Elxan Nəcəfov: Sertifikasiyada könüllü iştirak müəllimin öz inkişafına verdiyi dəyərin göstəricisidir
Naxçıvan Muxtar Respublikasında müəllimlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi təhsil ictimaiyyətində maraqla qarşılanıb. Xüsusilə 70-dən artıq müəllimin könüllü şəkildə prosesə qoşulması və 2-3 may tarixlərində keçirilən imtahanlarda onların əksəriyyətinin yüksək nəticə əldə etməsi diqqətçəkən məqamlardandır. Bu isə müəllimlərin peşəkar inkişafa artan marağını və təhsil sistemində formalaşan sağlam rəqabət mühitini bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov “Azərbaycan müəllimi”nin suallarını cavablandırıb.
- Naxçıvanda sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsində 70-dən artıq müəllimin könüllü iştirak etməsi və yüksək nəticələr əldə etməsi nəyi ifadə edir?
- Bu, ilk növbədə, onu göstərir ki, müəllimlərimiz daim inkişaf etməyə açıqdır və öz bilik, bacarıqlarını obyektiv qiymətləndirməkdən çəkinmirlər. Xüsusilə qeyd etmək istəyirəm ki, könüllü iştirak edən müəllimlər arasında 60 yaşdan yuxarı təcrübəli pedaqoqların olması və onların yüksək nəticələr göstərməsi çox sevindirici haldır.
Bu fakt sübut edir ki, müəllimlik peşəsində yaş deyil, peşəkarlıq, məsuliyyət və öz üzərində işləmək əsasdır. Bu həm də Naxçıvan təhsil mühitində sağlam rəqabətin və motivasiyanın formalaşdığını göstərir.
- Müxtəlif yaş qruplarından olan müəllimlərin uğur qazanmasını necə qiymətləndirirsiniz?
- Naxçıvan məktəblərində gənc, orta yaşlı və qocaman müəllimlərin birgə fəaliyyəti bizim əsas üstünlüklərimizdəndir. Sertifikasiya prosesi bir daha göstərdi ki, bu fərqli nəsillər bir-birini tamamlayır. Gənc müəllimlər müasir texnologiyalara, innovativ yanaşmalara daha çevik uyğunlaşırlar. Təcrübəli müəllimlər isə sinif idarəçiliyi, şagirdlərlə düzgün pedaqoji münasibət, valideynlərlə effektiv ünsiyyət kimi sahələrdə zəngin bilik və bacarıqlara malikdirlər. Bu vəhdət də məktəblərimizin keyfiyyətini artıran əsas amillərdəndir.
- Necə düşünürsünüz, gənc müəllimlər təcrübəli həmkarlarından nəyi öyrənməlidir?
- Gənc müəllimlər üçün ən vacib öyrənmə mənbələrindən biri məhz təcrübəli həmkarlarıdır. Onlar qocaman müəllimlərdən, snif idarəçiliyi bacarıqlarını, şagirdə fərdi yanaşma metodlarını,valideynlərlə düzgün ünsiyyət qurma yollarını, müəllim nüfuzunun qorunmasını, pedaqoji etik davranışı öyrənməlidirlər.
Eyni zamanda biz istəyirik ki, bu proses qarşılıqlı olsun. Yəni gənc müəllimlər də öz texnoloji biliklərini və yenilikçi yanaşmalarını təcrübəli müəllimlərlə paylaşsınlar.
- Gələcəkdə könüllü iştirakın artması üçün hansı təşviq mexanizmləri nəzərdə tutulur?
- Könüllü iştirak müəllimin öz inkişafına verdiyi dəyərin göstəricisidir və biz bu yanaşmanı xüsusi olaraq dəstəkləyirik. Bu istiqamətdə əsas məqsədimiz müəllimlər üçün həm motivasiyaedici, həm də ədalətli mühit formalaşdırmaqdır.
İlk növbədə, yüksək nəticə göstərən müəllimlər üçün maddi və mənəvi təşviq mexanizmləri tətbiq olunur. Eyni zamanda sertifikasiya prosesinin şəffaf, obyektiv və əlçatan şəkildə təşkili müəllimlərdə inam yaradır. Bu inam könüllü iştirakın davamlı olmasının əsas şərtlərindən biridir.
Gələcək mərhələlərdə isə biz maarifləndirmə işlərini daha da genişləndirməyi, uğur qazanan müəllimlərin təcrübəsini paylaşmağı və mentorluq mexanizmlərini gücləndirməyi planlaşdırırıq. Məqsəd odur ki, sertifikasiya yalnız qiymətləndirmə prosesi kimi deyil, müəllimlərin davamlı inkişaf platforması kimi qəbul olunsun. İnanırıq ki, bu yanaşma müəllimlərimizin növbəti illərdə də prosesə daha fəal və könüllü şəkildə qoşulmasına müsbət təsir edəcək.
- Ümumilikdə bu sertifikasiya prosesi hansı nəticələri ortaya qoydu?
- Bu proses bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikasında təhsil sistemi sağlam əsaslar üzərində qurulub. Müxtəlif yaş qruplarından olan müəllimlərin uğurları sübut edir ki, burada həm təcrübə, həm də yenilik paralel inkişaf edir. Əminliklə deyə bilərik ki, müəllimlərimiz arasında əməkdaşlıq, qarşılıqlı öyrənmə və inkişaf mühiti məktəblərimizin əsas gücüdür.
- Son olaraq İmtahanda köünllü iştirak edən qocaman müəllimlərə müraciətiniz necə olardı?
- Dəyərli müəllimlərimiz, siz uzun illər ərzində minlərlə şagirdin həyatına işıq salmış, cəmiyyətə faydalı vətəndaşlar yetişdirmisiniz. Sertifikatlaşdırma prosesində göstərdiyiniz fəallıq və əldə etdiyiniz nəticələr bir daha sübut etdi ki, siz bu gün də təhsil sistemimizin əsas sütunlarından birisiniz.
Sizin təcrübəniz bizim üçün böyük məktəbdir. İnanırıq ki, siz bundan sonra da gənc müəllimlər üçün örnək olacaq, öz bilik və bacarıqlarınızı onlarla bölüşəcəksiniz.



