Uşaq müəllimin aynasıdır – Müəllimin pedaqoji gündəliyindən

11 İyun, 2026 - 15:12
Uşaq müəllimin aynasıdır

Müəllim hər gün məktəbə yalnız dərs keçmək üçün deyil, həm də şagirdləri daha yaxından tanımaq üçün gəlir. Gündəlik pedaqoji fəaliyyət zamanı müəllim uşaqların davranışlarını, öyrənmə bacarıqlarını, bir-biri ilə münasibətlərini, əməkdaşlıqlarını və s. müşahidə edir. Bu müşahidələr müəllimin gələcək dərslərini daha effektiv qurmasında köməklik edir. 

Mən hər səhər məktəbə girəndə sinif otağına təkcə dərs planı ilə yox, eyni zamanda məsuliyyət, sevgi və böyük bir inamla daxil oluram. Çünki qarşımdakı balaca baxışlar gələcəyin ilk addımlarını atır və bu addımların istiqamətində müəllimin rolu danılmazdır.

İbtidai sinif müəllimi olmaq yalnız oxu yazı öyrətmək deyil. Bu, uşağın özünə inanmağı, səhv etməkdən qorxmamağı, sual verməyi və düşünməyi öyrətməkdir. Hər bir şagird sinfə fərqli ailədən, fərqli dünyadan gəlir. Onların hər biri özünəməxsusdur və bu fərqliliklər gündəlik pedaqoji fəaliyyətimin əsas müşahidə obyektidir.

Bir gün dərs zamanı bir şagirdimin sakitliyinin arxasında çəkingənlik və özünə inamsızlıq gizləndiyini hiss etdim. Dərsdə fəal olan digər uşaqlar arasında sanki görünməz idi. Bu hal məni düşündürdü: bəlkə də bu uşaq daha çox diqqətə, daha çox anlayışa ehtiyac duyur. Növbəti dərslərdə ona kiçik tapşırıqlar verdim, uğurlarını sinif qarşısında qeyd etdim. Zamanla onun baxışlarında dəyişiklik hiss olundu. Bu kiçik addım mənə bir daha sübut etdi ki, müəllimin bir cümləsi, bir baxışı uşağın taleyində dönüş nöqtəsi ola bilər.
Gündəlik pedaqoji fəaliyyət zamanı anlayıram ki, uşaqlar müəllimin dediklərindən çox, etdiklərini mənimsəyirlər. Davranışımız, səbrimiz, münasibətimiz onlar üçün canlı dərsdir. Bəzən bir şagirdin mənim danışıq tərzimi, ifadə formasını təqlid etdiyini görəndə öz-özümə düşünürəm: deməli, müəllim həqiqətən nümunədir.

Refleksiya mənim üçün müəllimlik yolunda vacib mərhələdir. Hər dərsdən sonra özümə sual verirəm: Bu gün uşaqlar nə öyrəndi? Mən nəyi daha fərqli edə bilərdim? Hansı şagirdin ehtiyacını görmədim? Bu suallar peşəkar inkişafımın əsas istiqamətini müəyyənləşdirir.

İbtidai sinif müəllimi üçün ən böyük uğur yalnız qiymətlər deyil. Şagirdin dərsə maraqla gəlməsi, özünü ifadə etməyə cəsarət tapması, “bacararam” deməsidir. Mən inanıram ki, sevgi və anlayış üzərində qurulan pedaqoji münasibət təhsilin ən güclü təməlidir.

Bu gündəlik təcrübə bir daha göstərir ki, müəllim olmaq sadəcə peşə deyil, ömürlük bir missiyadır. Bu missiyanı layiqincə yerinə yetirmək üçün isə hər gün öyrənmək, düşünmək və öz üzərində işləmək lazımdır. 

Öz müşahidələrimdən deyə bilərəm ki uşaqlara mehriban, səmimi və anlayışlı münasibət göstərdikdə onlar dərsə daha çox maraq göstərir, səylə çalışırlar. Hər bir müəllim öz davranışı ilə şagirdə nümunə olmalıdır. Şagirdlər müəllimin xarakterini, davranışını hətta ləhcəsini belə təqlid edib ona bənzəməyə çalışırlar. “Uşaq evin aynasıdır” məsəlini “Uşaq müəllimin aynasıdır” kimi desək daha doğru olar.

 Nigar Cavadova,
 Bakı şəhəri 61 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi

Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.