Fin təhsilinə nə oldu? – Andreas Şleyxer yazır

21 Oktyabr, 2026 - 14:53
Fin təhsilinə nə oldu?

“XXI əsrin ilk illərində təhsilin gələcəyini görmək istəyənlərin yolu Finlandiyadan keçirdi. Dünyanın müxtəlif ölkələrindən nazirlər, tədqiqatçılar və jurnalistlər bu ölkəyə səfər edir, Finlandiya məktəblərinin uğurunun sirrini öyrənməyə çalışırdılar. Onları maraqlandıran əsas sual bu idi: Finlandiya bizim edə bilmədiyimiz nəyi bacarır?”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer “Fin təhsilinə nə oldu?” (What happened to Finnish education?) adlı son məqaləsində yazır. 

A.Şleyxer qeyd edir ki, Finlandiya təhsil modeli bir çox ölkənin arzuladığı nəticələri bir araya gətirirdi: yüksək akademik göstəricilər, şagirdlərin rifahına diqqət, müəllimlərə etimad, məktəblər arasında nəticə fərqlərinin az olması və uşaqlığın fasiləsiz imtahanlara çevrilməməsi. Şagirdlər bir sıra ölkələrdəki yaşıdlarından daha az vaxt sərf etməklə oxuyur, buna baxmayaraq, beynəlxalq qiymətləndirmələrdə yüksək nəticələr göstərirdilər.

Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramınının (PISA) ilk mərhələlərində Finlandiya oxu, riyaziyyat və təbiət elmləri üzrə dünyada ən yüksək nəticələr göstərən ölkələr sırasında idi və ya ilk yerlərdə qərarlaşırdı. Dünyanın bu uğurun sirrini öyrənmək istəməsi tamamilə təbii idi. Aydındır ki, dünya resept almaq istəyirdi. Ancaq təhsil sistemləri hazır resept vermir. Təhsil sistemləri cəmiyyətlə, texnologiya ilə və insan münasibətləri ilə birlikdə dəyişən mürəkkəb ekosistemlərdir. 

Andreas Şleyxer Finlandiyanın təcrübəsini təhlil edərək diqqəti məhz bu məqama yönəldir: 2001-ci ilin Finlandiyası ilə 2026-cı ilin Finlandiyası arasında ciddi fərqlər yaranıb.

Müəllimlərin keyfiyyəti hələ də yüksəkdir. Məktəblər yenə də müstəsna dərəcədə yaxşı təchiz olunub. Uşağın hərtərəfli inkişafına yönəlmiş təhsil öhdəliyi təhsil mədəniyyətində dərindən kök salıb. Finlandiya məktəblərində hələ də emalatxanalar, laboratoriyalar, musiqi otaqları, idman qurğuları və praktik təlim məkanları mövcuddur. Bunlar bizə xatırladır ki, təhsilin məqsədi yalnız test nəticələri əldə etmək deyil, insan yetişdirməkdir.

Bununla belə, şagirdlərin təlim nəticələri nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bu geriləmə COVID-19 pandemiyası ilə başlamayıb və Finlandiyanın uzun illər ərzində qazandığı beynəlxalq üstünlüyün əhəmiyyətli hissəsi itib. A.Şleyxer hesab edir ki, bu vəziyyəti Finlandiyanın uğurlu təhsil prinsiplərindən sadəcə imtina etməsi ilə izah etmək düzgün olmazdı. Müəllimlərin peşəkarlığı və məktəblərin maddi-texniki imkanları birdən-birə yox olmayıb. Dəyişən, daha çox, təhsilin fəaliyyət göstərdiyi mühitdir.

Dəyişən dünya, yeni təhsil çağırışları

Son onillikdə texnologiyanın sürətli inkişafı, sosial medianın uşaqların həyatına nüfuz etməsi, smartfonlardan asılılığın artması, məktəblərin və siniflərin daha mürəkkəb xarakter alması təhsil prosesinə ciddi təsir göstərib. Texnologiya sinif otaqlarına daxil olub. Sosial media uşaqların həyatına nüfuz edib, smartfonlar isə onların diqqətini zəbt edib. Məktəblər daha böyük və mürəkkəb strukturlara çevrilib. İnklüzivlik yeni imkanlarla yanaşı, müəllimlər üçün çətin tələblər də yaradıb. Bunun nəticəsi olaraq məktəbdaxili şagird nəticələrinin dəyişkənliyi 23 faiz artıb. 

Fənlərarası və hərtərəfli kurikulum yaratmaq cəhdləri bəzi hallarda çaşqınlıq doğurub, müəllimlərin məsuliyyət dairəsini genişləndirib. Şagirdlərin rifahına diqqət artdıqca akademik tələbkarlığın arxa plana keçməsi riski də yaranıb. 

Digər mühüm dəyişiklik məktəblə ailə arasındakı münasibətlərdə baş verib. Ailələr və valideynlik yanaşmaları dəyişib. Məktəblərlə ailələr arasında ənənəvi olaraq güclü olan tərəfdaşlıq zəifləməyə başlayıb. 

A.Şleyxerin qeyd etdiyi məlumatlara görə, bunun göstəricilərindən biri övladlarının təlim irəliləyişini müəllimlərlə təşəbbüskar şəkildə müzakirə edən valideynlərin payının 21 faiz bəndi azalmasıdır.

A.Şleyxerə görə, “bu dəyişikliklərin heç biri ayrılıqda Finlandiyanın yaşadığı geriləməni izah etmir. Lakin onların məcmusu bunu izah edə bilər. Maşında bir dişli çarxı dəyişsəniz, digər çarxların necə hərəkət edəcəyini proqnozlaşdıra bilərsiniz. Təhsil sistemində bir elementi dəyişdikdə isə ailələr buna reaksiya verir, müəllimlər uyğunlaşır, şagirdlərin davranışları dəyişir, siyasi prioritetlər yenilənir və bütövlükdə cəmiyyət də dəyişir”.

O qeyd edir ki, təhsil mühəndislikdən daha çox bağçılığa bənzəyir. Torpaq da vacibdir, iqlim də, bağban da. Lakin heç kimin nəzarət edə bilmədiyi qüvvələr də öz təsirini göstərir.  “Məhz buna görə Finlandiyanın təcrübəsi yalnız finləri deyil, başqa ölkələrin insanlarını da maraqlandırmalıdır. Əsas sual sadəcə “Finlandiya təhsilinin başına nə gəldi?” deyil, daha doğrusu, “XXI əsrdə uşaqlıq, öyrənmə və məktəb həyatı necə dəyişir?” sualıdır”, - deyə A.Şleyxer bildirir.

Bu gün informasiya boldur, diqqət isə qıtlaşıb 

A.Şleyxer diqqəti bir məqama çəkir: “Cəmi dörd tarixi nəzərdən keçirək. 2004-cü il: Facebook meydana çıxır. 2007-ci il: "İPhone" təqdim olunur. 2020-ci il: COVID-19 pandemiyası dünyanın böyük bir hissəsində məktəblərin bağlanmasına səbəb olur. 2022-ci il: generativ süni intellekt gündəlik həyatımıza daxil olur. Bu tarixlərin hər biri texnoloji və ya tarixi dönüş nöqtəsindən daha artıq məna daşıyır. Onlar birlikdə gənclərin böyüdüyü mühitin necə dəyişdiyini göstərir”.

Onun sözlərinə görə, “bəşər tarixinin böyük bir hissəsində informasiya qıt, diqqət isə bol olub. Bu gün informasiya boldur, diqqət isə qıtlaşıb. Bu, bəlkə də, təhsilin indiyədək üzləşdiyi ən mühüm dəyişikliklərdən biridir. Məktəb uşağa noutbuk verə bilər, lakin həmin noutbukun onun diqqətini cəmləməsinə kömək edəcəyinə zəmanət verə bilməz. Dünyanın bütün biliklərinə çıxış imkanı yarada bilər, amma maraq və öyrənmək həvəsi formalaşdıracağına zəmanət verə bilməz. Çətinlikləri aradan qaldıra bilər, lakin müstəqil fəaliyyət göstərmək bacarığını və əzmkarlığı süni şəkildə yarada bilməz. Öyrənmə prosesini daha əyləncəli edə bilər, amma şagirdlərin əyləncəli olmayan işləri də görməyi öyrənəcəyinə təminat verə bilməz”.

OECD rəsmisi qeyd edir ki, süni intellekt məsələni daha da mürəkkəbləşdirdi. İlk dəfədir ki, şagirdlərin əllərinin altında yalnız informasiya axtarıb tapmaq deyil, onu ümumiləşdirmək, izah etmək, tərcümə etmək, onun haqqında mətn yazmaq və getdikcə daha çox hallarda onunla məntiqi mühakimə aparmaq imkanına malik texnologiyalar var. Bu, bəşəriyyətin yaratdığı ən böyük öyrənmə sürətləndiricisinə çevrilə bilər. Eyni zamanda, öyrənmə prosesini zəiflədən ən böyük qısa yol da ola bilər. Bu iki ehtimal arasındakı fərqi texnologiyanın özü deyil, təhsil müəyyən edəcək.

“Şagirdlərin rifahı vacibdir. Lakin rifah gəncləri öyrənmənin ayrılmaz hissəsi olan çətinliklərdən qorumaq demək olmamalıdır. Əksinə, hansı bacarıqları inkişaf etdirməyə çalışdığımızı və texnologiyanın həmin bacarıqları nə zaman gücləndirdiyini, nə zaman isə onları inkişaf etdirmək üçün tələb olunan səyi əvəz etdiyini müəyyənləşdirmək daha çətin suallar verməyimizi tələb edir. 

 Sürətə, rahatlığa və səmərəliliyə aludə olmuş bir dövrdə hər çətinliyi aradan qaldırmaq lazım deyil. Çətinliklə mübarizə məhsuldardır, uğursuzluq isə inkişaf üçün fürsətdir. Bəzən yavaşlıq da təhsilin bir hissəsidir. Düzgün sözü axtarmağa, çətin bir abzası anlamağa çalışmağa, arqument qurmağa və ya səhvi düzəltməyə sərf olunan bir neçə dəqiqə səmərəsiz görünə bilər. Halbuki öyrənmə məhz həmin anlarda baş verə bilər. Həlledici sual süni intellektin şagirdlər əvəzinə nə qədər düşünə bilməsi deyil, şagirdlərin özlərinin düşünmə qabiliyyətinə malik insanlara çevrilməsi üçün nə qədər düşünməli olduqlarıdır”.

Müəllimləri deyil, təlim mühitini də düşünək

O, qeyd edir ki, məsələnin daha bir tərəfi var: Finlandiyada müəllimlərin keyfiyyəti yüksək səviyyədə qalır, lakin onların dərs dediyi mühit köklü şəkildə dəyişib. Bu, hər yerdə siyasətçiləri və təhsil qərarları verən şəxsləri düşünməyə vadar etməlidir. İllərdir təhsil müzakirələrində müəllimlərin necə təkmilləşdirilməsi sualı ön plandadır. Bəlkə də, öyrənmənin baş verdiyi və yaxşı müəllimlərin çalışdığı şəraiti necə yaxşılaşdırmaq barədə daha çox düşünməliyik. 

Müəllimlərin gün ərzində nə qədər vaxtı həqiqətən şagirdlərlə işləməyə qalır? Onların nə dərəcədə real qərarvermə səlahiyyəti var? Onları nə qədər inzibati maneə əhatə edir? Məktəblər ailələrin və cəmiyyətin üzərinə düşən məsuliyyətin nə qədərini əsaslı şəkildə öz üzərinə götürə bilər? Məktəblər və sinif otaqları getdikcə daha mürəkkəb və texnologiyaya bağlı olduqca, öyrənmənin təməlində dayanan insani münasibətləri necə qoruya bilərik?

A.Şleyxer qeyd edir ki, 2001-ci ilin Finlandiyasını 2026-cı ildə sadəcə təkrarlamaq mümkün deyil, çünki 2001-ci ilin dünyası artıq mövcud deyil. Eyni zamanda, Finlandiyanın PISA nəticələrinin aşağı düşməsi onun təhsil sahəsində hansısa fundamental səhvə yol verdiyi qənaətinə gəlmək üçün əsas deyil. Vaxtilə dünyanın diqqətini cəlb edən keyfiyyətlərin bir çoxu - peşəkar müəllimlər, sosial etimad, geniş kurikulumlar, güclü dövlət institutları və bərabərliyə sadiqlik - bu gün də mühüm üstünlüklər olaraq qalır.

Keçmiş uğur gələcəyə zəmanət vermir

A.Şleyxerə görə, buradan çıxan nəticə başqadır: keçmişdə qazanılmış uğur gələcəyə zəmanət vermir. Əksinə, uğur çox vaxt uyğunlaşmağı çətinləşdirir. Təhsil sistemi beynəlxalq səviyyədə şöhrət qazandıqda dünənin həll yolları səssizcə sabahın dəyişməz prinsiplərinə çevrilə bilər. Müəyyən sosial və texnoloji mühit üçün yaradılmış təcrübələr həmin mühit dəyişsə də, tətbiq olunmaqda davam edə bilər. Buna görə də ən uğurlu təhsil sistemlərinə yalnız öyrənmək bacarığı deyil, həm də əvvəl öyrəndiklərinin bir qismini yenidən nəzərdən keçirmək və onlardan imtina etmək cəsarəti lazımdır. Hansı prinsiplərin zaman keçsə də əhəmiyyətini qoruduğunu, hansı təcrübələrin isə artıq öz dövrünü başa vurduğunu sorğulamaq vacibdir. Öyrənməni həqiqətən dərinləşdirən yeniliklərlə onun yalnız zahiri görünüşünü müasirləşdirən yenilikləri fərqləndirmək lazımdır. Şagirdlərə qayğı göstərməyin bəzən onlara dəstək olmaq, lakin çox vaxt həm də onlardan daha çox səy və bacarıq tələb etmək demək olduğunu anlamaq lazımdır.
“Finlandiya məhz buna görə hələ də əhəmiyyətlidir. İyirmi beş il əvvəl dünya şimala baxaraq soruşurdu: Finlandiyadan nə öyrənə bilərik? İndi isə sual belədir: Finlandiya və hamımız — baş verən dəyişikliklərdən nə öyrənə bilərik? Bu, daha çətin sualdır və təhsilin gələcəyi baxımından isə daha böyük əhəmiyyət daşıyır”, -  deyə A.Şleyxer bildirir.