Çində bağçaya getdi, indi həmin ölkədə universitet oxuyacaq  - Selcanın maraqlı təhsil yolu

8 İyul, 2026 - 16:17
Çində bağçaya getdi, indi həmin ölkədə universitet oxuyacaq 

Abşeron-Xızı RTİ-nin tabeliyindəki Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin builki məzunu Selcan Cəfərli Çinin ictimai və humanitar elmlər üzrə qabaqcıl ali təhsil ocağı olan Renmin Universitetinə qəbul olub. Selcan universitetdə "Beynəlxalq siyasət" ixtisası üzrə bakalavr təhsilini tam təqaüdlə (təhsil haqqı, aylıq təqaüd, yataqxana və digər xərclər) Çin dilində oxuyacaq.

"Azərbaycan müəllimi" Xırdalan məktəbinin nümunəvi məzunu Selcan Cəfərlinin uğur hekayəsini təqdim edir. 

2009-cu ildə Bakı şəhərində anadan olan Selcanın 2 yaşı olarkən ailəsi işlə əlaqədar Çinə köçüb. Bir il Çinin Pekin şəhərində uşaq bağçasına gedən balaca azərbaycanlı qız daha sonra əcnəbilərin Çin dilində təhsil alması üçün nəzərdə tutulan xüsusi məktəbdə oxuyub:

"Mən Çində ibtidai təhsil almışam. Çində ibtidai təhsil 6 il davam edir, oradakı təhsilimi əla qiymətlərlə başa vurdum. Pekində Çin dili ilə yanaşı ingilis dili biliklərimi təkmilləşdirirdim. Daha sonra Azərbaycana gəldim və təhsilimi Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirdim". 

Hələ uşaq yaşlarından Çin dilini öyrənməyə başlayan Selcan ötən il Çin dili bilik səviyyəsi üzrə 6-cı mərhələ imtahanını (HSK6) uğurla verərək müvafiq sertifikat əldə edib. 

Ötən ay isə Selcan Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilən 19-cu beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin Azərbaycan üzrə finalında birinci yeri tutub. Selcan bu nəticə ilə payızda Çində “Dünya Çin dili körpüsü” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

"Renmin Universitetinə qəbul olmağım və tam təqaüdlə təhsil alacağım barəsində məktubu dünən aldım. Ailəmlə birgə böyük sevinc hissi yaşadıq. Mən bakalavr səviyyəsi üzrə Asiya, magistr səviyyəsi üzrə isə Qərb təhsili almağı planlaşdırıram. Magistr təhsilimi fərqli sahə - "Biznesin idarəedilməsi", "Beynəlxal biznes" kimi iqtisadi ixtaslar üzrə davam etdirmək istərdim. İncəsənət, dizayn sahəsinə də böyük maraq  göstərmişəm. Bir Azərbaycan övladı kimi harada olmağımdan asılı olmayaraq dövlətimi layiqincə təmsil etmək ilk hədəfimdir". 

Məlumat üçün qeyd edək ki, 1937-ci ildə təsis edilən Renmin Universiteti Çində dünya standartlarında universitetləri və ixtisasları əhatə edən “İkiqat birinci sinif təşəbbüsü”nə ilk daxil edilən ali təhsil ocaqlarından biridir. Çinin Təhsil Nazirliyinin son qiymətləndirməsinə əsasən, Renmin Universiteti iqtisadiyyat, statistika, biznesin təşkili və idarə edilməsi, hüquq, siyasi elmlər, sosiologiya, jurnalistika və dövlət idarəetməsi istiqamətləri üzrə ölkənin bütün ali təhsil ocaqlarını qabaqlayıb. Renmin Universiteti ali təhsil müəssisələrinin beynəlxalq reytinqindən imtina etsə də, 2014-cü ildə “Times Higher Education” tərəfindən Çinin 5 ən nüfuzlu universitetindən biri elan edilib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevə Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu verilib.