Biz mövcud infrastrukturu daha ağıllı hala gətiririk – "Sabahın alimi"

17 Mart, 2026 - 15:21
Biz mövcud infrastrukturu daha ağıllı hala gətiririk

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ali Neft Məktəbində keçirilən “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri arasında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbinin şagirdi də var.

Şamaxı internat tipli Avropa liseyinin 9-cu sinif şagirdi Mədinə İsmayılzadə müsabiqədə “Mühəndislik” kateqoriyası üzrə alternativ enerji ilə bağlı layihə təqdim edib və yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb, gümüş medalla  mükafatlandırılıb. 

“Azərbaycan müəllimi” gənc tədqiqatçı ilə həmsöhbət olub.

 “Artıq gələn il “Sabahın alimləri” müsabiqəsinə verəcəyim layihəni düşünmüşəm” 

Mədinə İsmayılzadə “Sabahın alimləri” müsabiqəsində fərdi layihə ilə iştirak edib. Yarışmaya qatılmaq arzusu haqqında danışan məktəbli deyir: “Elmi rəhbərim Aygün İsmayılova riyaziyyat və STEAM müəllimidir. Müsabiqəyə layihə verdiyi zaman 8-ci sinifdə oxuyurdum. Yaşım düşmədiyi üçün fikirləşdim ki, layihəmi 9-cu sinifdə müsabiqəyə təqdim edərəm. Ağlımda layihəm öncədən var idi, bu il həmin layihə ilə qatılmağı qərara aldım. Sizə bir sirr verim ki, artıq gələn il “Sabahın alimləri” müsabiqəsinə verəcəyim layihəni də düşünmüşəm və səbirsizliklə gələn ili gözləyirəm”.

Gənc tədqiqatçı bildirir ki, "Hydro clean energy" adlı layihəsinin əsas ideyası təmizlənmiş kanalizasiya sularından elektrik enerjisi əldə etməkdir və bu, ətraf mühitə heç bir zərər vermir: “İlk olaraq problemdən başlayaq. Müasir şəhərlərdə hər gün böyük həcmdə çirkab suları yaranır. Bu sular xüsusi təmizləyici qurğularda bir neçə mərhələdən keçərək təmizlənir. Təmizləmə prosesi başa çatdıqdan sonra su ya yenidən təbiətə, məsələn Xəzər dənizinə axıdılır, ya da texniki ehtiyaclar, suvarma və digər məqsədlər üçün təkrar istifadə olunur. Lakin bu prosesdə çox vacib, demək olar ki, istifadə olunmayan bir məqam var. Təmizlənmiş su borular vasitəsilə yüksək təzyiq altında sistemdən çıxarılır. Bu təzyiq əslində artıq mövcud olan bir enerji mənbəyidir, lakin hazırda əksər hallarda itirilir. Mənim layihəmin mahiyyəti məhz bu təzyiqdən elektrik enerjisi istehsal etməkdir".

Layihənin iş prinsipindən danışan Mədinə qeyd edir ki, təmizlənmiş suyun axdığı boruların daxilinə xüsusi qanadlı mexanizm - turbinə bənzər qurğu yerləşdirilir. Yüksək təzyiqli su bu mexanizmdən keçərkən qanadları fırladır. Qanadlar generator rejimində işləyən elektromotora qoşulur və mexaniki fırlanma elektrik enerjisinə çevrilir.

“Burada vacib məqamlar bunlardır: su artıq tam təmizlənmiş vəziyyətdədir, yenidən çirklənmir, axının istiqaməti və təmizləmə prosesi pozulmur. Yəni biz mövcud sistemi dəyişmirik, sadəcə onu daha səmərəli edirik. Əldə olunan nəticə isə ondan ibarətdir ki, belə mexanizmlərdən hətta biri belə kifayət qədər enerji istehsal edə bilər ki, bir küçənin işıqlandırılması, nasosların və ya digər infrastruktur elementlərinin fəaliyyəti təmin olunsun. Layihənin ən güclü tərəfi isə onun miqyaslana bilməsidir. Əgər bu cür mexanizmlər bir neçə boruda, iri təmizləyici qurğularda isə onlarla tətbiq olunsa, ümumi enerji istehsalı xeyli artar. Bu halda kiçik bir şəhərin və ya müəyyən yaşayış məntəqəsinin elektriklə təmin edilməsi mümkün olar".

Layihənin üstünlükləri haqqında danışarkən həmsöhbətim, ilk növbədə, onun ekoloji cəhətdən təmizliyinə diqqət çəkir: “Biz bərpa olunan enerji mənbəyindən — suyun hərəkətindən istifadə edirik. İkincisi, bu iqtisadi cəhətdən sərfəlidir, çünki əlavə bəndlər və ya yeni elektrik stansiyaları tikməyə ehtiyac yoxdur. Üçüncüsü isə bu, mövcud resurslardan maksimum səmərə ilə istifadəni təmin edir. Bu yanaşma xüsusilə iri təmizləyici qurğulara malik olan və çirkab sularının axınının daimi olduğu regionlar üçün, o cümlədən Xəzəryanı şəhərlər üçün olduqca aktualdır. Gələcək inkişaf imkanları ondan ibarətdir ki, layihə zamanla daha da təkmilləşdirilə bilər: daha səmərəli turbinlərdən istifadə etmək, təzyiq və enerji istehsalına avtomatik nəzarət sistemləri qurmaq, əldə edilən enerjini birbaşa təmizləyici qurğuların öz ehtiyaclarına yönəltmək və onları qismən və ya tam enerji baxımından müstəqil etmək mümkündür. 

Sonda qeyd etmək istəyirəm ki, bu layihə mühəndis düşüncəsinin real nümunəsidir. Biz yeni tullantı yaratmırıq, təbiətə zərər vermirik, əksinə mövcud infrastrukturu daha ağıllı və faydalı hala gətiririk, çirkab sularını problemdən resursa çeviririk”.

Bütün fənlərdən "əla" qiymətlər alan şagirdin sevdiyi fənlər riyaziyyat, fizika, ingilis dili və informatikadır. Bildirir ki, "Sabahın alimləri" müsabiqəsindən başqa, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə keçirilən "Fırst Leqo Lauge challenge 2022" yarışında 4-cü, Beynəlxalq STEAM Festivalı SAF 2023-də 3-cü (bürünc medal), SAF 2024-də VEX IQ kateqoriyası üzrə 6-cı (kubok), SAF 2025-də 4-cü yerlərə (kubok) layiq görülüb. 22 fevral 2026-cı ildə keçrilən "Fırst Leqo Lauge Challenge" yarışında 3-cü yerin qalibi olub.

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Uşaq və Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 2024-cü ildə keçirilən “Gələcəyin mühəndisi” V Respublika  müsabiqəsində 2-ci yerə layiq görülüb.

Bu il ilk dəfə qatıldığı “Sabahın alimləri” müsabiqəsi haqqında təəssüratlarını bölüşən gənc sevincini belə dilə gətirir: “Layihəm çox yaxşı qarşılandı və 2-ci yerə layiq görülərək, gümüş medal aldım. Mən çox şad oldum və sevinirəm ki, ilk dəfə iştirak edib medal qazandım. Gələcək illər üçün daha da əzmlə hazırlaşaraq qızıl medal uğrunda çalışacağam. Bildiyiniz kimi, bu yaxınlarda 9-cu siniflərin buraxılış imtahanı olacaq, hədəfim fərqlənmə attestatı almaqdır. Gələcəkdə arzum mühəndis olmaqdır”.