"Bura da qəbul olmasa, əsgərliyə göndərəcəyəm" – Qabiliyyət imtahanından REPORTAJ
Tofiq Bəhramov adına Respublika stadionunun “14B” qapısında həyəcanlı gözləyiş davam edir. Günəş də bir yandan həyəcanın şiddətini artırır. Hələ səhər saatları olmasına baxmayaraq, qızmar bir yay gününün başladığı gün kimi aydındır.
Hər kəsin gözlədiyi fərqlidir. Kimisi içəridən çıxacaq bir xəbəri, kimisi çağırış gözləyir. Görəsən, övladının nə vaxt qapıda görünəcəyini gözləyən valideynin, yoxsa “İmtahana gələn bir qrup qapıya yaxınlaşa bilər!” çağırışından sonrakı həyəcanın daha güclü olduğunu ölçə bilən cihaz varmı?!
“Azərbaycan müəllimi” bu həyəcanın tam ortasındadır. Azərbaycan İdman Akademiyasının tələbəsi olmaq arzusunda olan və hələ “abituriyent” adı daşıyan bir qrup, konkret desək, 240 gənc qabiliyyət imtahanı verir.
Qarşımıza ilk çıxanlar arasında imtahanını versə də, yandırıcı günəşə göz qıyıb başqalarının həyəcanını bölüşmək üçün qalanlar da var, “istidir” deyib qaçmağa çalışanlar da.
“İnsanın gələcək taleyini alacağı təhsil dəyişdirir”
Rafiq Həsənli imtahandan çoxdan çıxıb, amma getməyə tələsməyib. Dediyinə görə, 146 bal buraxılış imtahanında, 280 bal isə blok imtahanında toplayıb. Odur ki, Azərbaycan Dillər Universitetinin ixtisaslarından birində oxumağa haqq qazandığını düşünür. Bəs Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qabiliyyət imtahanında nə işi var? Dediyinə görə, hər ehtimala qarşı buradadır. İşdir, birdən arzuladığı ixtisaslara qəbul olunmaq üçün balı yetməsə, fiziki tərbiyə müəllimi olaraq həyatına davam edə bilsin deyə: “9 il güləşlə məşğul olmuşam. Özümü yoxlamaqdan ötrü gəlmişəm. Arzuladığım ixtisas üzrə qəbul oluna bilməsəm, İdman Akademiyasında təhsil almağı düşünürəm”.
95 nömrəli tam orta məktəbin məzunu həm Bakı birincisi, həm ölkə üçüncüsü olub. Bir az əvvəl çıxdığı qabiliyyət imtahanında bu fəaliyyəti nə qədər köməyinə gəlib? Deyir ki, bir az 1000 metr məsafəyə qaçışda çətinlik çəkib: “4 dəqiqə 20 saniyəyə 1000 metr məsafəni, 13 saniyəyə 100 metrlik məsafəni qaçdım. 2.20 metrə tullandım. Turnikdə 15 dəfə dartındım”.
Rafiq deyir 40 mümkün baldan 24-nü toplasa, İdman Akademiyasının tələbəsi olması üçün kifayətdir.
Onun fikrincə, qabiliyyət imtahanı idmanla daim məşğul olan biri üçün asandır.
Rafiq “Azərbaycan müəllimi”nə onu da bildirib ki, əslində, o, idmana da gedə bilər, dərslərini də oxuyub çatdıra bilərdi: “Əsas vaxtı düzgün bölmək idi. Mən vaxtı bölüb hər ikisini paralel inkişaf etdirə bilmədim. Çünki mənə belə gəlir ki, insanın gələcək taleyini alacağı təhsil dəyişdirir. İdmanla hər zaman məşğul olmaq mümkündür”.
“Qəbul imtahanlarında yüksək nəticə göstərə bilsəydim...”
İstidən qaçanlardan birini yolundan saxlayırıq ki, qapının o tayında nə baş verdiyini bizə danışsın.
İndicə imtahan verib çıxan gəncin adı Erhan Hacıyevdir. Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin məzunudur. Azərbaycan İdman Akademiyasının tələbəsi olmaq qərarına gəlməsi xeyli zəhmətli olub: “Məncə, qəbul olacağam. Normativləri tam ödəmişəm”.
Erhan “Ümumi fiziki hazırlıq” ixtisası üzrə imtahan verib. Tullanma, qaçış və turnikdə dartınma üzrə 4 normativ yerinə yetirib: “2.25 metr uzunluğa tullanma üzrə normativ idi, mən 2.40 metr tullandım. 100 metri 3 dəqiqə 50 saniyəyə, 1000 metri 13 dəqiqə 28 saniyəyə qaçdım. 15 dəfə turnikdə dartındım”.
Gələcəyi ilə bağlı fikri bir az tərəddüdlüdür: “Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərə bilsəydim, özümü Aviasiya Akademiyasında görürdüm, amma 136 bal topladım. Ona görə də, hələ ki heç nə fikirləşə bilmirəm. Son çarə olaraq Azərbaycan İdman Akademiyasında “Ümumi fiziki hazırlıq” ixtisası üzrə təhsil alacağam”.
Erhanı həyəcanla gözləyən atası Şakir Hacıyev “Azərbaycan müəllimi”nə övladı ilə bağlı böyük ümidləri olan, hər zaman onun arxasında duran ata kimi danışır: “Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ümidlərimizi bir az qırdı, amma hələ ikinci şans imtahanına ümidliyəm. IX sinifdən repetitorla hazırlaşır, halal xoşu olsun, ata borcum idi. Amma bundan sonra özü oxumalıdır. Artıq onun təhsili üçün hər hansı vəsait xərcləyə bilməyəcəyəm. Qəbul olunsa da, olunmasa da, ilk növbədə onu dövlətə təhvil verəcəyəm, hərbi xidmətini keçəcək. Özü də çox həvəslidir. Uşaqlığından idmanla məşğul olur. Onu idmana qoyanda özünün sağlam böyüməsi əsas məqsədim idi. İdmanda ondan hər hansı nailiyyət də gözləmirdim. Çünki həmişə oxumağını, təhsil almasını, elmdə nailiyyət qazanmağımı istəmişəm”.
“Biz onun kompüter mühəndisi olmağını istəyirdik”
Oğlunun təhsilinə böyük ümidlərlə baxan daha bir valideyn. Bəllidir ki, oğlunun kompüter mühəndisi ola bilməyəcəyini anlayıb. Oxumağı üçün oğlunu idmandan uzaqlaşdıran ana bu dəfə ümidlərini onun 3 il məşğul olaraq əldə etdiyi idman bacarıqlarına bağlayıb. Qapı arxasında gözləyən analardan biri Aytən Xəlilovanın ümidsizliyini belə ifadə eləmək olar.
Özü Ramana qəsəbəsindəki 316 nömrəli tam orta məktəbində İngilis dili müəllimi olan Aytən xanım oğlu İsmayılı gözləyir: “Cəmi 130 balla ali təhsil müəssisələrinə qəbul üzrə müsabiqəyə qatılacaq. Bu da kifayət deyil. Biz onun kompüter mühəndisi olmağını istəyirdik”.

İndi ailə ümidini oğlunun idman istiqamətində bacarıqlarına bağlayıb: “Uşaqlıqdan idmana gedib. VI-VII-VIII siniflərdə karate ilə məşğul olsa da, sonradan oxumağı üçün idmandan uzaqlaşdırdıq”.
Dostların arzusu: “Mən onun oxumağını istəyərəm”
Sədi də gözləyənlərdəndir. Amma Sədi Əhmədov valideyn yox, bir dostdur: “Dosumun valideynləri gələ bilməyib, mən gəlmişəm”.
Soyadını xatırlamadığı dostu Baxşəli imtahandan çıxana qədər onu gözləyəcək: “Baxşəlini hardan tanıyıram bilmirəm, xatırlamıram artıq, ancaq onunla çox möhkəm dostuq”.
Baxşəli də özünü sınamaq istəyib: “Əslində o, II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Buraxılış imtahanında 166 bal, blok imtahanından isə, səhv etmirəmsə, 120 bal toplayıb. Bu nəticə ilə başqa ali məktəbə qəbul olunsa, mən onun oxumağını istəyərəm”.
Ağdam rayonundan olan Cəmil Qasımlı özü məktəbli olsa da, dostunun imtahan həyəcanına ortaq olub. Dostu ilə bir yerdə cüdo və boks üzrə məşğul olublar: “Dostum İdman Akademiyasında təhsil almağı arzulayır”.
14 minə yaxın abituriyent (subbakalavr) idman istiqaməti üzrə qeydiyyatdan keçib
Məlumat üçün qeyd edək ki, ölkədə qabiliyyət imtahanlarını Dövlət İmtahn Mərkəzi təşkil edir. İdman istiqaməti üzrə qabiliyyət imtahanları Bakıda Azərbaycan İdman Akademiyası və Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunub. Bu imtahanlarda iştirak etmək üçün 14 minə yaxın abituriyent (subbakalavr) qeydiyyatdan keçib. Məşqçilik, Ümumi fiziki hazırlıq, Adaptiv bədən tərbiyəsi, Kütləvi-sağlamlaşdırıcı idman və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi komissiyaları mövcudur. 62 və 63-cü komissiyalar üzrə imtahanlar ümumi fiziki hazırlıq üzrə təşkil olunur, nəticələr məqbul və qeyri-məqbulla, 61-ci komissiya üzrə imtahan nəticələri isə balla qiymətləndirilir. 61-ci komissiyaya aid bəzi idman növləri üzrə imtahanlar 2 mərhələli olur – birinci ümumi fiziki hazırlıq, ikinci isə ixtisasdan aparılır.
Qaçaraq, tullanaraq, dartınaraq imtahan verirlər
“Azərbaycan müəllimi” Tofiq Bəhramov adına stadionda Ümumi fiziki hazırlıq üzrə komissiyanın işinə qatılıb. İmtahan verərək bu komissiyadan müsbət rəy alanlar nəticələri uyğun gələrsə, 3 ixtisas seçə biləcəklər. 100 metr və 1000 metr məsafəyə qaçış, turnikdə dartınma və uzunluğa hoppanma üzrə normativi yerinə yetirən abituriyentlər başqa ixtisaslarla yanaşı, qabiliyyət tələb edən ixtisasları da seçə biləcəklər: “Ümumi fiziki hazırlıq”, “Adaptiv bədən tərbiyəsi” və “Kütləvi sağlamlaşdırıcı idman”.
“İdman istiqaməti üzrə bu gün 240 nəfər qabiliyyət imtahanı vermək üçün qeydiyyatdan keçib”, - deyən Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Həsən İmanov “Azərbaycan müəllimi”nə bildirib ki, qabiliyyət imtahanlarında iştirak faizi ali təhsil müəssisələrinə qəbul imtahanlarında abituriyentlərin göstərdiyi nəticədən asılı olur: “Bəzən qeydiyyatdan keçənlərin 25-30 faizi gəlmir. Əvvəlcə hər ehtimala qarşı qeydiyyatdan keçir, test imtahanlarında yaxşı nəticə göstərəndə qabiliyyət imtahanlarına qatılmaq zərurəti hiss etmirlər”.
Daha bir cəhd edə bilərdi, imtina etdi
Həmin abituriyentlərdən biri Kənandır. Budur, o, uzunluğa tullanmada ikinci cəhdini etdi. Sonra kamera qarşısına keçərək üçüncü cəhddən imtina etdiyini dedi. Səbəbini onun özündən soruşduq: “Düşünürəm ki, kifayətdir mənim üçün. Mənə lazım olan normativi yerinə yetirdim. İlk cəhdimdə daha çox – 2.30 metr uzunluğa tullandım”.
280 nömrəli tam orta məktəbin məzunu VI sinfə qədər güləşlə məşğul olub, sonra həvəsi olmadığı üçün güləşi buraxıb.
Yenidən idmana qayıdışı isə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında uğurlu olmayan nəticəsidir: “Buraxılış imtahanlarında 113, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 53 bal topladım”.
Kənan deyir qaçışdan da yaxşı nəticə göstərəcək, amma turnikdə özünə güvənmir.
Sıra gəlir turnikə. Qəhrəmanımız fiziki tərbiyə müəllimi olmaq üçün 11 dəfə turnikdə çəkinməlidir: “Cəmi 9 dəfə çəkinə bildim. Nəticəm uğursuz oldu”.

Amma mütəxəssislər elə demir. Həsən İmanov abituriyentdən fərqli olaraq, onun nəticəsinin ümidli olduğunu bildirir: “Hər 4 kateqoriya üzrə komissiya qiymətini verəcək, sonra ballar üst-üstə gələcək. Birindən “0” bal olsa belə, digər üçündən ümumi nəticə 24 bal olarsa, abituriyent uğurlu nəticə göstərmiş hesab olunur. Maksimum nəticə 4 hərəkət üzrə 40 baldır. Qiymətləndirmə meyarları, imtahan normativləri “Abituriyent”jurnalında göstərilib. Komissiya, sadəcə rəqəmi deyir, ümumi bal 24 olduğu təqdirdə nəticə qənaətbəxş satyılır”.
100-dən çox Qabiliyyət İmtahanı Komissiyası təşkil olunub
Ümumiyyətlə, 2026/2027-ci tədris ili üçün qabiliyyət imtahanlarında iştirak etmək məqsədilə 30 minə yaxın abituriyent və subbakalavr qeydiyyatdan keçib. Bu il ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid ixtisaslar üzrə təqribən 24 min, tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 3400-ə yaxın, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə 2 min abituriyent (subbakalavr) qabiliyyət imtahanı verir.
İyunun 22-də start veriliən prosesdə musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya, eləcə də təsviri sənət istiqamətləri üzrə imtahanlar davam edir. İndiyədək 10 mindən çox abituriyent qabiliyyət imtahanlarında iştirak edib. İmtahanların təşkili üçün 100-dən çox Qabiliyyət İmtahanı Komissiyası fəaliyyət göstərir. Komissiyaların tərkibinə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri, ekspertlər, müxtəlif dövlət qurumlarının, o cümlədən Gənclər və İdman Nazirliyinin nümayəndələri, həmçinin Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxildir.
İmtahanlar videoqeydiyyat vasitəsilə müşahidə olunur. Abituriyent nəticədən narazı qaldıqda apellyasiya müraciəti edə bilər və həmin müraciət videoqeydlər əsasında ekspertlər tərəfindən yenidən araşdırılır.
Qabiliyyət imtahanlarında ən çox müşahidə edilən hal: uşaqlar sağlamlıq haqqında arayışı gətirmirlər
Abituriyent qabiliyyət imtahanına şəxsiyyəti təsdiq edən sənəd və buraxılış vərəqəsi ilə yanaşı, sağlamlıq haqqında arayış və idman forması ilə gəlməlidirlər. Amma bəzi abituriyentlər sağlamlıq haqqında “Arayış”ı gətirmirlər. Daha çox “unudulma” halı müşahidə edilən bu sənəd olmadan abituriyentlərin idman hərəkətlərini yerinə yetirmələrinə icazə verilmir. Dövlət İmtahan Mərkəzinin sektor müdiri Elton Süleymanov “Azərbaycan müəllimi”nə belə deyib: “İdman istiqaməti üzrə qabiliyyət imtahanlarında ən çox rast gəlinən bu problem gənclərin sağlamlığı ilə bağlı olduğu üçün məcburən onları imtahanlara buraxmırıq, onlar da normativləri yerinə yetirə bilmirlər”.
Qabiliyyət imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunur. İmtahanlar Təsviri sənət, Musiqi sənəti, Memarlıq, Teatr, kino və xoreoqrafiya sənəti, İdman və Jurnalistika olmaqla altı istiqamət üzrə keçirilir. Qabiliyyət imtahanlarının məzmunu açıqdır və hər bir komissiya üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc edilib.
İmtahanlar avqust ayının ortalarına qədər davam edəcək.




