Eyni tapşırıq, fərqli şagirdlər: inklüziv sinifdə səssiz qalan uşaqlar bizə nə demək istəyir?

20 Fevral, 2026 - 10:04
Eyni tapşırıq, fərqli şagirdlər: inklüziv sinifdə səssiz qalan uşaqlar bizə nə demək istəyir?

Bəzən dərsdə hər şey plan üzrə gedir: tapşırıq hazırlanıb, izah edilib, vaxt ayrılıb. Amma nəticə gözlədiyimiz kimi olmur. Eyni tapşırıq bir şagirdi irəli aparır, digərini isə səssizliyə çəkir. Məhz belə anlar müəllimi düşünməyə vadar edir.

Sinifdə eyni tapşırığı verdiyim bir dərsi xatırlayıram. Tapşırıq nə çətin idi, nə də izahı qarışıq. Bir neçə şagird dərhal aktivləşdi, fikirlərini bölüşdü, suallar verdi. Amma sinfin küncündə oturan bir şagird vardı: sakit, diqqətli, amma tam səssiz. Nə əl qaldırdı, nə də cavab verməyə çalışdı. İlk baxışdan elə göründü ki, tapşırıq onu maraqlandırmadı və ya çətin gəldi.

Dərsdən sonra dəftərləri yoxlayanda həmin şagirdin tapşırığı yerinə yetirdiyini gördüm. Üstəlik, bəzi məqamları digərlərindən daha fərqli və düşünülmüş şəkildə yazmışdı. O an özümə verdiyim sual sadə idi, amma cavabı düşündürücü: eyni tapşırıq niyə bir şagirdi irəli çəkir, digərini isə səssizliyə aparır?

İnklüziv sinifdə səssizlik çox vaxt yanlış yozulur. Biz bəzən səssiz qalan şagirdi passiv, maraqsız və ya zəif hazırlıqlı hesab edirik. Halbuki səssizlik hər zaman fəaliyyətsizlik demək deyil. Bəzi şagirdlər dinləyərək, müşahidə edərək və daxilən düşünərək öyrənirlər. Xüsusilə inklüziv mühitdə olan uşaqlar üçün danışmaq bəzən riskli görünür – səhv deməkdən, diqqət mərkəzinə düşməkdən, müqayisə olunmaqdan çəkinirlər.

Zamanla anladım ki, problem tapşırığın özündə deyil, onun təqdim olunma formasındadır. Eyni tapşırıq bir şagird üçün özünü ifadə imkanıdırsa, digəri üçün psixoloji baryerə çevrilə bilər. Şifahi cavab tələb edən tapşırıq danışmaqda çətinlik çəkən şagirdi susdura bilər, zaman məhdudiyyəti olan tapşırıq diqqətini gec toplayan uşağı geridə qoya bilər, hamının qarşısında cavab vermək isə introvert şagird üçün əlavə gərginlik yarada bilər.

Bu müşahidələrdən sonra dərslərdə kiçik dəyişikliklər etməyə başladım. Bəzən cavabları yazılı almağa, bəzən şagirdləri cütlərlə müzakirəyə yönəltməyə, bəzən isə “fikrini dəftərində yaz, paylaşmaq məcburi deyil” deməyə üstünlük verdim. Nəticədə əvvəl səssiz qalan şagirdlərin daha rahat olduğunu gördüm. Hamı danışmadı, amma hamı öyrənmə prosesinin bir hissəsinə çevrildi.

Bu təcrübə mənə bir daha göstərdi ki, inklüzivlik təkcə fərqli ehtiyacları tanımaq deyil, həm də müəllimin öz mövqeyini yenidən gözdən keçirməsidir. Bəzən müəllim özünə belə suallar verməlidir: bu tapşırıq kimlər üçün uyğundur, kimlər üçün çətindir? Səssiz qalan şagird həqiqətən anlamır, yoxsa sadəcə danışmaq istəmir? Mən hamıya eyni cür yanaşıram, yoxsa ədalətli yanaşıram?

Bu yazını mükəmməl dərs keçən müəllim kimi yox, hər dərsdən sonra düşünən və öyrənən müəllim kimi yazdım. İndi daha yaxşı başa düşürəm ki, sinifdə parlayan şagirdlər qədər səssiz qalan şagirdlər də bizə çox şey deyir. Sadəcə onları eşitmək üçün bəzən qulaq yox, diqqətli müşahidə lazımdır.

Günay Əkbərova
Zəngilan rayon 33 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.