Biz uşaqları həyata, yoxsa imtahana hazırlayırıq?

27 Noyabr, 2026 - 17:35
Biz uşaqları həyata, yoxsa imtahana hazırlayırıq?

Təsəvvür edək: İki şagird imtahan nəticələrini öyrənir. Biri 95 bal toplayıb. Onu təbrik edir, uğuru ilə qürur duyurlar. Digəri 45 bal alıb. Ona isə çox vaxt belə suallar verilir: “Niyə bu qədər az?” və ya “Filankəsin uşağı filan qədər bal toplayıb, bəs sən niyə belə az?” Bəs həmin gün bu iki uşağın nə hiss etdiyini, nə düşündüyünü soruşan varmı?

Bu mənzərə bizi daha böyük bir sualla üz-üzə qoyur: Biz uşaqlarımızın neçə bal topladığını bilirik, bəs onların hansı bacarıqlara yiyələndiklərini və həyata nə dərəcədə hazır olduqlarını necə müəyyənləşdiririk?

İmtahan təhsilin vacib hissəsidir. O, bilik və bacarıqların ölçülməsinə, boşluqların aşkarlanmasına və irəliləyişin izlənməsinə kömək edir. Yüksək nəticə də zəhmətin və hazırlığın göstəricisi ola bilər. Problem imtahanın özündə deyil, onun bəzən təhsilin başlıca məqsədi kimi qəbul edilməsindədir. Çünki məktəbin vəzifəsi şagirdlərə yalnız imtahanda düzgün cavab verməyi deyil, həm də düşünməyi, sual verməyi və öyrəndiklərini real həyatda tətbiq etməyi öyrətməkdir. Nəticə həddindən artıq ön plana keçəndə şagirdin öyrənməyə münasibəti dəyişə bilər. “Bu mövzu nə üçün vacibdir?” sualının yerini “İmtahana düşəcəkmi?” sualı tutur. Birinci sual diqqəti mövzunun əhəmiyyətinə, ikinci isə onun imtahana düşüb-düşməyəcəyinə yönəldir. Belə olduqda şagird bəzən cavabı yadda saxlayır, lakin onun arxasında yatan məntiqi dərk etmir.

Bunu dil dərslərinin tədrisində də görmək mümkündür. Şagird qrammatik qaydanı düzgün izah edir, testdə uyğun variantı tapa bilir, amma həmin qaydadan real ünsiyyətdə istifadə etməkdə çətinlik çəkir. Başqa bir şagird yazılı imtahanda yüksək nəticə göstərməsə də, mövzunu yaradıcı şəkildə izah edir, fərqli həll yolu təklif edə bilir. Bu nümunələr bir imtahan nəticəsinin uşağın bütün potensialını əks etdirmək üçün kifayət etmədiyini göstərir. Bu yanaşmanın başqa bir problemli tərəfi də şagirdləri bir-biri ilə mütəmadi olaraq müqayisə etməkdir. Müqayisə bəzən motivasiya yaratsa da, şagirdlərin fərdi inkişaf xüsusiyyətləri nəzərə alınmadıqda əks nəticə verə bilər. Bir şagird üçün asan görünən tapşırıq digəri üçün ciddi zəhmət tələb edə bilər. Həmin zəhməti görmədən yalnız yekun bala baxmaq təlimdəki irəliləyişi kölgədə qoyur. Şagirdin əvvəlki nəticələri ilə müqayisədə nə qədər irəlilədiyini də nəzərə almalıyıq.

Bilirik ki, şagirdlərin yaradıcı düşünmə bacarıqları OECD-nin PISA 2022 tədqiqatında da ayrıca qiymətləndirilib. 2024-cü ildə açıqlanmış nəticələrə əsasən, Bakı üzrə qiymətləndirilən 15 yaşlı şagirdlərin 44 faizi yaradıcı düşünmədə ən azı baza səviyyəsinə çatıb. OECD ölkələri üzrə orta göstərici isə 78 faiz təşkil edib. Bu rəqəmlər təkbaşına problemin səbəbini izah etmir və bütün Azərbaycan məktəbləri haqqında ümumi hökm verməyə əsas yaratmır. Ancaq bir sualı aktuallaşdırır: Biz şagirdlərə yeni ideyalar irəli sürmək, müxtəlif həll yollarını qiymətləndirmək və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirmək üçün kifayət qədər imkan yaradırıqmı?

Akademik biliklər və həyati bacarıqlar bir-birini tamamlayır. Möhkəm bilik bazası tənqidi düşünmənin və yaradıcı yanaşmanın inkişafında da mühüm rol oynayır. Riyaziyyatın tədrisi yalnız düsturları yadda saxlamağa deyil, onları yeni məsələlərə tətbiq etməyə də yönəlməlidir. Dil tədrisində qaydaları bilmək qədər fikri aydın ifadə etmək, tarixin tədrisində isə xronologiyanı öyrənməklə yanaşı, hadisələrin səbəb-nəticə əlaqələrini anlamaq vacibdir.

Təhsilin diqqətdən kənarda qalan tərəflərindən biri də şagirdin səhvinə münasibətdir. Şagird səhv cavaba görə daim danlanır və başqaları ilə müqayisə olunursa, zamanla susmağa, risk etməməyə, öz fikrini gizlətməyə üstünlük verə bilər. Halbuki səhvi düzgün təhlil edildikdə bu, şagird tərəfindən özünüöyrənmənin mühüm vasitəsinə çevrilir. Biz şagirdlərə səhvlərindən nəticə çıxarmağı öyrətməliyik, səhv etməkdən qorxmağı yox.

Bütün məsuliyyəti müəllimə yükləmək də ədalətli olmaz. Müəllim proqramı yerinə yetirməli, valideyn övladının gələcəyini düşünməli, şagird isə müxtəlif gözləntiləri doğrultmağa çalışmalıdır. Bu prosesdə hər bir tərəfin öz məsuliyyəti, qayğıları və gözləntiləri var. Lakin diqqət yalnız nəticəyə yönəldikdə uşağın öyrənmə prosesi, maraqları və emosional vəziyyəti ikinci plana keçə bilir. Çıxış yolu imtahanları ləğv etmək deyil, qiymətləndirmədən daha məqsədyönlü istifadə etməkdir. Qiymətləndirmənin forması vacibdir, lakin onun nəyi ölçdüyü və nəticələrdən şagirdin inkişafı üçün necə istifadə olunduğu daha böyük əhəmiyyət daşıyır. Şagirdə yalnız balını bildirmək kifayət etməməlidir, ona hansı bacarığını inkişaf etdirdiyini, harada çətinlik çəkdiyini və nəticəsini yaxşılaşdırmaq üçün nə edə biləcəyini də göstərməliyik. Dərslərdə müzakirələrə, tədqiqatlara, layihələrə və real həyat vəziyyətlərinə əsaslanan fəaliyyətlərə yer vermək akademik hazırlığı daha da zənginləşdirir. Təkcə yüksək nəticə göstərən şagirdlərin sayı deyil, əlavə dəstəyə ehtiyacı olanların irəliləyişi, öyrənməyə marağı azalanlara göstərilən dəstək və bütün şagirdlərin dərsdə fəal iştirakı da əhəmiyyətlidir. Əgər qiymətləndirmə yalnız avtomatik  şəkildə aparılır, lakin sonrakı öyrənməyə istiqamət vermirsə, onun pedaqoji imkanlarından tam istifadə etməmiş oluruq.

Valideynlərin münasibəti də eyni dərəcədə əhəmiyyətlidir. “Neçə bal topladın?” sualı ilə yanaşı “Nə öyrəndin?”, “Sənə nə çətin gəldi?”, “Növbəti dəfə nəyi fərqli edəcəksən?” sualları da ünvanlanmalıdır. Uşaq anlamalıdır ki, zəif nəticə onun şəxsiyyətinə verilmiş hökm deyil və gələcəkdə daha yaxşı nəticə əldə etmək mümkündür.

Süni intellektin informasiyaya çıxışı asanlaşdırdığı müasir dövrdə təhlil etmək, müstəqil düşünmək və düzgün qərar vermək bacarıqları daha da əhəmiyyət qazanır. Məlumatı yadda saxlamaq artıq təkbaşına kifayət etmir. Hər bir şagird əldə etdiyi informasiyanı təhlil etməyi, onun doğruluğunu qiymətləndirməyi, əsaslandırılmış qərarlar verməyi, başqaları ilə əməkdaşlıq etməyi və dəyişən şəraitə uyğunlaşmağı bacarmalıdır. Bu bacarıqların dəyəri yalnız imtahan nəticələrində deyil, gündəlik həyatda verilən qərarlarda və qarşılaşdığı problemlərin həllində də üzə çıxır.

Bir gün məktəb illəri başa çatacaq. Sonuncu imtahan veriləcək, cavab vərəqləri toplanacaq, nəticələr elan ediləcək. Ancaq həyat həmişə imtahandakı kimi dörd və ya beş hazır cavab variantı təqdim etməyəcək. Bəzən sualın özü gözlənilməz olacaq, bəzən isə bir neçə mümkün yol arasından seçim etmək lazım gələcək. İmtahan uşağın nə öyrəndiyini yoxlaya bilər. Həyat isə onun öyrəndikləri ilə nə edə bildiyini göstərəcək.

Elə isə ən vacib sual budur: Biz uşaqları yalnız imtahanlarda yüksək nəticə göstərməyə hazırlayırıq, yoxsa həyatda öz yollarını tapmağa?

Elçin Mirzəyev,
NDU-nun Beynəlxalq Kemric Məktəbinin ingilis dili müəllimi