Dünya ölkələrinin 58 faizində məktəblərdə smartfonlar qadağan edilib
Mobil telefonların məktəblərdə istifadəsinin qadağan edilməsi son illərdə dünyada geniş yayılan siyasətə çevrilib. Smartfonlar dərsdə diqqəti yayındıran və şagirdlərin rifahına potensial təhlükə yaradan amil kimi qiymətləndirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, UNESCO-nun Qlobal Təhsilin Monitorinqi (GEM) məlumatlarına görə, dünyada 114 təhsil sistemində məktəblərdə mobil telefonlardan istifadəyə milli səviyyədə qadağa qoyulub. Bu, dünya üzrə ölkələrin 58 faizini təşkil edir. 2023-cü ilin iyununda bu göstərici 24 faiz, 2025-ci ilin əvvəlində isə 40 faiz olub.
Son dövrdə Boliviya, Kosta Rika, Xorvatiya, Gürcüstan, Maldiv adaları və Malta da məktəblərdə telefon istifadəsinə milli səviyyədə qadağa tətbiq edən ölkələr sırasına qoşulub. Qaydalar ölkələr üzrə fərqlənir. Bəzi yerlərdə telefonların bütün məktəb günü ərzində istifadəsi qadağan edilir, bəzi təhsil sistemlərində isə yalnız dərs zamanı istifadəyə məhdudiyyət qoyulur. Bəzi ölkələrdə təhsil məqsədləri, xəstəlik və ya əlillik kimi xüsusi hallar üçün istisnalar nəzərdə tutulur.
Bununla yanaşı, bütün ölkələr tam qadağanı seçmir. Komor adaları, Kolumbiya, Estoniya, Litva, İslandiya, Peru, İndoneziya, Serbiya, Polşa və Filippin kimi ölkələrdə məktəblərdən telefon istifadəsini məhdudlaşdıran qaydalar hazırlamaq tələb olunur.
ABŞ-də ölkə üzrə vahid qadağa yoxdur. Bununla belə, 39 ştatda ya telefon istifadəsinə ştat səviyyəsində qadağa tətbiq edilir, ya da məktəb dairələrindən siniflərdə telefon istifadəsini məhdudlaşdıran qaydalar qəbul etmək tələb olunur.
Məktəblərdə telefonlara məhdudiyyət qoyulması ilə bağlı müzakirələrin əsas səbəbləri arasında dərs zamanı diqqətin yayınması, kiberbullinq və rəqəmsal mühitin uşaqlara təsiri ilə bağlı narahatlıqlar dayanır.
Materialda vurğulanır ki, telefonların qadağan edilməsi rəqəmsal mühitlə bağlı bütün problemləri həll etmir. Məktəblər eyni zamanda şagirdlərə rəqəmsal savadlılıq və tənqidi düşünmə bacarıqları qazandırmalı, onlara internetdə məlumatı qiymətləndirməyi, ekran vaxtını idarə etməyi və rəqəmsal platformaların yaratdığı riskləri anlamağı öyrətməlidir.
Beləliklə, müxtəlif ölkələrdə yanaşmalar fərqli olsa da, müzakirə artıq yalnız telefonların məktəbdə qadağan edilib-edilməməsi ilə məhdudlaşmır. Əsas diqqət texnologiyanın təhsil prosesində necə və hansı məqsədlə istifadə olunmasına yönəlir.




