Bülövqaya mədəniyyəti ilə bağlı yeni elmi nəticələr üzə çıxıb
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Göynük kəndi ərazisində yerləşən Bülövqaya yaşayış yerində 2025-ci ildə aparılan arxeoloji tədqiqatlar regionun qədim tarixinin öyrənilməsi baxımından mühüm nəticələr verib.
Bu barədə “Azərbaycan müəllimi”nə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Vəli Baxşəliyev bildirib.
O bildirib ki, tədqiqatlar Ubeyd tayfalarının şimala doğru miqrasiyası və onların təsiri nəticəsində Urmiya hövzəsi ilə Şərqi Anadolunun qovşağında Dalma Təpə mədəniyyətindən fərqli yeni bir mədəniyyətin formalaşdığını təsdiq edir. Naxçıvanı da əhatə edən bu mədəniyyət elmi ədəbiyyatda Bülövqaya mədəniyyəti kimi adlandırılıb.
Qazıntılar zamanı yaşayış yerindən dulus çarxında hazırlanmış az miqdarda keramika nümunələri də əldə edilib. Bu tapıntılar həmin dövrdə bölgədə sənətkarlıq və istehsal texnologiyalarının müəyyən inkişaf mərhələsinə çatdığını göstərir.
Vəli Baxşəliyev vurğulayıb ki, Naxçıvanda məskunlaşan tayfalar əsasən köçəri heyvandarlıq və mədənçiliklə məşğul olublar. Araşdırmalar zamanı onların başlıca olaraq Zəngəzur və Şərqi Anadolu mənşəli obsidiandan istifadə etdikləri müəyyənləşdirilib.
Arxeoloji tədqiqatlar Qədim Şərq mədəniyyətlərinin şimala doğru yayılmasında həm texnoloji yeniliklərin, həm də Cənubi Qafqazdakı zəngin xammal mənbələrinin mühüm rol oynadığını bir daha təsdiqləyir.
Məlumata görə, bu elmi nəticələr barədə geniş məlumat yeni nəşr olunan kitabda öz əksini tapıb.



