Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır

15 Aprel, 2026 - 15:32
Dövlət Proqramında prioritet ixtisaslar artırılır: İKT sahələrinə maraq çoxalır

“Mədəniyyət və incəsənət sahəsi üzrə də prioritet istiqamətlər müəyyənləşdirilib. Ümumilikdə 15 prioritet ixtisas sahəsi təsdiq olunub və 2025-ci ilin mart ayından etibarən bu sahə ayrıca zəruri istiqamət kimi müəyyən edilib. Bu istiqamət ötən ildən Dövlət Proqramına əlavə olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Təhsil TV-nin qonağı olarkən deyib.

Qədir Xəlilov bildirib ki, ötən il mədəniyyət və incəsənət sahəsi üzrə 9 proqram mövcud idisə, cari ildə onların sayı 19-a çatdırılıb və proqramlar dünyanın nüfuzlu universitetlərini əhatə edir.

Onun sözlərinə görə, qloballaşma fonunda kommunikasiya və informasiya texnologiyalarının sürətli inkişafı bu sahələrə marağı artırır: “Aparılan təhlillər göstərir ki, Dövlət Proqramında iştirak edən namizədlərin əhəmiyyətli hissəsi məhz bu istiqamətləri seçir.”

Eyni zamanda vurğulanıb ki, digər ixtisas sahələri də diqqətdən kənarda qalmır və həmin istiqamətlər üzrə də nüfuzlu universitetlərə müraciətlər davam edir. Namizədlərin nəticələri uyğun olduğu halda onlar da Dövlət Proqramının iştirakçısı olmaq imkanı qazanırlar.