“Dövlətin təhsil siyasətində sağlam nəsil prinsipi ön plandadır” - Vüqar İskəndərov
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də gələcək vətəndaşın şəxsiyyət kimi formalaşdığı ilk ciddi ictimai mühitdir. Burada uşağa riyaziyyat, tarix, ədəbiyyat öyrədildiyi kimi, nizam-intizam, məsuliyyət, bərabərlik və kollektivə hörmət də aşılanmalıdır. Vahid məktəbli formasına və müəllimlərin işgüzar geyiminə məhz bu prizmadan yanaşmaq lazımdır".
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov "Azərbaycan müəlliminə" açıqlamasında deyib.
Onun fikrincə, məsələnin ən mühüm tərəfi sosial bərabərlikdir:
"Məktəb elə bir məkan olmalıdır ki, uşaqlar bir-birindən geyiminin qiymətinə, brendinə, yaxud ailəsinin maddi imkanlarına görə deyil, biliyinə, bacarığına və davranışına görə fərqlənsinlər. Uşağın geyindiyi paltar valideyninin cibini deyil, məktəbə mənsubiyyətini göstərməlidir. Vahid forma bu baxımdan sosial fərqlərin nümayişini azaltmağa, uşaqlar arasında sağlam psixoloji mühit yaratmağa xidmət edə bilər.
Müəllimlərin işgüzar geyimi məsələsində də əsas məqam peşəkar mühitin qorunmasıdır. Müəllim yalnız dərs keçmir, həm də davranışı, nitqi, xarici görünüşü ilə nümunə yaradır. Lakin işgüzar geyim tələbi müəllimin fərdiliyini məhdudlaşdıran sərt qaydaya çevrilməməli, səliqə, rahatlıq və peşə etikasına əsaslanmalıdır".
Deputat qeyd edib ki, burada bir mühüm sosial həssaslığı da unutmamalıyıq:
"Vahid forma ailələrin büdcəsinə əlavə yük yaratmamalıdır. Qiymətlərin əlçatanlığı, keyfiyyət və aztəminatlı ailələrin imkanları mütləq nəzərə alınmalıdır. Çünki sosial bərabərlik yaratmaq məqsədi daşıyan təşəbbüsün özü yeni sosial çətinlik doğurmamalıdır.
Nəticə etibarilə, vahid forma məktəbdə zahiri bərabərliyi, keyfiyyətli təhsil isə real imkan bərabərliyini təmin etməyə yönəlməlidir. Əsas məqsəd hamını eyni geyindirmək deyil, hər bir uşağın özünü eyni dərəcədə dəyərli hiss etdiyi məktəb mühiti formalaşdırmaqdır. Dövlətin təhsil siyasətində də insan amili, sosial ədalət və sağlam gələcək nəsil prinsipləri daim ön planda dayanır".




