Metodiki dəstəyin təhsildə keyfiyyətə təsiri

26 Fevral, 2026 - 15:20
Metodiki dəstəyin təhsildə keyfiyyətə təsiri

Cari təhsil sistemində metodist məktəbdə pedaqoji prosesin təşkilinə birbaşa dəstək olan aparıcı fiqurlardan biri kimi çıxış edir. Aparılan müşahidələr və metodik işlərin təhlili göstərir ki, müəllim fəaliyyətinin inkişafı sistemli dəstək və ardıcıl yönləndirmə ilə birbaşa əlaqəlidir.

Dərsdinləmələr zamanı aparılan analitik müşahidələr müəllimlərin təlim prosesindəki qərarlarına aydınlıq gətirir, onların dərsin məzmununu və gedişini daha məqsədyönlü qurmasına təkan verir. Bu proses müəllimə öz fəaliyyətinə kənar baxış imkanı yaradaraq pedaqoji qərarların daha düşünülmüş şəkildə formalaşmasına şərait yaradır.

Metodik görüşlər və kollektiv müzakirələr məktəbdə peşəkar dialoqu gücləndirir. Müəllimlər bu görüşlərdə həm öz təcrübələrini təqdim edir, həm də müxtəlif dərs nümunələrini təhlil edərək yeni yanaşmalar qazanırlar. Bu cür əməkdaşlıq mühiti məktəbdaxili peşəkar mədəniyyətin formalaşmasına və tədrisdə vahid yanaşmanın inkişafına töhfə verir. Ardıcıllıqla verilən əks- əlaqə isə müəllimin özünü dərk etməsini, üstün və zəif tərəflərini görməsini təmin edir, inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirir.

Metodistin təcrübədə müşahidə etdiyi mühüm məqamlardan biri də müəllim ehtiyaclarının düzgün müəyyənləşdirilməsidir. Real ehtiyaca uyğun yönləndirmə müəllimi daha motivasiyalı edir, tədris prosesini isə daha sistemli istiqamətə yönəldir. Bu həm dərsin strukturunda, həm də müəllim–şagird ünsiyyətində hiss olunan keyfiyyət dəyişiklikləri yaradır.

Tədris prosesinin yaxşılaşdırılmasında rəqəmsal resursların rolu xüsusi vurğulanmalıdır. Metodist.edu.az portalı metodik dəstəyin elektron formada təqdim edilməsinə imkan yaradan funksional platforma kimi pedaqoji inkişafın davamlılığını gücləndirir. Portalda yerləşdirilən video-dərslər nəzəri biliklə praktiki tətbiqi birləşdirərək müəllimə dərs prosesinin real nümunəsini izləmək imkanı verir. Bu vizual materiallar metodların mahiyyətini daha aydın göstərir, müəllimin öz tədris fəaliyyətini obyektiv şəkildə qiymətləndirməsinə şərait yaradır.

Portal həm də müəllimlərin dərsdinləmələrinin hesabatlarının toplanması üçün vahid elektron məkan kimi fəaliyyət göstərir. Bu xüsusiyyət tədris prosesində baş verən dəyişikliklərin ardıcıl izlənilməsinə, müəllim inkişafının mərhələli şəkildə sənədləşdirilməsinə və əldə olunan nəticələrin müqayisəli təhlilinə şərait yaradır. Beləliklə, portal həm metodistin işini
sistemləşdirir, həm də məktəbdaxili inkişafın şəffaflığını və davamlılığını təmin edir.

Nəticə olaraq, metodistin fəaliyyəti məktəbdə təlim prosesinin elmi əsaslarla idarə olunmasını təmin edir. Dərsdinləmə, analitik rəy, metodik görüşlər və rəqəmsal resurslarla dəstəklənən bu fəaliyyət müəllimin pedaqoji baxışını genişləndirir, təlimin keyfiyyətini yüksəldir və məktəbdə inkişafyönümlü mühit formalaşdırır. Metodistin təcrübəsi göstərir ki, məqsədyönlü metodik iş tədrisin nəticələrinə yalnız texniki deyil, həm də düşüncə mədəniyyəti baxımından ciddi təsir göstərir.
 
Metodiki dəstəyin mahiyyəti təkcə fərdi inkişafda deyil, əməkdaşlıqla qazanılan bilik, bacarıq və təcrübənin məktəb icması üçün davamlı inkişaf mənbəyinə çevrilməsindədir.

Vahidə Azayeva 
Bakı şəhəri 296 nömrəli tam orta məktəbin metodisti