Dünənin və bu günün valideynləri: Onların təhsilə baxışı necə dəyişib?
Valideynlər, eləcə də ailənin digər üzvlərinin uşaqlara qarşı münasibəti onların davranış mexanizmində, ətraf mühitdəki yerində özünəməxsus rol oynayır. Ailə məktəbə, cəmiyyətə fərd təqdim edir. O, ətraf mühitin, məktəbin, valideynlərin qarşılıqlı və düzgün qurduğu əlaqələr əsasında yararlı şəxsiyyət kimi yetişir.
Yəni ailədən başlayan sağlam ünsiyyət sağlam gəncliyin, cəmiyyətin formalaşmasında danılmaz faktordur. Bəs valideynlər övladlarının məktəb həyatı - dərsə hazırlığı, davamiyyəti ilə necə maraqlanırlar? Zamanın dəyişməsi valideynlərin də təhsilə baxışının dəyişməsinə səbəb olubmu? Keçmiş, yoxsa indiki dövrün valideynləri uşaqlara daha çox diqqət ayırırlar? Bir sözlə, əvvəlki və müasir dövrün valideynləri arasında fərqlər varmı?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi” uzun müddətdir ki, pedaqoji fəaliyyət göstərən müəllimlərlə həmsöhbət olub, onların fikirlərini öyrənib.
"Əvvəlki dövrün valideynləri tədris prosesinə az müdaxilə edirdilər"
17 ildir ki, Qubadlı rayonu Əliquluuşağı kənd tam orta ümumtəhsil məktəbində işləyən Sevda Dəmirova deyir ki, əvvəlki dövrün valideynlərinin məktəb və müəllimə münasibəti fərqli olub. Necə deyərlər, müəllimi mütləq qüvvə kimi qəbul edirdilər, “müəllim nə deyirsə, doğrudur” düşüncəsi üstün idi, məktəbin qərarlarına az etiraz edirdilər.
Müasir dövrün valideynləri isə bir az fərqli aspektdən yanaşırlar. Belə ki, müəllimi tərəfdaş kimi görürlər, amma hər zaman qərarlarla razılaşmırlar. Müəllimin metodunu, qiymətləndirməni daha çox araşdırır. Fikirlərincə, hər bir hərəkətləri və müdaxilələri ilə uşaqlarının hüquqlarını daha fəal şəkildə müdafiə edirlər.
Sevda müəllim valideyn iclasları, ailədaxili yanaşma, dövrün tələbləri, informasiya axını ilə bağlı mövzulara da toxunur.
“Əvvəlki dövrdə valideyn, əsasən, iclasdan iclasa məktəblə əlaqə saxlayırdı. Tədris prosesinə az müdaxilə edirdi. İndi isə dövr dəyişib. Valideyn onlayn resurslarla daim məktəblə əlaqə qurur, dərs proqramı, ev tapşırıqları, qiymətlərə daha çox nəzarət edirlər:
"Bəzən həddindən artıq müdaxilə də olur. Sonra qeyd etmək istərdim ki, əvvəllər uşaqdan itaət (bu, bir az kobud səslənə bilər), intizam və səbir gözlənilirdi. Uşağın fikri az soruşulurdu. Ancaq indi fərqlidir, uşağın psixoloji vəziyyəti, fikri və maraqları ön plandadır. Uşaq mərkəzli yanaşma, şagirdyönümlülük geniş yayılıb. Şagird ön plandadır, müəllim sadəcə fasilitatordur”.
“Məsuliyyətin yalnız məktəbdən gözlənilməsi halları da olur”
Həmsöhbətim əvvəl məlumat mənbəyinin daha çox müəllim və dərslik olduğunu bildirir. İndi isə vəziyyət dəyişib. Əldə etmək istədiyiniz məlumatı saytlar, müxtəlif xəbər mənbələri vasitəsilə çox qısa zamanda əldə etmək mümkündür.
“Gəlin mövzuya bir də belə yanaşaq: hüquq və məsuliyyət anlayışı cəhətdən. İndi izah edim: əvvəl məsuliyyət daha çox uşağın və müəllimin üzərində idi. Valideyn arxa planda qalırdı. Müasir dövrdə isə valideyn özünü prosesin bir hissəsi sayır. Hüquqlarla yanaşı, məsuliyyət anlayışı da dəyişib. Bəzən məsuliyyətin yalnız məktəbdən gözlənilməsi halları da olur”.
Bütün bunlarla yanaşı, üstünlüklər və çətinlikləri də qeyd etməsək olmaz. “Müasir valideynlər daha savadlı və məlumatlıdırlar. Uşağın rifahını, istəklərini, maraqlarını daha çox düşünürlər. Çətinliklərə gələndə, müəllim–valideyn münasibətlərində gərginlik yarana bilir. Uşağın hər çətinliyində məktəbi günahlandırma halları artır”.
Yekunda ailədaxili yanaşmadan söz açan müsahibim əvvəlki dövrdə valideynlərin məktəblə münasibətinin daha çox müəllim əsaslı olduğunu, müasir dövrdə bu münasibətin dialoq və əməkdaşlıq üzərində qurulduğunu deyir.
“Ən ideal yanaşma isə hər iki dövrün müsbət cəhətlərini birləşdirməkdir: müəllimə hörmət göstərmək, eyni zamanda valideynin məsuliyyətli və ölçülü şəkildə təhsil prosesində iştirak etməsi və şagirdlərin hüquq və vəzifələrini onlara anladaraq düzgün istiqamətləndirməkdir”.
"Valideynlər hörmət və intizam məsələlərinə daha çox diqqət göstərirdilər"
“Təbii ki, hər birinin özünə görə müsbət və mənfi tərəfləri var. Əvvəlki dövrün valideynləri övladlarının tərbiyəsinə və təhsilinə eyni dərəcədə önəm verirdilər. Çünki tərbiyənin olmadığı yerdə təhsil kölgədə qalır”. Bu fikirləri növbəti müsahibim Arzu İbadova deyir.
21 ildir ki, pedaqoji fəaliyyət göstərən Arzu müəllim 2004-cü ildə Göyçay şəhər 7 nömrəli orta məktəbdə işə başlayıb, 2007- ci ildən isə Laçın rayon Çıraqlı kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
Söhbət zamanı o, bu günün şagirdinin gələcəyin azad, müstəqil vətəndaşı olduğunu unutmamalı olduğumuzu deyir.
“Yəni əvvəlki valideynlər övladın yetişdirilməsində hörmət və intizam məsələlərinə daha çox diqqət göstərirdilər. Fikrimcə, bu, məsələnin müsbət tərəfidir. Mənfi cəhətləri də, təbii ki, var idi. Bəzən valideynlər uşağın istək və arzularını heç nəzərə almırdılar. Müasir valideyn isə daha savadlı və dünyagörüşlü bir vətəndaşdır. Övladını yetişdirərkən nə istədiyini daha yaxşı anlayır”.
“Bəzən valideyn övlada lazım olan sərhədi, çərçivələri göstərməkdə çətinlik çəkir”
A.İbadova müasir valideynlərin övladlarına təkcə arxa, dayaq yox, həm də dost, yoldaş olmaq prinsipi ilə yanaşdığını bildirir. Uşağın kiçik yaşlarından valideynin hərtərəfli qayğısı ilə böyüməsindən, onlar üçün daha demokratik və rahat bir mühit formalaşdırmağın vacibliyindən danışır.
“Bəzən valideyn övlada lazım olan sərhədi, çərçivələri göstərməkdə çətinlik çəkir. Bu da yeni nəslin tərbiyə məsələlərində böyük problemlər yaradır. Övlad olaraq ərköyün, hər istədiyini əldə etməyə öyrənən, daim bütün istəkləri həyata keçən həmin uşaqlar cəmiyyətə uyğunlaşakən fərd olaraq çətinlik çəkirlər. Onlar valideynlərindən gördükləri həddən artıq qayğını, nəvazişi hər yerdə görmək istəyirlər. Məhz belə yanaşmalar cəmiyyətdə neqativ hallara gətirib çıxarır. Məncə, əvvəlki valideynlərdə olan hörmət və intizam indiki valideynlərdə olan azadlıq və anlayışla birləşsə, ortaya çox gözəl bir tərbiyə üsulu çıxar”.
"Müasir valideynlərdə sanki "qonşudan geri qalmayım" prinsipi önə çıxıb"
Digər həmsöhbətim olan Ləman Nəcəfova işlədiyi dövrdə valideynlər və şagirdlər tərəfindən xoşagəlməz hadisələrlə qarşılaşmadığını deyir. O, ilk olaraq Sumqayıtda yerləşən Zəngilan rayon 19 nömrəli, sonra isə işğaldan azad olunmuş Ağalı məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
“Fəaliyyət dövrümdə saysız valideynlə işləmişəm. Sizə bir şey deyim, insan özünə hörmət qoyanda peşəsindən asılı olmayaraq hörmət də görür. Gələk əsas məsələyə, keçmiş və müasir dövrə. Bu, mənfi, yaxud müsbət cəhət sayılarmı, bunu dəqiq deyə bilmərəm, amma müasir valideynlərdə sanki "qonşudan geri qalmayım" prinsipi önə çıxıb. Biz buna daha çox “bəhs etmək” deyirik. Məsələn, ən sadə misal göstərim: övladımın şagird yoldaşının valideyni məktəbə 3 dəfə gəlibsə, mən 4 dəfə gedim. Bəs bu gedişlərdə nə əldə olunur? Əsas məqsəd nədir? Bax burada qalırıq. Nəticə varmı? Əksər hallarda təəssüf ki, yox".
"Ailədə qoyulan bir tərbiyə üzərində işləmək daha yaxşı olar…"
Ləman müəllim məsuliyyət yüklənməsindən danışır. Ancaq bəzən bu yersiz olur. “Sözsüz ki, hər işdə məsuliyyət olmalıdır. Hər kəs işinin məsuliyyətini, peşəsinin aliliyini dərk etməlidir. Ancaq bəzən yersiz yüklənən məsuliyyətlər də olur. Belə deyək, verilən tapşırıqların yaxud məktəbdə keçilən dərslərin sadəcə müəllim tərəfindən diqqətdə saxlanması. Bu, valideynlərin də nəzarətində olmalıdır. Müsbət nəticə əldə olunması üçün üçlü çalışma lazımdır: müəllim-şagird-valideyn.
Məsələn, valideynlər dərslərdə iştirak edə bilərlər. Biz bunu “WhatsApp” qruplarında da qeyd edirik. Bu, şagirdin bir az daha diqqətli olması deməkdir. Bəzən hansısa dərs prosesi ilə bağlı məlumat veririk. Ancaq bəzi valideynlərdən reaksiya olmur. Bu artıq diqqətsiz yanaşmadır. Valideyn gün ərzində övladının məktəbdə günü, dərsinin necə keçməsi, şagirlərlə arasında olan münasibətlər ilə maraqlanmalıdır. Özlüyündə müəyyən nəticələr çıxarmalıdır.
Məktəb təlim-tərbiyə müəssisədir, bəli. Ancaq ailədən qoyulan bir tərbiyə üzərində işləmək daha yaxşı olar, nəinki bunu sırf məktəbdə formalaşdırmaq. Axı tədris üçün də vaxt qalmalıdır.
Əsas onu diqqətdə saxlamaq istərdim ki, bütün valideynlər övladları ilə maraqlanmalı, onların vaxtlarının necə keçdiyini soruşmalıdır. Sıxmaq yox, onlara dəstək olmaqla”.


