Emin Əmrullayev: Qızların təhsilinə dəstək yalnız bir qurumun işi olmamalıdır

22 Oktyabr, 2026 - 15:53
Emin Əmrullayev: Qızların təhsilinə dəstək yalnız bir qurumun işi olmamalıdır

“Beş il əvvəl başladığımız “Qızların təhsilinə dəstək” layihəsi ilkin mərhələdə az sayda iştirakçını əhatə edirdisə, bu gün artıq yüzlərlə qızın təhsilinə dəstək göstərilir. Layihənin genişlənməsi qızların təhsil imkanlarının artırılması istiqamətində görülən işlərin mühüm nəticələrindən biridir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu “Qızların təhsilinə dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, layihənin məqsədi müxtəlif səbəblərdən təhsilini davam etdirməkdə çətinlik çəkən qızlara dəstək göstərməkdir:

“Qızların təhsili yalnız onların şəxsi inkişafı baxımından deyil, bütövlükdə cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Təhsilli qadınlar gələcək nəslin yetişməsində mühüm rol oynayırlar. Beynəlxalq qiymətləndirmələr və tədqiqatlar da göstərir ki, anaların təhsil səviyyəsi övladlarının təhsil nəticələri ilə sıx bağlıdır”.

E.Əmrullayev qeyd edib ki, qızların təhsilinə yatırılan vəsait uzunmüddətli perspektivdə bir neçə nəslin inkişafına təsir göstərə bilər:

“Bu gün bir qızın təhsilinə qoyulan investisiya yalnız həmin şəxsin həyatını dəyişmir. Bu, gələcək nəsillərin daha yaxşı təhsil almasına və bütövlükdə cəmiyyətin inkişafına töhfə verən addımdır”.

Nazir bildirib ki, qızların təhsilinin və müstəqil şəxsiyyət kimi inkişafının dəstəklənməsi yalnız bir qurumun fəaliyyəti ilə məhdudlaşmamalıdır. Bu istiqamətdə məktəblərin, ailələrin, dövlət qurumlarının və digər tərəfdaşların birgə əməkdaşlığı vacibdir.