“Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimatı keçirilib
Oktyabrın 23-də “Bağçam: kompleks uşaq inkişafı modeli” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Təhsil İnstitutunun (ARTİ) və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin həmtəsisçisi və baş direktoru Samirə Dünyamalıyeva “xoşbəxt uşaq” konsepsiyasının uzun illərin müşahidə və pedaqoji təcrübəsi əsasında formalaşdığını bildirib. O, uşağın özünü təhlükəsiz və dəyərli hiss etməsinin, sevildiyini və anlaşıldığını bilməsinin bu yanaşmada əsas yer tutduğunu qeyd edib. Uşaqların güclü tərəflərinin üzə çıxarılmasının vacibliyini vurğulayaraq onların fərdi ehtiyac və maraqlarına uyğun mühitin yaradılmasının inkişaflarına dəstək göstərdiyini diqqətə çatdırıb.
“Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin həmtəsisçisi Rasif Dünyamalıyev kitabın hazırlanması zərurətindən danışaraq əsas məqsədin toplanmış təcrübənin qorunması, sistemləşdirilməsi və gələcəkdə bu sahədə çalışanlara ötürülməsi olduğunu bildirib. O, nəşrdə təqdim olunan təcrübənin məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər üçün faydalı olacağını qeyd edib. Kitabın ərsəyə gəlməsində elmi ictimaiyyətlə özəl sektorun əməkdaşlığının roluna toxunaraq belə təşəbbüslərin digər təhsil müəssisələrində də həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktor əvəzi, kitabın yazarı Böyükağa Mikayıllı nəşrin hazırlanması zamanı aparılan araşdırmalar və kitabın əsas ideyası barədə məlumat verib. O, şəbəkənin fəaliyyətinin elmi-pedaqoji və psixoloji mənbələr əsasında öyrənildiyini, nəzəri yanaşmaların praktik təcrübə ilə əlaqələndirildiyini bildirib. Kitabda uşağın emosional rifahının, böyüklərlə münasibətlərinin və özünüifadə imkanlarının onun inkişafında oynadığı rola xüsusi diqqət yetirildiyini qeyd edib.
Kitabın rəyçisi, Təhsil İnstitutunun (ARTİ) böyük elmi məsləhətçisi, dosent Laləzar Cəfərova nəşrin məktəbəqədər təhsil sahəsində elmi və praktik əhəmiyyətindən bəhs edib. O, kitabda uşağın hissləri, ehtiyacları, maraqları və fərdi xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına kompleks yanaşmanın təqdim edildiyini bildirib. Nəzəriyyə, strategiya və təcrübənin əlaqəli şəkildə verilməsini yüksək qiymətləndirərək oyun fəaliyyəti, fərdi yanaşma və ailə ilə əməkdaşlığa dair materialların pedaqoji fəaliyyətin təşkilində əhəmiyyətini vurğulayıb.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə isə məktəbəqədər yaş dövründə uşağın inkişafına göstərilən diqqətin əhəmiyyətini qeyd edib. O, kitabın hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən digər qonaqlar da kitab haqqında fikirlərini bölüşüb, nəşrdə təqdim olunan pedaqoji yanaşmalardan və təcrübənin əhəmiyyətindən bəhs ediblər.
Tədbir videotəqdimatın nümayişi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.




