Tətbiqi proqramların tədrisində şagird-şagird öyrənməsi modeli – Müəllimin pedaqoji gündəliyindən
2008-ci ildən Azərbaycan Respublikasının təhsil sistemində kurikulumun tətbiqi təhsilimizin uğurlu nəticələrinin başlanğıcı oldu. Müasir kurikulum sistemində təhsil alan şagirdlərdə müstəqil düşüncə, qərarvermə, özünü ifadəetmə və digər həyati bacarıqlar formalaşmaqdadır. XXI əsr bacarıqlarından biri də kompüterdən istifadə səriştəsi informatika dərslərində praktiki mövzuların tədrisi zamanı şagirdlərdə formalaşdırılır.
İnformatika müəllimi olaraq məndə pedoqoji fəaliyyətə başladığım gündən bu günə qədər şagirdlərimdə bu bacarığı tam şəkildə formalaşdırmağa çalışıram. İnformatika fənninin məzmun xəttinə uyğun olaraq hər bir sinifdə tətbiqi proqramların öyrənilməsi və şagirdlərin tətbiqi proqramlardan istifadə etmələrini mənimsəmələri üçün kifayət qədər mövzu, fəaliyyət və layihələr vardır. Dövlət standarlarına uyğun olaraq gündəlik planlaşdırmada bu mövzulara xüsusi yanaşıram. Tətbiq etdiyim və şagirdlərim tərəfindən rəğbətlə qarşılanan üsulu oxuyuculara təqdim etməkdən məmnun olduğumu bildirmək istəyirəm.
Kompüterdə tətbiqi proqramlarla bağlı mövzuları tədris edərkən məşhur Amerika pedaqoqu Edqar Deylin öyrənmə və qavrama səviyyələrini əks etdirən piramidasını əsas götürmüşəm. Belə ki, bu piramidaya əsasən şagird öyrəndiyini imitasiya etdikdə, icra etdikdə və başqasına öyrətdikda qavrama faizi daha yüksək olur (90%) və bu zaman şagirdlərdə təhlil etmək, yaratmaq və dəyərləndirmək kimi yuxarı təfəkkür səviyyəsinə dair bacarıqlar formalaşır.
Tədris prosesində mən əvvəlcə şagirdlərin aktiv iştirakı ilə mövzunu izah edirəm. Sonra şagirdləri cütlərə bölürəm. Xüsusi diqqət yetirdiyim məqam ondan ibarətdir ki, cütlüklər kompüterdə işləmə bacarıqları fərqli səviyyədə olan şagirdlərdən təşkil edilir. Hər bir cüt bir kompüterin qarşısında oturur. Dərslikdə mövzunun tam mənimsənilməsi üçün tətbiqi fəaliyyətlər vardır. Tədris fəaliyyətləri əvvəlcə kompüter bacarıqları daha yüksək olan şagirdlər tərəfindən mənim nəzarətim altında müstəqil şəkildə yerinə yetirilir. Şagirdlərin motivasiyasını artırmaq və dərsdə fəallığı təmin etmək məqsədilə fəaliyyətlərin icrası üçün müəyyən vaxt məhdudiyyəti tətbiq edirəm. Daha sonra cütlük üzvləri yerlərini dəyişirlər və kompüterdə işləmə prosesini nisbətən zəif bacarıqlara malik şagird davam etdirir. Bu zaman onun tərəfdaşı əldə etdiyi bilik və təcrübəni bölüşərək istiqamətləndirici rol oynayır, tapşırığın yerinə yetirilməsində dəstək göstərir. Fəaliyyət müddətində həm öyrədən, həm də öyrənən şagirdlərin səylərini xüsusi vurğulayaraq sağlam əməkdaşlıq və motivasiya mühiti formalaşdırmağa çalışıram. Nəticədə bacarıqları daha yüksək olan şagirdlər öz biliklərini möhkəmləndirir və mentorluq təcrübəsi qazanırlar, digər şagirdlər isə praktiki fəaliyyət vasitəsilə kompüter bacarıqlarını inkişaf etdirərək mövzunu daha yaxşı mənimsəyirlər.
Dərsin refleksiya hissəsində yoldaş qiymətləndirməsi aparıram. Belə ki, cütlükdə olan şagirdlər biri digərinə fəaliyyətinə əsasən rəy verir. Məsələn, fəaliyyəti daha yaxşı izah etdi, fəaliyyəti düzgün yerinə yetirməyi bacardı və s. Dərs bitdikdən sonra apardığım sorğu zamanı şagirdlərim dərsin bu formatda olması onlar üçün daha maraqlı və əyləncəli olduğunu vurğulayırlar və özləri ilə qürur duyduqlarını söyləyirlər. Bu da məni çox sevindirir. Çünki fikrimcə, şagirdin motivasiyası nə qədər yüksək olsa tədrisin keyfiyyəti də bir o qədər artacaq. Bu üsul dərsi mənimsəməklə bərabər eyni zamanda şagirdlərdə gələcəkdə bir şəxsiyyət kimi formalaşmaları üçüm vacib xüsusiyyət olan özünəinam, qərarvermə, əməkdaşlıq kimi həyati bacarıqları da formalaşdırır.
Nərmin Rəhimova
Cəlilabad rayonu Muğan kənd tam orta ümumtəhsil məktəbinin riyaziyyat və informatika müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.


