Valideynlərlə əməkdaşlığın vacibliyi – müəllimin pedaqoji gündəliyindən
Dərs prosesi artıq sadəcə nəzəri biliklərin ötürüldüyü bir mexanizm kimi düşünülə bilməz. 21-ci əsrdə təlim həm də tətbiq və praktika əsaslı olmalıdır. Bir ibtidai sinif müəllimi olaraq, dərslərimdə oyun əsaslı təlimə üstünlük verirəm. Bu, dərsin mənimsənilməsini effektiv edir və şagirdlərin məlumatı uzunmüddətli yaddaşa həkk etməsinə şərait yaradır.
Müasir dərsi anlamaq üçün ilk növbədə dövrün insanını tanımalıyıq. Hazırda məlumatın əlçatanlığı, internet resursları və texnologiyalar heç də həmişə səmərəliliyi artırmır. Bunun başlıca səbəbi resurslardan düzgün istifadə edilməməsidir. Xüsusilə valideynlər texnoloji alətlərdən səmərəsiz istifadə edərkən həm övladlarına (şagirdlərimizə) yanlış rol model olur, həm də özləri zərərli vərdişlərin qurbanına çevrilirlər. Uşaqların mobil telefonlara və sosial şəbəkələrə nəzarətsiz məruz kalması, valideynlərin rəqəmsal nəzarət bacarıqlarının zəifliyi dərs prosesində ciddi problemlər yaradır: diqqət əskikliyi, düşünmə və anlama bacarıqlarının yetərsizliyi.
Müşahidələrimə əsasən deyə bilərəm ki, şagirdlərin baxışı, dünyagörüşü və sərbəst mühakimə bacarıqları çox vaxt zəif olur. Birbaşa valideyndən və mühitdən asılı olan bu vəziyyət şagirdin təhsildə geri qalmasına səbəb olur. Əsasən rayon və kənd məktəblərində valideynlər övladları ilə düzgün kommunikasiya qurmalıdırlar. Bir valideyn övladına məktəbə qədər nağıl danışmazmı, onda təfəkkür formalaşdırmazmı?
Mən valideynlərlə mütəmadi olaraq maarifləndirici təlimlər keçirirəm. Şagirdlərimə təkcə rəsmi proqramı deyil, həm də bir dünyagörüşü aşılamağa çalışıram. İnsan fərd olmadan heç nə ola bilməz. Sinifimdə STEAM əsaslı layihələr qurur, dərsləri interaktiv edirəm. Bu gün təhsil sistemi bizdən səriştəli şagirdlər yetişdirməyi tələb edir, lakin bu prosesdə valideyn komponenti müəllim qədər əhəmiyyətlidir. Şagirdin ilk müəllimi valideyndir və təhsil sistemimiz valideynlərlə iş mexanizmini daha da gücləndirməlidir.
Gündəlik planlamam standartlara uyğun və zəngin materiallarla qurulduqda daha effektli olur. İş prosesində diferensiallığı (fərdi yanaşmanı) mütləq nəzərə alıram. Sinifimdə mutizmli, hiperaktiv və digər neyro-divergent şagirdlər var. İnternat tipli gimnaziya olduğumuz üçün şagirdlərin əksəriyyətinin sosial risk qrupunda olması bizdən daha həssas yanaşma tələb edir. Hər bir şagirdin daxili aləmi bir bağçadır; biz isə oraya gözəl güllər əkən bağbanlar olmalıyıq. Təlim-tədris davamlı prosesdir. Biz hər zaman "insan yetişdirməyin" qüruru və məsuliyyəti ilə işimizə sarılmalıyıq.
Ramazan Məmmədov
Balakən rayonu inteqrasiya təlimli internat tipli gimnaziyanın ibtidai sinif müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.



