Avropa məktəblərində dayanıqlı təhsil sistemi: siyasi təhlillər və tövsiyələr
Avropa İttifaqı tərəfindən "Avropa məktəblərində dayanıqlı təhsil sistemi: siyasi təhlillər və tövsiyələr" adlı hesabat təqdim edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Beynəlxalq Təhsil İcmalı" adlı bülleteninin yanvar ayına olan sayında hesabatdan çıxarışlara yer verilib.
Hesabatda Avropa məktəblərində dayanıqlı təhsil sistemi son illərdə təhsil siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildiyi qeyd olunur. Hesabatda dayanıqlılıq anlayışı yalnız ekoloji savadlılıqla məhdudlaşdırılmır, eyni zamanda sosial ədalət, iqtisadi məsuliyyət, vətəndaşlıq kompetensiyaları və demokratik iştirak kimi başlıca meyarları əhatə edir. Bu çoxölçülü yanaşma Avropa İttifaqının Dayanıqlı İnkişaf sazişi ("European Green Deal") və Avropa Təhsil Məkanı ("European Education Area") kimi əsas strateji çərçivələrlə sıx əlaqələndirilir, təhsili dayanıqlı inkişaf və rəqəmsal transformasiyanın əsas hərəkətverici qüvvəsi kimi mövqeləndirir.
Hesabatda dayanıqlı inkişaf üçün təhsilin aktuallığı qlobal və regional çağırışlar kontekstində əsaslandırılır. İqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və sosial bərabərsizlik kimi problemlər fonunda məktəblərin yalnız bilik ötürən müəssisələr deyil, eyni zamanda şagirdlərdə sistemli düşünmə, problem həlli və vətəndaşlıq vəzifələrinin formalaşdıran sosial mühitə çevrilməsi zəruri hesab olunur. Bu çərçivədə Avropa ölkələrində dayanıqlı təhsil sistemi artıq əlavə və ya seçmə mövzu kimi deyil, kurikulumun və tədris prosesinin təşkilində ayrılmaz tərkib hissəsi kimi təqdim edilir.
Hesabatın siyasi konteksti bölməsində 2022-ci ildə qəbul edilmiş Yaşıl Keçid və Dayanıqlı Təhsil Sistemi ("Green Transition and Sustainable Education System") üçün Avropa Şurasının Tövsiyəsi ("Recommendation of the Committee of Ministers of the Council of Europe") əsas normativ sənəd kimi göstərilir. Sənəd üzv dövlətləri bütöv məktəb yanaşmasını tətbiq etməyə, müəllim hazırlığını və peşəkar inkişafı gücləndirməyə, həmçinin milli və təşkilati strategiyalar hazırlamağa təşviq edir. Bütöv məktəb yanaşması hesabatda dayanıqlı təhsil sisteminin əsas sütunlarından biri kimi göstərilir.
Almaniya, İspaniya, Avstriya və Macarıstanda dayanıqlılıq yalnız tədris proqramına inteqrasiya olunmaqla kifayətlənmir, məktəbin idarəçiliyi, infrastrukturu, gündəlik fəaliyyətləri və yerli icma ilə əməkdaşlığı əhatə edən geniş yanaşma daha böyük təsir yaradır. Finlandiya və İsveçdə dayanıqlılıq fənlərarası əsas kompetensiya kimi müəyyənləşdirilmiş, Macarıstanda isə ümumtəhsil səviyyəsində formalaşdırılmışdır, bu Avropa ölkələri arasında siyasi və yanaşma fərqliliyini göstərir. Xüsusilə Yunanıstanda Aktiv Vətəndaşlıq ("Initiative for Active Citizenship") kurikulumu 2024-2025-ci tədris ilindən etibarən bütün təhsil pillələri üçün məcburi xarakter daşıyır və dayanıqlı inkişaf məqsədləri ilə birbaşa əlaqələndirilir. Kurikulum dizaynı və əsas kompetensiyalar bölməsində ölkələr Avropa Dayanıqlılıq Kompetensiyaları Çərçivəsinə ("GreenComp: The European Sustainability Competence Framework") əsaslanan kurikulum modelləri ilə fərqlənir. Belçika (Flaman regionu), Fransa, Norveç və İrlandiya bu çərçivəyə uyğun olaraq fənlərarası və kompetensiya yönümlü kurikulumlar hazırlamışdır. Həmçinin Portuqaliyada Vətəndaşlıq və Dayanıqlı İnkişaf ("Citizenship and Development") kurikulumu bütün təhsil pillələrində məcburi olub, vətəndaşlıq və dayanıqlı inkişaf məqsədlərini əhatə edir.
Hesabatda şagirdlərin səsvermə hüququ və fəal rolunun gücləndirilməsi, xüsusilə İrlandiya və Lüksemburq nümunələrində, kurikulumun etibarlılığını və tədrisin səmərəliliyini artıran əsas faktor kimi qiymətləndirilir.
Hesabat tədris və qiymətləndirmə sahəsində ənənəvi summativ qiymətləndirmə modellərindən formativ və tətbiqi (autentik) qiymətləndirməyə keçidi tövsiyə edir. Finlandiyada portfel əsaslı qiymətləndirmə və dialoq əsaslı qiymətləndirmə metodları, İrlandiyada isə iqlim fəaliyyəti mövzulu layihə əsaslı qiymətləndirmə dayanıqlılıq kompetensiyalarının ölçülməsi baxımından innovativ təcrübələr kimi təqdim olunur.
Müəllimlərin və məktəb rəhbərlərinin peşəkar inkişafına dəstək dayanıqlı təhsil sisteminin təşkilati sabitlik təmin edən əsas amillərindən biri kimi qiymətləndirilir. Kipr və Fransa nümunələri göstərir ki, effektiv liderlik modelləri, davamlı peşəkar inkişaf proqramları və yerli səviyyədə təşkilati dəstək mexanizmləri olmadan sistemli dəyişiklik mümkün deyil.
Kiprdə "Məktəbi Yaşıllaşdırmaq - Cəmiyyəti Yaşıllaşdırmaq" ("Greening the School Greening the Community") təşəbbüsü məktəblərə məsləhətçi və mentor dəstəyi göstərir. Fransada tətbiq olunan eko-nümayəndələr (eco-delegates) şagird liderliyini məktəb rəhbərliyi ilə əlaqələndirən effektiv idarəetmə mexanizmi kimi nəzərdən keçirilir. Şagirdlərin qərarvermə prosesində iştirakı ekoloji narahatlığın (eco-anxiety) azalmasına və ümumi rifahın yüksəlməsinə müsbət təsir göstərir. Fransa, Almaniya, İspaniya və İrlandiya da şagirdlərin bu prosesdə aktiv rolu olduğu sistemlər kimi ön plana çıxır. Almaniyada fəaliyyət göstərən Gənclərin Dayanıqlı İnkişaf Təhsili Paneli (Youth Panel on Education for Sustainable Development) platforması və İspaniyanın Ətraf Mühit və Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Gənclər Konfransı (International Youth Conference on Environment and Sustainability) şagirdlərin dayanıqlı inkişaf bacarıqları və vətəndaşlıq vəzifələri arasındakı əlaqəni gücləndirən təsirli mexanizmlər kimi qiymətləndirilir. İrlandiyada isə Kinsale İcma Məktəbi (Kinsale Community School) nümunəsində şagirdlərin tədris prosesinə real təsir imkanları xüsusi vurğulanır.
Bundan əlavə, hesabatda məktəb və yerli icma arasındakı əməkdaşlıq da xüsusi vurğulanır. İspaniya, Fransa və Estoniyanı bu istiqamətdə nümunə kimi təqdim etmək olar. Fransada Təhsil Sahələri (Aires Educatives) proqramı məktəbləri biomüxtəliflik üzrə ixtisaslaşmış qruplarla birləşdirir. Estoniyada isə məktəblər yerli icma ilə birgə həyata keçirilən layihələr vasitəsilə dayanıqlı inkişaf hədəflərini inkişaf etdirir.
Hesabatın yekun hissəsində dayanıqlı inkişaf, vətəndaşlıq vəzifələri və demokratik iştirak arasındakı əlaqələrin möhkəmləndirilməsi, məktəbdənkənar əməkdaşlıqların genişləndirilməsi, dayanıqlı iqtisadiyyatla bağlı karyeraların və STEM sahələrinin təşviqi əsas siyasi prioritetlər kimi müəyyən edilir.
Kurikulumda dayanıqlı inkişaf
Dayanıqlı inkişaf və vətəndaşlıq vəzifələri fənlərarası yanaşma əsasında kurikuluma inteqrasiya edilməli, tədris, qiymətləndirmə və pedaqoji yanaşmalar arasında daxili uyğunluq təmin olunmalıdır.
Hazırlıq səviyyəsi və sistemin dayanıqlılığı
Təhsil sistemləri iqlim risklərinə qarşı dayanıqlı infrastruktura, fövqəladə hallarda təhsilin fasiləsizliyini təmin edən planlara və yerli kontekstə uyğun adaptasiya strategiyalarına sahib olmalıdır.
Tətbiqi (autentik) qiymətləndirmə
Layihə əsaslı fəaliyyətlərə, portfellərə və real həyat kontekstlərinə əsaslanan autentik qiymətləndirmə modellərinin tətbiqi genişləndirilməlidir.
Dayanıqlı məktəb mühiti:
Məktəb binaları və əraziləri enerji səmərəliliyi, ekoloji davamlılıq prinsipi əsasında öyrənmə mühitlərinə çevrilməlidir.
Şagird fəallığı və müstəqil qərarvermə imkanları:
Şagirdlərin qərarvermə proseslərində və kurikulumun formalaşdırılmasında fəallığını təmin edən təşkilati mexanizmlər yaradılmalıdır.
Müəllim və məktəb rəhbərlərinin peşəkar inkişafı:
Müəllimlər və məktəb rəhbərləri üçün müxtəlif sahələrdə davamlı peşəkar inkişaf proqramları təmin edilməlidir.
İcma və sektoral əməkdaşlıq:
Məktəblər qeyri-hökumət təşkilatları, yerli icmalar, ali təhsil müəssisələri və biznes strukturları ilə uzunmüddətli və sistemli əməkdaşlıqlara cəlb olunmalıdır.
Ekoloji narahtlıq və dezinformasiyanın qarşısının alınması:
Şagirdlərin rifahını qorumaq məqsədilə emosional dəstək mexanizmləri, tənqidi düşünmə və media savadlılığı bacarıqları gücləndirilməlidir.
Rəqəmsal texnologiyalar və süni intellekt:
Rəqəmsal və ekoloji dəyişikliklər inteqrasiya olunmalı, şagirdlərin rəqəmsal bacarıqları və süni intellektdən məsuliyyətli istifadə kompetensiyaları inkişaf etdirilməlidir.
Monitorinq və qiymətləndirmə sistemləri:
Məktəbdaxili özünüqiymətləndirmə mexanizmləri milli monitorinq və keyfiyyət təminatı sistemləri ilə əlaqələndirilməlidir.
Dayanıqlı karyeralar və STEM:
STEM təhsili və əmək bazarının gələcək tələbləri dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılmalı, dayanıqlı karyera trayektoriyalarının təşviqi təmin edilməlidir.
Bütöv məktəb prinsipi:
Dayanıqlı inkişaf, təhsil, idarəetmə, tədris mühiti və icma əlaqələrini əhatə edən bütöv məktəb prinsip sistemli şəkildə dəstəklənməlidir.
Mənbə: European Commission: Directorate-General for Education, Youth, Sport and Culture, Mulvik, I., Tilbury, D., Baroková, B., Torras Negredo, N. et al., Learning for sustainability in Europe's schools - Policy insights and recommendations, Publications Office of the European Union, 2025, https://data.europa.eu/doi/10.2766/1175990



