Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının final seçimi baş tutub
Sentyabrın 22–27-də Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə Final Seçim Mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “WorldSkills Azərbaycan” arasında qurulmuş strateji əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Yarışa hazırlıq və seçim prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunub. Final mərhələsində əvvəlki seçim turunda yüksək nəticə göstərmiş 30 iştirakçı mübarizə aparıb.
Seçim çərçivəsində iki genişmiqyaslı CTF (Capture The Flag) yarışı təşkil olunub. Bütün proses Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ixtisaslaşmış ekspert-mentor heyəti tərəfindən idarə olunub. 2 hissədən ibarət final mərhələsində iştirakçıların həm müdafiə və insidentlərə reaksiya bacarıqları, həm də hücum metodları və sistem boşluqlarının istismarı üzrə bilikləri yoxlanılıb. Tapşırıqlar beynəlxalq yarış tələblərinə uyğun hazırlanıb və iştirakçıların texniki səviyyəsini, qərarvermə qabiliyyətini və real ssenarilərdə performansını qiymətləndirməyə yönəlib.
Seçim mərhələsinin nəticələrinə əsasən ən yüksək göstəricilərə sahib 10 nəfərə qədər iştirakçı yekun intensiv təlim proqramına cəlb olunacaq və beynəlxalq arenaya hazırlıq mərhələsinə keçəcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsini, praktiki səriştələrin artırılmasını və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2 iştirakçı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.
Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.



