“Fərqli nəticə əldə etmək istəyirsənsə, fərqli çalışmalısan” – Olimpiada qalibi
Bu il XI sinfi bitirən Sumuraz Mirzəyev universitetə qəbul imtahanı verməyib. Buna ehtiyac da olmayıb. Çünki informatika üzrə qazandığı uğurlar ona müsabiqədənkənar tələbə olmaq hüququ qazandırıb. Son uğuru isə Tunisdən gətirdiyi beynəlxalq olimpiada medalıdır.
Sumuraz Mirzəyev Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin XI sinfindən məzun olub. O, informatika üzrə Respublika fənn olimpiadasının üçqat qalibi, ötən il keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının (ICO 2025) gümüş medalçısıdır. Bu il isə Tunisdə keçirilən yarışda bürünc medal qazanaraq Azərbaycanı mükafatçılar sırasında təmsil etməyi bacarıb.
Onun informatika və texnologiyaya marağı isə təsadüfən yaranmayıb: “İnformatikaya marağımın yaranmasında anamın bu sahə üzrə müəllim olması mühüm rol oynayıb”, – deyən Sumurazın sözlərinə görə, zaman keçdikcə bu maraq daha da dərinləşib və onu kibertəhlükəsizlik sahəsinə yönəldib.
Məhz simsiz əlaqə texnologiyalarına olan maraq onu öz kiçik “cyber lab”ını yaratmağa sövq edib. Burada müxtəlif sınaqlar aparıb, praktiki biliklərini artırıb və nəzəri biliklərini real təcrübə ilə möhkəmləndirib.
Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasına gedən yol da asan olmayıb. O, ötən il olduğu kimi, bu il də seçim mərhələlərini uğurla başa vuraraq birinci nəticə göstərib və milli komandaya seçilib.
Sumuraz deyir ki, hazırlıq prosesində müəllimlərin dəstəyi xüsusi rol oynayıb. Bununla yanaşı, gənc olimpiadaçı hesab edir ki, kibertəhlükəsizlik kimi sürətlə inkişaf edən bir sahədə daha böyük nəticələr əldə etmək üçün təhsil müəssisələri ilə yanaşı, şirkətlərin və universitetlərin də prosesə cəlb olunması vacibdir: “Rusiya və İtaliya kimi ölkələrdə kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkət və universitetlər komandaların hazırlığına dəstək verirlər. Hesab edirəm ki, belə əməkdaşlıqlar daha effektiv nəticələr verə bilər. Həmçinin Sinqapur və İtaliya kimi ölkələrdə olduğu kimi, ölkəmizdə də bu sahə üzrə olimpiadaların keçirilməsi möhtəşəm olar”, – deyə o bildirir.
Tunisdə keçirilən beynəlxalq yarış Sumuraz ölkəsini təmsil etmək məsuliyyətini dərindən hiss etdiyi təcrübə olub. Azərbaycan bayrağını qaliblər sırasında görməyin onun üçün xüsusi mənası var: “Qaliblər sırasında Azərbaycan bayrağını dalğalandırmaq son dərəcə qürurverici və unudulmaz hissdir. Bu uğurun arxasında duran zəhmətin nəticəsini görmək insana böyük daxili məmnunluq bəxş edir”, – deyə o bildirib.
Gənc medalçı əmindir ki, olimpiadalarda qazandığı bilik və təcrübə gələcək həyatında da ona yol göstərəcək. Gənc məzun Sumuraz ali təhsilini Bakı Ali Neft Məktəbində davam etdirməyi planlaşdırır. Respublika və beynəlxalq olimpiadalardakı nailiyyətləri ona universitetə müsabiqədənkənar qəbul imkanı qazandırıb.
Lakin onun məqsədləri şəxsi uğurlar ilə məhdudlaşmır. Gələcəkdə milli komandanın hazırlıq prosesinə dəstək vermək, qazandığı təcrübəni özündən sonra gələn şagirdlərlə bölüşmək istəyir.
Beynəlxalq arenada uğur qazanmaq arzusunda olan məktəblilər üçün isə Sumuraz Mirzəyevin bir tövsiyəsi var: “Fərqli nəticə əldə etmək istəyirsinizsə, fərqli çalışmalısınız”.




