Gələcək müəllimlər dərs bacarıqlarını virtual şagird üzərində sınayırlar

25 Sentyabr, 2026 - 09:16
Gələcək müəllimlər dərs bacarıqlarını virtual şagird üzərində sınayırlar

ABŞ-nin Viskonsin–Uaytvoter Universitetində pedaqoji ixtisaslarda təhsil alan tələbələr müəllimlik bacarıqlarını inkişaf etdirmək üçün süni intellektlə idarə olunan virtual şagirdlə məşq edirlər.

“Azərbaycan müəllimi” xəbər verir ki, tələbələr virtual reallıq eynəklərindən istifadə etməklə “DAImian” adlı süni intellekt əsaslı şagird avatarına riyaziyyat mövzusunu izah edirlər. Avatar VI sinif şagirdini imitasiya edir və tapşırıqların həlli zamanı gələcək müəllimlərin izah və suallarına real vaxt rejimində reaksiya verir.

Universitetin dosenti Ozgul Kartal bildirib ki, tələbələr əvvəllər bu cür məşqləri bir-birləri ilə rol oyunu formasında həyata keçirirdilər. Onun sözlərinə görə, “DAImian” onlara daha real və risksiz şəraitdə məşq etmək imkanı verir. Tələbələr virtual şagird mövzunu anlamaqda çətinlik çəkdikdə vəziyyətə uyğun reaksiya verməli və cavabı birbaşa söyləmədən onu həllə istiqamətləndirməlidirlər.

Təcrübə zamanı tələbələr müxtəlif konsentrasiyalarda portağal şirəsi ilə suyun qarışdırılmasına dair riyazi məsələni virtual şagirdə izah ediblər.

Universitetin sonuncu kurs tələbəsi Amber Seefeld “DAImian”la təxminən 10 dəqiqə işləyib. Virtual şagird məsələnin həllində səhvən çıxma əməlindən istifadə etdikdə tələbə ona cədvəl qurmağı təklif edib. Mərhələli izahdan sonra avatar məsələnin məntiqini başa düşərək düzgün cavaba gəlib.

Digər tələbə Mckenzie Veiss isə virtual şagirdlə işləməyin əvvəlcə həyəcanverici olduğunu, lakin təcrübənin gələcəkdə sinifdə qarşılaşa biləcəyi situasiyaları təsəvvür etməsinə kömək etdiyini bildirib. Onun sözlərinə görə, onlar məsələni müxtəlif üsullarla həll etməyə çalışsalar da, yekun cavabı tapa bilməyiblər. Bununla belə, virtual şagird həll istiqamətində irəliləyiş göstərib.

Viskonsin–Uaytvoter Universitetində süni intellekt məsələləri üzrə prorektorun xüsusi köməkçisi Jonathan Spike bildirib ki, bu texnologiyadan yalnız gələcək müəllimlərin hazırlanmasında istifadə edilmir. Məsləhətçilik və insan resursları üzrə təhsil alan tələbələr də müxtəlif peşə situasiyalarını məşq etmək üçün süni intellekt əsaslı avatarlardan yararlanırlar.

Universitetdə kriminologiya üzrə təhsil alan tələbələrin şahid və şübhəli şəxslərlə müsahibə aparmaq bacarıqlarını inkişaf etdirmələri üçün də oxşar simulyasiyaların hazırlanması nəzərdə tutulur.

Jonathan Spikeyin sözlərinə görə, məqsədlərdən biri tələbələrə süni intellektdən yalnız istifadə etməyi deyil, onun hansı hallarda faydalı olduğunu və hansı işlərin insan tərəfindən yerinə yetirilməsinin daha məqsədəuyğun olduğunu düşünməyi öyrətməkdir.

Qeyd edək ki, Viskonsin–Uaytvoter Universitetinin kansleri Corey King 2025-ci ilin dekabrında süni intellekt əsaslı avatarların istifadəsi ilə bağlı yanaşmanı Viskonsin Universitetləri Sisteminin Regentlər Şurasına təqdim edib. O bildirib ki, virtual reallıq tələbələrə təhlükəsiz simulyasiya mühitində real iş şəraitinə yaxın situasiyalarda peşə bacarıqlarını inkişaf etdirməyə imkan verir.