Dağa-daşa marağı onu elmə gətirdi – Gənc geoloqun elm yolu
Alim olmaq, elm yolunda çalışmaq neçə gəncin arzusudur? O, sadəcə arzulamır, həm də bu istiqamətdə inadla irəliləyir.
Gənc mütəxəssis, Neft və Qaz İnstitutunun Təhsil şöbəsinin müdiri Pünhan Səmədli ölkədə elmə töhfə verməyi arzulayır: “Azərbaycanlı olmaq böyük qürurdur, amma azərbaycanlı alim olmaq tamamilə fərqli, dərin və unikal bir hissdir. Hesab edirəm ki, bu, yalnız öz bilik və çalışqanlığının nəticəsi deyil, həm də ölkəmizə elmi töhfə vermək imkanının gətirdiyi məsuliyyət, həmin məsuliyyətin hiss etdirdiyi şərəfdir. Mən bu hissi yaşamaq istəyirəm. Hər yeni tədqiqat, hər yeni dərs və hər tələbə ilə qarşılaşma mənə bu xəyalımı dönə-dönə xatırladır”.
Müəllim ailəsində yetişir
Gənc mütəxəssis Pünhan Səmədli müəllim ailəsində böyüyüb. Ailədə atanın müəllim olması onun təhsillə bağlı düşüncələrinin ta uşaqlıqdan formalaşmasına gətirib çıxarıb. Amma bu, ailədə bir uşağın elmə həvəs göstərməsi üçün yetərlidirmi? Əlbəttə yox. Pünhan da belə hesab edir: “Atamın müəllim olmağının təhsilə, elmi biliklərə yiyələnmək istəyimə təsiri danılmazdır, amma təbii kifayət deyil. Elm yolunu seçməyimdə sadəcə ailə faktoru axtarmaq yetərli deyil. Məncə, bu gün bu istiqamətdə kifayət qədər qətiyyətli addımlarla irəliləməyimdə elmə həvəsim, marağım əsas rol oynayır”.
Bəs bu həvəsin qaynağı nədir? Dediyinə görə, uşaqlıqdan təbiətə, daşlara maraq göstərib: “Dağa, daşa, suya ümumilikdə təbiətə marağım olub. Çay kənarında həmişə fərqli formalı, rəngli daşlar diqqətimi çəkirdi. Dağların necə yarandığı məni çox maraqlandırırdı”.
Bu marağını ancaq böyüyüb müxtəlif elmlərlə tanış olandan sonra inkişaf etdirməyə başlayıb: “Dağ əmələgəlmə proseslərini geologiya elmi ilə tanışlıqdan sonra öyrəndim. Sən demə, dağların dərin kökləri var və sabitliklə əlaqəlidir”.
Pünhan Bakı Dövlət Universitetinin Geologiya fakültəsində bakalavr, Neft və Qaz İnstitutunda magistratura təhsili alıb: “Neft və Qaz İnstitutunda təhsil müddətində yalnız nəzəri biliklərə yiyələnmədim, həm də praktiki elmi təcrübə qazandım. Tədqiqatlarda fəal iştirak etdim. Akademik və professorlardan ibarət zəngin elmi mühit məni elmə bağladı, istehsalata deyil, elmi-tədqiqat fəaliyyətinə yönəltdi”.
Beləliklə, bir zamanlar “daş-kəsək” bildiyi şeylərin “süxurlar” olduğunu öyrənərək illər içində bu işin peşəkarına çevrilib: “Hər daşın, hər süxurun öz hekayəsi olduğunu düşünmək, təbiətin sirlərini anlamaq arzusu məni geologiya sahəsinə ömürlük bağladı. Elmdə sevgimi, həyat yolumu və məqsədimi tapdım. Elm mənim üçün yalnız bir peşə deyil, həm də həyatımın sevgisidir”.
Tələbə kimi ayrıldığı auditoriyalara müəllim kimi qayıtdı
Bu sevgi sayəsində o, istehsalat yox, tələbə olaraq çıxdığı auditoriyalara müəllim kimi qayıdaraq, onu paylaşmağa, daha çox insana ötürməyə qərar verib. Bakalavr təhsili aldığı Bakı Dövlət Universitetində saathesabı işləyən müəllim kimi fəaliyyətə başlayıb: “Bu mərhələ həyatımın həm ən məsuliyyətli, həm də ən qürurverici dövrüdür. Bir zamanlar tələbə olduğum auditoriyalara bu gün müəllim kimi daxil olmaq, həmin illərdəki düşüncələrimi xatırlamaq və indi tələbələrimə eyni həssaslıq və diqqətlə yanaşmaq mənim üçün möhtəşəm bir hissdir. Hər dərs mənim üçün yalnız bilik ötürmək deyil, həm də tələbələrlə qarşılıqlı ilham mübadiləsidir”.
Elmi fəaliyyətlə yanaşı, üzərinə ictimai məsuliyyət də götürür
Neft və Qaz İnstitutunda da üzərinə məsuliyyət götürüb. Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimi ictimai fəaliyyət çərçivəsində çoxsaylı elmi konfranslar, seminarlar və təlimlər təşkil edir: “Bu fəaliyyət mənə həm təşkilatçılıq bacarıqlarımı artırmaq, həm də ictimai məsuliyyətimi daha dərindən dərk etmək imkanı verdi”.
Elm yolunda növbəti mərhələyə hazırlaşır
Elm yolunda artıq müəyyən uğurlar qazanıb: “Gənclər Fondundan qrant qazanmaq, müxtəlif layihələrin iştirakçısı olmaq nailiyyətlərimdəndir. Ən böyük müvəffəqiyyətim isə xarici və yerli elmi jurnallarda dərc olunmuş çoxsaylı elmi məqalələrim, auditoriyalarda elmə olan sevgimi, geologiya elmi ilə bağlı bildiklərimi paylaşdığım tələbələrimdir”.
Amma daha böyük uğurlar da əldə edə biləcəyini düşünür: “Hərdən özümü elm sahəsində daha da irəli gedib çox böyük nailiyyətlər qazanmadığım üçün də qınayıram. Düzdür, bəzən imkanlarım, bəzən resurslarım, bəzən də zaman məhdudiyyətləri buna mane olub, yəni məndən asılı olmayan səbəblər daha böyük rol oynayıb. Ancaq bu düşüncə mənim üçün bir stimuldur – hər gün daha çox öyrənmək, tədqiq etmək və sınamaq arzusu ilə dolu olmağımı təmin edir. Ümid edirəm ki, tutduğum şərəfli və məsuliyyətli elm yolunda uğurlu nəticələr əldə edərək, gələcəyin azərbaycanlı alimi olacağam və bunun üçün də əzmlə, fədakarlıqla çalışıram”.



