Dini inanc azadlığı təzyiq vasitəsinə çevrilməməlidir

12 Oktyabr, 2026 - 19:21
Dini inanc azadlığı təzyiq vasitəsinə çevrilməməlidir

“Məktəblərdə baş örtüyü və vahid geyim qaydaları ətrafında baş verən hadisələrə yalnız dini etiqad azadlığı prizmasından yanaşmağı doğru hesab etmirəm. Bu, həm də dövlətin dünyəvi prinsipləri, təhsil siyasəti və uşaqların hüquqları ilə bağlı həssas məsələdir. Orta ümumtəhsil müəssisələrində müəyyən edilmiş qaydalara riayət olunması hər kəsin, o cümlədən valideynlərin məsuliyyətidir”.

 Bu fikirləri Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının dosenti Kubra Ələkbərova “Azərbaycan müəllimi”nə açıqlamasında deyib. 

Dosent məktəblərdə baş örtüyü və vahid geyim qaydaları ilə bağlı müzakirələrin yalnız dini etiqad azadlığı çərçivəsində qiymətləndirilməməli olduğunu bildirib: “Xüsusilə azyaşlı qız uşaqlarına baş örtüyünün məcburi şəkildə bağlatdırılması məsələsi bir təhsil işçisi olaraq məni də narahat edir. Uşağın yaşına, psixoloji inkişafına və seçim imkanlarına diqqət yetirilməlidir. Valideynin dini etiqadı uşağın fərdiliyini və hüquqlarını kölgədə qoymamalıdır”.

K.Ələkbərova vurğulayıb ki, digər ciddi məsələ isə dini radikalizmin və xarici ideoloji təsirlərin təhsil mühitinə daşınması riskidir: “Dini inanc azadlığı dövlətin dünyəvi prinsiplərinə qarşı təzyiq vasitəsinə çevrilməməlidir".

Kubra Ələkbərovanın sözlərinə görə, ən çox narahatlıq doğuran məqamlardan biri də qadınların və xüsusilə azyaşlı qızların bu proseslərdə ideoloji mübarizənin alətinə çevrilməsi ehtimalıdır: “Heç bir siyasi və ya dini məqsəd uşaqların üzərindən həyata keçirilməməlidir. Dünyəvilik dinə qarşı olmaq deyil. Dünyəvilik heç kimin öz dini baxışlarını başqalarına məcbur etməməsi, dövlət qaydalarının isə dini ideologiyalarla deyil, qanunlarla müəyyən edilməsidir. Mən Azərbaycanın dünyəvi dövlət prinsiplərinin, qanunun aliliyinin və dövlət təhsil siyasətinin qorunmasını dəstəkləyirəm. Eyni zamanda, bu prosesdə hər bir uşağın təhsil hüququnun, təhlükəsizliyinin qorunmasını vacib sayıram.Nə dövlətin dünyəvi prinsipləri güzəşt mövzusuna çevrilməli, nə də qız uşaqları böyüklərin ideoloji qarşıdurmasının yükünü daşımalıdır”.