Festivalın materialları arxiv sənədlərinə əsaslanır - Mahirə Hüseynova  

18 İyun, 2026 - 10:29
Festivalın materialları arxiv sənədlərinə əsaslanır - Mahirə Hüseynova  

"Ölkəmizin həyatında mühüm hadisələr baş verir. Bu gün qədim Ordubadda III Beynəlxalq Kəngərli Festivalı keçirilir. Festival Qərbi Azərbaycana qayıdış ideyasına həsr olunub. Burada aparılan işlər, iştirakçıların böyük marağı və insanların üzündəki ifadələr bir daha göstərir ki, Qərbi Azərbaycana qayıdış məsələsi hər birimizin qəlbində xüsusi yer tutur". 

“Azərbaycan müəllimi" xəbər verir ki, bu  barədə Ordubadda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında  jurnalistlərə açıqlama verən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova deyib. 

O bildirib ki, bu tədbirlərin hər biri, xüsusilə də III Beynəlxalq Festival elmə və elmi dəyərlərə əsaslanır.

"Buraya gələn hər bir iştirakçının Qərbi Azərbaycanla bağlı araşdırmaları, elmi məqalələri və əldə etdiyi nəticələr var. Təqdim olunan materiallar arxiv sənədlərinə, xəritələrə və qədim mənbələrin araşdırılmasına söykənir. Bu baxımdan festival gələcək üçün dəyərli elmi əsaslar yaradır. Burada toplaşan minlərlə insanın adından festivalın işinə uğurlar arzulayıram və inanıram ki, bu tədbir uğurlu nəticələrlə yekunlaşacaq.  Tədbirin keçirildiyi məkanın seçimi də olduqca simvolikdir. Ordubad Zəngəzur dəhlizi istiqamətində yerləşən qədim bölgələrimizdən biridir. Bu məkan Azərbaycanın gələcəyi ilə bağlı strateji və mənəvi əhəmiyyət daşıyır. İnanıram ki, yaxın gələcəkdə böyük uğurlarla yenidən bu istiqamətlərdə bir araya gələcəyik" - deyə qeyd edib.