“Damcı-damcı sevgi” – Müəllimin pedaqoji gündəliyindən
Pedaqoji fəaliyyət prosesində müəllim yalnız tədris edən deyil, həm də müşahidə edən və mənalandıran şəxsdir. Uşaqların gündəlik ünsiyyətdə işlətdiyi sadə sözlər belə onların emosional və düşüncə dünyası haqqında dərin məlumat verir. Aşağıda təqdim olunan hadisə bu baxımdan maraqlı pedaqoji müşahidə nümunəsidir.
Şagirdlərimdən birinin atası övladına belə bir sual ünvanlamışdır:
– Məni nə qədər sevirsən?
Uşaq tərəddüdsüz cavab vermişdir:
– Su qədər.
Bu cavab valideyn tərəfindən müsbət qarşılanmışdır. Çünki su həyatın əsası, saflıq və davamlılıq rəmzi kimi qəbul edilir. Ata bu cavabdan ruhlanaraq sualı genişləndirmişdir:
– Axar su qədər, eləmi?
Uşaq gülümsəyərək belə cavab vermişdir:
– Yox, damcı-damcı.
Ətrafdakıların gülüşlə qarşıladığı bu cavab pedaqoji baxımdan diqqətəlayiq məna daşıyır. Hadisəni şagirdin nənəsindən eşitdikdən sonra onu təhlil etdim və belə qənaətə gəldim ki, bu ifadə uşağın emosional zəka səviyyəsinin yüksək olduğunu göstərir.
“Damcı-damcı sevmək” anlayışı tələskənlikdən uzaq, ölçülü və dəyər verilərək qurulan münasibəti simvolizə edir. Bu, sevginin daşqın sel deyil, torpağı tədricən bəsləyən yağış kimi qəbul edilməsidir. Uşaq sevgini miqdar baxımından deyil, keyfiyyət baxımından dərk edir. Bu isə onun hisslərini şüurlu şəkildə ifadə edə bilməsi deməkdir.
Bu cavab məni Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ramiz Rövşənin “Yavaş-yavaş sevdim səni” şeirindəki fəlsəfi yanaşma ilə assosiasiya etdirdi. Şagirdin “damcı-damcı” ifadəsi həmin poetik fəlsəfənin uşaq düşüncəsindəki təzahürü kimi qiymətləndirilə bilər. Beləliklə, bədii sözlə həyat arasında təbii əlaqə yaranır.
Hadisəni növbəti gün “İşə gedərkən” rubrikası çərçivəsində sosial mediada ictimaiyyətlə paylaşdım. Məqsəd şəxsi fəaliyyətimi nümayiş etdirmək deyil, uşaqların düşüncə tərzinə diqqət yönəltmək idi. Çünki şagirdlərin gündəlik danışığında ortaya çıxan bu cür ifadələr pedaqoji müşahidə üçün qiymətli materialdır.
Bu təcrübə göstərir ki, şagirdlər bəzən bir sözlə bütöv dünyanı ifadə edə bilirlər. Əsas məsələ həmin sözləri vaxtında eşitmək, dəyərləndirmək və düzgün interpretasiya etməkdir. Bu hekayə müəllimin yaratdığı mətn deyil, uşağın öz düşüncə dünyasının məhsuludur. Müəllim isə yalnız onu müşahidə edən və ictimaiyyətə təqdim edən vasitəçi rolunu oynayır.
“Müəllimin pedaqoji gündəliyi” layihəsinin məqsədi də məhz bu cür real müşahidələri sistemləşdirmək və pedaqoji təcrübəyə çevirməkdir. Çünki pedaqoji gündəlik təkcə dərs planlarının toplusu deyil, uşaqların emosional və intellektual inkişafını əks etdirən canlı mənbədir.
Nəticə etibarilə, təqdim olunan hadisə göstərir ki, pedaqoji təcrübə yalnız metod və texnologiyalardan ibarət deyil. O, uşağın sözündə gizlənən mənanı oxumaq bacarığıdır. “Damcı-damcı” ifadəsi bir uşağın dünyaya baxışını, sevgiyə münasibətini və daxili tarazlığını əks etdirən kiçik, lakin dəyərli pedaqoji nümunədir.
Günay Miriyeva
Evrika beynəlxalq elm və texnologiya liseyinin ibtidai sinif müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.



