Frayer Modeli: Sözləri əzbərləmədən öyrənmək və öyrətməyin praktik yolu

29 İyul, 2026 - 12:38
Frayer Modeli: Sözləri əzbərləmədən öyrənmək və öyrətməyin praktik yolu

Müəllimlərin tez-tez qarşılaşdığı problemlərdən biri yeni öyrəndikləri sözləri və terminləri uzun müddət yadda saxlaya bilməmələridir. Eyni vəziyyət şagirdlərdə də müşahidə olunur. Dərs zamanı yeni sözlərin mənası izah edilir, tərcüməsi yazılır, hətta bir neçə cümlədə işlədilir. Lakin bir neçə gün sonra həmin sözlər ya tamamilə unudulur, ya da düzgün kontekstdə istifadə edilmir. Bunun əsas səbəbi sözün yalnız tərcüməsinin öyrənilməsi, lakin onun mahiyyətinin, xüsusiyyətlərinin və istifadə sahələrinin dərindən mənimsənilməməsidir.

Müasir təhsildə məqsəd artıq şagirdə və ya müəllimə çoxlu söz əzbərlətmək deyil, həmin sözləri başa düşməyi, əlaqələndirməyi və gündəlik istifadəyə çevirməyi öyrətməkdir. Bu məqsədə xidmət edən ən praktik üsullardan biri Frayer Modelidir. İlk baxışdan sadə görünən bu qrafik təşkilatçı əslində sözün dörd fərqli aspektdən öyrənilməsinə imkan yaradır: tərifi, əsas xüsusiyyətləri, nümunələri və əks nümunələri. Bu yanaşma nəticəsində söz sadəcə yadda saxlanılmır, həm də mənalandırılır.

Frayer Modelinin üstünlüyü ondadır ki, o, yalnız xarici dil dərslərində deyil, bütün fənlərdə istifadə oluna bilir. Daha da maraqlısı, bu model yalnız şagirdlər üçün deyil, müəllimlərin öz peşəkar inkişafı üçün də olduqca faydalıdır. Xüsusilə beynəlxalq təlimlərdə, konfranslarda, elmi məqalələrdə və müxtəlif peşəkar inkişaf proqramlarında rast gəlinən akademik terminləri öyrənmək üçün bu üsul çox effektiv nəticə verir.

Məsələn, təsəvvür edək ki, müəllim "facilitate" sözünü öyrənmək istəyir. Ənənəvi üsulla o, dəftərinə "facilitate – asanlaşdırmaq" yazacaq. Bir neçə gündən sonra isə böyük ehtimalla bu sözü ya unudacaq, ya da yalnız tərcüməsini xatırlayacaq. Frayer Modelində isə proses tamamilə fərqlidir.

Əvvəlcə müəllim sözün tərifini yazır: "Bir prosesin daha rahat və səmərəli həyata keçirilməsinə kömək etmək." Daha sonra onun xüsusiyyətlərini qeyd edir: feldir, əsasən rəsmi və akademik dildə işlənir, təhsil və təlim mühitində tez-tez istifadə olunur. Nümunələr hissəsində "facilitate learning", "facilitate discussion", "facilitate communication" kimi ifadələr yazılır. Əks nümunələr hissəsində isə "interrupt", "prevent", "ignore" kimi anlayışlar qeyd edilir. Bu mərhələdə müəllim artıq sözü yalnız tanımır, həm də hansı situasiyalarda işlədildiyini dərk edir.

Lakin Frayer Modelinin gücü bununla bitmir. Sözü aktiv lüğət fonduna keçirmək üçün onu digər fəaliyyətlərlə birləşdirmək daha effektiv nəticə verir. Məsələn, müəllim Frayer Modelini tamamladıqdan sonra həmin sözlə üç cümlə qura bilər. Növbəti mərhələdə isə TED Talks və ya BBC Learning English kimi resurslarda həmin sözün işlədildiyi videoları dinləyir və shadowing texnikası ilə təkrar edir. Beləliklə, söz həm mənaca, həm də tələffüz baxımından möhkəmlənir.

Bu yanaşmanı yalnız bir sözə deyil, bütün akademik terminlərə tətbiq etmək mümkündür. Məsələn, "assessment" sözünü öyrənərkən müəllim tərif hissəsində "şagirdin bilik və bacarıqlarını müəyyən etmək məqsədilə aparılan qiymətləndirmə prosesi" yazır. Xüsusiyyətlər hissəsində onun formativ və summativ növlərinin olduğunu qeyd edir. Nümunələrə test, layihə işi, müşahidə və təqdimat daxildir. Əks nümunələrdə isə heç bir meyar olmadan verilən qiymət və ya təsadüfi yoxlama qeyd olunur.

Eyni qayda ilə "feedback", "inclusive", "competency", "critical thinking", "collaboration", "reflection" və "autonomy" kimi sözlər də öyrənilə bilər. Müəllim hər həftə cəmi beş yeni akademik söz üçün Frayer Modeli hazırlasa, bir il ərzində təxminən 250 yeni termini dərindən mənimsəmiş olacaq. Bu isə həm beynəlxalq proqramlarda iştirak zamanı, həm də elmi məqalələrin oxunmasında və yazılmasında böyük üstünlük yaradır.

Frayer Modelindən istifadə edərkən müəllimlərin diqqət etməli olduğu daha bir məqam tərifin hazır şəkildə lüğətdən köçürülməməsidir. Ən yaxşı nəticə o zaman əldə olunur ki, müəllim sözü əvvəlcə araşdırır, sonra isə onu öz ifadələri ilə izah etməyə çalışır. Bu yanaşma beynin daha aktiv işləməsinə səbəb olur və öyrənməni möhkəmləndirir. Eyni zamanda nümunələrin real həyatdan seçilməsi və şəxsi təcrübə ilə əlaqələndirilməsi də sözün yadda qalmasını asanlaşdırır.

Frayer Modelini müəllimin gündəlik inkişaf planına daxil etmək də mümkündür. Məsələn, həftənin əvvəlində beş yeni söz seçilir, hər gün bir söz üçün model hazırlanır, günün sonunda həmin sözlə üç cümlə qurulur. Həftənin sonunda isə bütün sözlər qısa təqdimat və ya danışıq fəaliyyəti zamanı yenidən istifadə edilir. Cəmi 15-20 dəqiqə vaxt aparan bu proses uzunmüddətli perspektivdə müəllimin həm akademik lüğət ehtiyatını, həm də danışıq bacarığını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilər.

Şagirdlərlə işləyərkən Frayer Modelinin tətbiqi onların yaş xüsusiyyətlərinə uyğun planlaşdırılmalıdır. İbtidai siniflərdə əsas məqsəd uşaqların sözü şəkil, xüsusiyyət və gündəlik həyatla əlaqələndirməsini təmin etməkdir. Bu yaş dövründə uzun təriflərdən istifadə etmək əvəzinə sadə ifadələr və vizual materiallar daha effektiv nəticə verir.

Məsələn, ikinci sinifdə "bird" sözü öyrədilirsə, müəllim əvvəlcə quşların şəkillərini nümayiş etdirərək şagirdlərlə qısa söhbət aparır. Daha sonra lövhədə Frayer Modeli çəkilir. Şagirdlər birlikdə tərif hissəsinə "A bird is an animal with wings." yazırlar. Xüsusiyyətlər bölməsində has feathers, has wings, lays eggs və can fly kimi ifadələr qeyd olunur. Nümunələr hissəsində parrot, sparrow, eagle və pigeon yazılır. Əks nümunələrdə isə cat, fish və butterfly qeyd edilir. Sonra müəllim şagirdlərdən "Why isn't a butterfly a bird?" sualını cavablandırmağı xahiş edir. Beləliklə, uşaqlar yalnız sözü deyil, anlayışın sərhədlərini də öyrənirlər.

Bu fəaliyyəti daha maraqlı etmək üçün müəllim dərsin sonunda şagirdlərə üç şəkil göstərə və onlardan hansı şəklin Frayer Modelinə uyğun olduğunu seçmələrini istəyə bilər. Növbəti mərhələdə isə hər şagird "Birds can..." cümləsini tamamlayaraq kiçik yazı tapşırığı yerinə yetirə bilər. Beləliklə, bir söz ətrafında həm danışıq, həm yazı, həm də düşünmə bacarıqları inkişaf etdirilmiş olur.

Orta siniflərdə artıq daha mürəkkəb anlayışlardan istifadə etmək mümkündür. Məsələn, "pollution" mövzusu keçilərkən müəllim dərsə şəhər və təbiət şəkillərini göstərməklə başlayır. Şagirdlərdən şəkillər arasındakı fərqləri söyləmələri xahiş olunur. Daha sonra qruplar Frayer Modelini doldururlar. Tərif hissəsində "Pollution is the contamination of the environment." yazılır. Xüsusiyyətlər hissəsində havanı, suyu və torpağı çirkləndirməsi, insan sağlamlığına mənfi təsir göstərməsi qeyd olunur. Nümunələrdə zavod tüstüsü, plastik tullantılar və çirkli çaylar, əks nümunələrdə isə ağacəkmə, təkrar emal və təmiz parklar göstərilir.

Model tamamlandıqdan sonra dərs bununla bitmir. Müəllim şagirdləri cütlüklərə ayıraraq "What causes pollution?" və "How can we reduce pollution?" sualları ətrafında qısa müzakirə təşkil edir. Daha sonra hər şagird "I can help the environment by..." cümləsi ilə başlayan üç cümlə yazır. Beləliklə, Frayer Modeli bir söz tapşırığından çıxaraq tam bir danışıq və yazı fəaliyyətinə çevrilir.

Yuxarı siniflərdə isə model tənqidi düşünmə və tədqiqat bacarıqlarını inkişaf etdirmək üçün istifadə edilə bilər. Məsələn, "leadership" anlayışı öyrədilərkən şagirdlər əvvəlcə öz təriflərini yazır, sonra liderin xüsusiyyətlərini müəyyənləşdirirlər. Nümunə kimi məktəb prezidenti, komanda kapitanı və ya tanınmış ictimai xadimləri göstərirlər. Əks nümunələrdə isə məsuliyyətsiz davranış, komanda ilə işləyə bilməmək və qərar verməkdən yayınmaq kimi hallar qeyd edilir. Dərsin sonunda hər qrup "A good leader should..." mövzusunda iki dəqiqəlik təqdimat edir. Bu yanaşma şagirdlərdə həm söz ehtiyatını, həm də təqdimat bacarıqlarını inkişaf etdirir.

Frayer Modelinin ən böyük üstünlüklərindən biri onun bir neçə bacarığı eyni dərsdə inkişaf etdirməsidir. Məsələn, müəllim yeni sözü təqdim edir, şagirdlər modeli doldurur, daha sonra cütlərlə həmin söz haqqında danışır, sonda isə qısa yazı işi hazırlayırlar. Cəmi 15 dəqiqə ərzində dinləmə, danışma, oxu, yazı və tənqidi düşünmə bacarıqları birlikdə inkişaf etdirilmiş olur.

Bu modeli müxtəlif oyunlarla zənginləşdirmək də mümkündür.

"Guess My Word" oyununda müəllim Frayer Modelində yalnız xüsusiyyətləri və nümunələri göstərir, mərkəzdəki sözü isə gizlədir. Şagirdlər verilən ipuclarına əsasən sözü tapmağa çalışırlar.

"Gallery Walk" fəaliyyətində qruplar hazırladıqları Frayer modellərini sinif divarından asır, digər qruplar isə onları nəzərdən keçirərək rəy bildirirlər.

"Frayer Race" oyununda qruplar eyni vaxtda müxtəlif sözlər üçün Frayer Modelini doldururlar. Müəyyən olunmuş vaxt ərzində modeli düzgün və tam hazırlayan komanda qalib olur.

"Find the Non-example" fəaliyyətində müəllim bir anlayış təqdim edir və bir neçə söz yazır. Şagirdlər həmin sözlərdən hansının əks nümunə olduğunu əsaslandıraraq seçirlər. Bu fəaliyyət anlayışın sərhədlərini daha yaxşı dərk etməyə kömək edir.

Müasir texnologiyalar Frayer Modelinin tətbiq imkanlarını daha da genişləndirir. Müəllimlər Canva, Google Slides və PowerPoint platformalarında rəngli şablonlar hazırlaya, şagirdlər isə onları planşet və ya kompüter vasitəsilə doldura bilərlər. ChatGPT kimi süni intellekt alətləri isə müəllimə nümunələr və əks nümunələr hazırlamaqda kömək edə bilər. Lakin əsas məqsəd hazır cavabı köçürmək deyil, şagirdin həmin cavabları təhlil etməsi və öz fikirləri ilə zənginləşdirməsidir.

Frayer Modeli yalnız ingilis dili dərslərində deyil, digər fənlərdə də uğurla tətbiq oluna bilər. Riyaziyyatda fraction, biologiyada photosynthesis, tarixdə revolution, coğrafiyada climate, Azərbaycan dili dərsində isə sinonim, antonim və ya məcaz kimi anlayışlar bu model vasitəsilə daha dərindən mənimsənilir. Bu da göstərir ki, Frayer Modeli konkret bir fənn üçün deyil, ümumilikdə anlayışların öyrədilməsi üçün universal tədris strategiyasıdır.

Nəticə olaraq demək olar ki, uğurlu dərs həmişə mürəkkəb texnologiyalar tələb etmir. Bəzən sadə, lakin düzgün seçilmiş metod daha böyük nəticə verir. Frayer Modeli şagirdi yalnız sözü əzbərləməyə deyil, onu anlamağa, müqayisə etməyə, əlaqələndirməyə və gündəlik istifadəyə tətbiq etməyə istiqamətləndirir. Müntəzəm tətbiq olunduqda bu model həm müəllimin peşəkar fəaliyyətini zənginləşdirir, həm də şagirdlərin söz ehtiyatının, tənqidi düşünmə bacarıqlarının və ünsiyyət qabiliyyətinin inkişafına mühüm töhfə verir. Buna görə də Frayer Modeli hər bir müəllimin metodik alətlər qutusunda yer almalı olan sadə, praktik və effektiv tədris strategiyalarından biridir.

Günay Əkbərova,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi

Frayer Modeli: Sözləri əzbərləmədən öyrənmək və öyrətməyin praktik yolu