"Danışan divarlar": Masallıda ədəbiyyatın yeni təqdimat forması

2 Mart, 2026 - 12:21
"Danışan divarlar": Masallıda ədəbiyyatın yeni təqdimat forması

Masallı rayon təhsil sektorunun təşəbbüsü ilə fevralda rayon məktəblərində keçirilən “Startap və İnnovasiya” ayı çərçivəsində təqdim edilən innovativ layihələrdən biri də Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə reallaşdırılan “Danışan divarlar”dır. 

Layihənin icraçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nilufər Rəcəblinin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, Azərbaycan ədəbiyyatının 25 görkəmli nümayəndəsinin portreti məktəbin dəhlizinin divarlarında yerləşdirilib.

“Hər portretin üzərində xüsusi QR kod yerləşdirilib. Şagirdlər mobil telefon vasitəsilə həmin kodu skan etməklə ədiblərin həyat və yaradıcılığı haqqında audioməlumatı dinləyə bilirlər. Layihənin əsas özəlliyi isə audiomətnlərin peşəkar diktorlar tərəfindən deyil, məhz məktəbin şagirdləri tərəfindən səsləndirilməsidir. Bu yanaşma şagirdlərin natiqlik bacarıqlarının inkişafına, klassik ədəbi irsə marağın artmasına və milli kimlik şüurunun möhkəmlənməsinə xidmət edir. Artıq məktəb divarları sadəcə vizual informasiya daşıyıcısı deyil, “canlı” bir muzey funksiyasını yerinə yetirir. Şagirdlər ədibləri yalnız oxumur, onların irsini dinləyir, hiss edir və yaşayırlar”.

“Biz divarları danışdırdıq ki, gənclərimiz tarixin səsini heç vaxt unutmasınlar” 

Müəllim bildirir ki, layihənin məqsədi ədəbiyyatı dərsliklərin məhdud çərçivəsindən çıxararaq şagirdlərin gündəlik istifadə etdiyi rəqəmsal texnologiyalar vasitəsilə daha əlçatan və cəlbedici formada təqdim etməkdir: “Eyni zamanda, 25 böyük ədibin irsinin vizual və audioformatda təbliği, məktəb mühitinin interaktiv təhsil məkanına çevrilməsi əsas hədəflər sırasındadır. Təşəbbüs pilot layihə kimi başlayıb, gələcəkdə respublikanın digər ümumtəhsil məktəblərində də tətbiq oluna bilər”.

Layihə müəllifinin sözlərinə görə, əsas məqsəd gənc nəslin yalnız bilik alan deyil, eyni zamanda milli irsi daşıyan və yaşadan vətəndaş kimi formalaşmasına töhfə verməkdir. “Biz divarları danışdırdıq ki, gənclərimiz tarixin səsini heç vaxt unutmasınlar”, – deyə layihə rəhbəri qeyd edib.