BMU-nun komandası NASA hakatonunda birinci olub
Bakı Mühəndislik Universitetini (BMU) təmsil edən “NASAZ” komandası “NASA Space Apps Azerbaijan 2026” hakatonunda “NEXUS” və “MARINT” komandaları ilə birlikdə birinci yerə layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, hakaton BMU-nun tərəfdaşlığı, “Azərkosmos” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilib.
"NASA International Space Apps Challenge" çərçivəsində noyabrın 14–15-də təşkil olunan yarışda Bakı builki rəsmi yerli tədbir şəhərlərindən biri kimi iştirak edib.
Hakatona 1400-dən çox müraciət daxil olub. Seçim mərhələsindən sonra 100-dən çox iştirakçını birləşdirən 15 komanda yarışa qatılıb. Komandalar NASA və tərəfdaş kosmik agentliklərin açıq məlumatlarından istifadə edərək Yer və kosmos elmləri üzrə aktual problemlərə innovativ həllər hazırlayıblar.
Açılış mərasimində çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov beynəlxalq innovasiya tədbirlərinin gənclərin bilik və bacarıqlarının inkişafında, elmi ideyaların real layihələrə çevrilməsində və komanda işinin təşviqində əhəmiyyətini vurğulayıb.
Yarışın yekununda birinci yerə layiq görülən üç komandanın hər birinə M5 çipli, 15 düymlük “MacBook” təqdim olunub.
Qeyd edək ki, “NASA Space Apps Azerbaijan”ın yerli rəhbəri BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin I kurs tələbəsi Amil Zeynallıdır.




