tələbə innovasiyasına cavabdeh tam ştatlı əməkdaş və ayrıca sahibkarlıq strukturu ola bilər. Digərində isə eyni işi öz əsas akademik fəaliyyətinə əlavə olaraq bir müəllim və ya kiçik komanda həyata keçirə bilər. Nəticədə tələbənin sahibkarlıq və innovasiya sahəsində əldə etdiyi imkanlar bəzən onun potensialından çox hansı universitetdə oxumasından asılı olur.

Digər məsələ tələbənin bu ekosistemdə necə hərəkət etməli olduğunu bilməməsidir. Müxtəlif universitetlərdə proqramlar, fondlar, mentorlar, inkubatorlar və başqa imkanlar mövcuddur, amma tələbə çox vaxt haradan başlamalı, ideyasının hansı mərhələsində hansı proqrama müraciət etməli olduğunu və bir proqram bitdikdən sonra növbəti addımının nə olacağını bilmir.

“OpenIncubator” bu boşluqları bir-birinə bağlamaq cəhdindən yarandı. Məqsədimiz mövcud strukturları əvəz etmək deyil, universitetlərdə artıq mövcud olan imkanları bir-biri ilə əlaqələndirmək və tələbə üçün daha aydın innovasiya yolu yaratmaqdır. 

“Universitetlərdə böyük yaradıcı potensial var” 

- Bəs platforma konkret olaraq kimlər üçün nəzərdə tutulub və tələbələrə hansı imkanları təqdim edir? 

- “OpenIncubator”un əsas məqsədi sahibkarlıq və innovasiya imkanlarını demokratikləşdirmək və onları yalnız artıq startap ideyası ilə məhdudlaşdırmamaqdır. Bizim üçün vacib olan odur ki, tələbə hansı universitetdə və hansı ixtisasda təhsil almasından asılı olmayaraq, innovasiya ekosisteminə daxil olmaq üçün başlanğıc nöqtəni tapa bilsin.

Biz üç fərqli qrupla işləməyə çalışırıq: artıq müəyyən ideyası və ya ilkin məhsulu olan tələbələr; ideyası olan, amma onu necə inkişaf etdirəcəyini bilməyənlər; hələ heç bir ideyası olmayan, hətta özünü sahibkar və ya innovator kimi təsəvvür etməyən tələbələr.

Sonuncu qrup bizim üçün xüsusilə maraqlıdır. Çünki universitetlərdə çox böyük yaradıcı potensial məhz ənənəvi sahibkarlıq proqramlarına heç vaxt müraciət etməyən tələbələr arasında ola bilər.

“OpenIncubator” vasitəsilə tələbələr müxtəlif sahibkarlıq və innovasiya resurslarına, vorkşoplara, hakatonlara, innovasiya çağırışlarına, mentorluğa, ideyanın inkişafı üçün alətlərə və sonrakı mərhələdə akselerasiya imkanlarına çıxış əldə edə bilirlər.

“Zaur AI” kimi süni intellekt əsaslı mentorluq alətini də ona görə yaratmışıq ki, tələbə ilkin mərhələdə haradan başlamalı olduğunu bilmədikdə belə müəyyən istiqamət ala bilsin.

Bizim üçün sahibkarlığın yalnız biznes məktəblərində və texnologiya sahələrində inkişaf etdirilməsi kifayət deyil. Humanitar və sosial elmlər, incəsənət, səhiyyə və digər sahələrdən gələn tələbələrin innovasiya prosesində iştirakı xüsusilə vacibdir.

Çünki innovasiyanı yalnız texniki baxımdan mümkünlüyünü və maliyyə səmərəliliyini qiymətləndirmək bəzən kifayət etmir. Xüsusilə bugünkü daha mürəkkəb və qütbləşmiş dünyada yaradılan həllin etik nəticələri, sosial məsuliyyəti, mədəni konteksti və cəmiyyətə təsiri də nəzərə alınmalıdır. Mən hesab edirəm ki, məhz humanitar elmlər və incəsənət sahələrindən gələn insanlar innovasiya prosesinə bu əlavə baxışı gətirə bilərlər. 

Universitetlər innovasiyanın əsas dayaqlarından birinə çevrilir

- İrlandiyada universitetlər tələbələrin ideyalarının real layihəyə və ya startapa çevrilməsini necə dəstəkləyir? Dublin Triniti Kollecinin təcrübəsində hansı yanaşmaları fərqləndirərdiniz? 

- İrlandiyada universitetlərin sahibkarlıq və innovasiya ekosistemində kifayət qədər mühüm rolu var. Tələbənin ilkin ideyasından başlayaraq onun test edilməsi, komandanın formalaşdırılması, mentorluq, prototipləşdirmə, daha sonra akselerasiya və maliyyələşmə mərhələsinə qədər müxtəlif dəstək mexanizmləri mövcuddur. Bununla yanaşı, bu imkanlar bütün universitetlərdə eyni səviyyədə deyil.

Dublin Triniti Kollecinin təcrübəsində xüsusilə fərqləndirəcəyim cəhətlərdən biri tələbəyə yalnız hazır startapı olduğu zaman deyil, ideyanın yaranmasından daha əvvəl dəstək verməyə çalışmasıdır.

Biz sahibkarlıq yolunu ardıcıl proses kimi qurmağa çalışırıq. Tələbə ilk dəfə hakatonda və ya innovasiya çağırışında müəyyən problemlə işləyə bilər, sonra ideyasını inkişaf etdirə, mentor dəstəyi ala və uyğun mərhələyə çatdıqda “LaunchBox” kimi daha intensiv akselerasiya proqramına keçə bilər.
“LaunchBox” Dublin Triniti Kollecinin tələbə sahibkarlığı sahəsində ən uzunmüddətli proqramlarından biridir. Burada seçilən komandalar intensiv akselerasiya, mentorluq, şəbəkələşmə və maliyyə dəstəyi əldə edirlər. Amma mənim üçün vacib olan yalnız “LaunchBox”un özü deyil, onun ətrafında ardıcıl inkişaf xəttinin yaradılmasıdır. Tələbə bir proqramı bitirdikdən sonra onun yolu orada dayanmamalıdır.

Triniti təcrübəsində digər mühüm istiqamət fənlərarası yanaşmadır. İnnovasiyanın yalnız biznes və texnologiyadan gəlmədiyini qəbul etmək lazımdır. Mühəndis, həkim, tibb bacısı, tarixçi, dilçi və ya incəsənət sahəsində çalışan tələbə eyni problemə tamamilə fərqli prizmadan baxa bilər. Universitet mühitinin ən böyük üstünlüklərindən biri də məhz bu müxtəlifliyi bir araya gətirmək imkanının olmasıdır.

Düşünürəm ki, universitetin rolu tələbəyə sadəcə “necə şirkət yaratmaq olar?” öyrətməklə bitməməlidir. Universitet təhlükəsiz eksperiment mühiti yaratmalıdır: tələbə problemi araşdıra, ideya irəli sürə, onu test edə, uğursuz ola, yenidən qura və bütün bunları real bazarın və ya investorun təzyiqi olmadan öyrənə bilməlidir. Mənim üçün universitet əsaslı sahibkarlığın ən böyük dəyəri də məhz budur. 

- Tələbə sahibkarlığı və innovasiya sahəsindəki fəaliyyətinizə görə “İlin universitet lideri” mükafatına layiq görülmüsünüz. Fəaliyyətinizin hansı nəticələrinə görə bu mükafatı əldə etdiniz? 

- Əslində, bunu yalnız fərdi fəaliyyətimin nəticəsi kimi təqdim etmək istəməzdim. Bu, tərəfdaş universitetlərdə birlikdə işlədiyim çoxsaylı həmkarlarımın, müəllimlərin, tələbələrin əməyinin birgə nəticəsidir. 

Mənim təqdim etdiyim fəaliyyətin əsas sualı belə idi: sahibkarlıq və innovasiya imkanlarını yalnız biznes məktəbinin, artıq startapı olan tələbələrin və ya özünü əvvəlcədən sahibkar hesab edən insanların çərçivəsindən necə çıxara bilərik?

Biz sahibkarlığı yalnız biznes tələbələrinə deyil, tibb, səhiyyə, humanitar və sosial elmlər, incəsənət və digər istiqamətlərdən olan tələbələrə də çatdırmağa çalışmışıq. Bunun üçün standart sahibkarlıq proqramını hər yerə eyni şəkildə tətbiq etməkdənsə, fərqli akademik mühitlərə uyğun yanaşmalar yaratmağa başlamışıq.

Digər istiqamət texnologiyadan istifadə etməklə dəstəyi miqyaslandırmaq olub. “Zaur AI” adlı süni intellekt əsaslı mentorluq alətini yaratmağımızın səbəblərindən biri minlərlə tələbənin hər birinə fərdi mentor ayırmağın mümkünsüzlüyü idi. Texnologiya burada insan mentorluğunu əvəz etmək üçün deyil, tələbənin ilk addımı atmasına və ideyasını strukturlaşdırmasına kömək etmək üçün istifadə olunur. 

- Azərbaycanda gənclərin startap və innovasiya təşəbbüslərinə marağı artır. “OpenIncubator.ie” çərçivəsində azərbaycanlı gənclərlə əməkdaşlıq təcrübəniz olub? 

- Əslində, Azərbaycanla bu istiqamətdə artıq ilk əməkdaşlıq təcrübəmiz olub. Bu platforma çərçivəsində azərbaycanlı iştirakçılar üçün “How to Pitch” adlı ödənişsiz bootcamp həyata keçirmişdik. Məqsədimiz bunu başlanğıc nöqtəsi kimi götürərək daha geniş proqram və əməkdaşlığa çevirmək idi. Lakin tərəfdaş qurumların strukturunda və maraqlı tərəflər səviyyəsində baş verən müəyyən dəyişikliklər həmin mərhələdə proqramın davam etdirilməsinə imkan vermədi.

Buna baxmayaraq, Azərbaycanla əməkdaşlığa çox müsbət yanaşırıq və gələcək təşəbbüslərə tamamilə açığam. Mən özüm Azərbaycan universitetlərində təhsil almışam və sahibkarlıq və innovasiya sahəsində peşəkar fəaliyyətim də Azərbaycanda başlayıb. Regionlarda gənclərlə işləmişəm, startap və akselerasiya proqramları həyata keçirmişəm, dövlət, özəl sektor və universitetlərlə əməkdaşlıq etmişəm. İndi isə İrlandiyada universitet əsaslı sahibkarlıq və innovasiya ekosistemində çalışıram. Buna görə iki mühit arasında təcrübə və bilik mübadiləsi mənim üçün xüsusilə maraqlıdır.

Son dövrlərdə Azərbaycandan İrlandiyaya təhsil almağa gələn tələbələrin sayında artım olduğunu da müşahidə edirik. Mən Dublin Triniti Kollecində azərbaycanlı tələbələrlə qarşılaşanda həmişə onların nə ilə məşğul olduqlarını, hansı ideyalarının olduğunu və onlara necə dəstək verə biləcəyimizi soruşmağa çalışıram. İstər “Open Incubator”, istərsə də burada formalaşdırdığımız digər sahibkarlıq və innovasiya təcrübələri vasitəsilə bu tələbələrin ekosistemə daha fəal qoşulmasına kömək etməkdən məmnun olaram. Azərbaycan və İrlandiya tələbələrini eyni ideyalar ətrafında birləşdirmək istəyirik.

“Azərbaycan və İrlandiya universitetləri arasında böyük əməkdaşlıq potensialı var”

- Bu əməkdaşlıq yalnız azərbaycanlı tələbələrin İrlandiyadakı proqramlarda iştirakı ilə məhdudlaşmaya bilər. İki ölkənin universitetləri arasında hansı imkanları görürsünüz? 

- Mən də əməkdaşlığı yalnız azərbaycanlı tələbələrin İrlandiyadakı proqramlarda iştirakı ilə məhdudlaşdırmazdım. İrlandiya və Azərbaycan universitetlərinin tələbələrinin birlikdə işlədiyi innovasiya çağırışları, hibrid proqramlar, birgə hakatonlar, mentor mübadiləsi və universitetlər arasında sahibkarlıq təcrübəsinin paylaşılması üçün kifayət qədər böyük potensial görürəm.

Xüsusilə universitet səviyyəsində əldə etdiyimiz təcrübəni Azərbaycan universitetləri ilə bölüşməyə çox açığam. Gələcəkdə Azərbaycanla əməkdaşlıq edərkən məqsədim sadəcə hansısa İrlandiya proqramını Azərbaycana köçürmək olmazdı. Daha maraqlı olan iki ekosistemi bir-birinə bağlamaqdır: azərbaycanlı və irlandiyalı tələbələri eyni problemlər ətrafında bir araya gətirmək, universitetlər arasında təcrübə mübadiləsi yaratmaq və Azərbaycandakı universitetlərlə burada öyrəndiyimiz uğurlu və uğursuz təcrübələri paylaşmaq.

Və bunun yalnız Bakı ilə məhdudlaşmasını istəməzdim. Azərbaycanda işlədiyim dövrdə regionlarla çox sıx çalışmışam və bilirəm ki, yaradıcı potensial yalnız paytaxtda cəmləşmir.