Gənc alimlər üçün müsabiqələr keçiriləcək

27 Fevral, 2026 - 13:33
Gənc alimlər üçün müsabiqələr keçiriləcək

"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi miqyası və elmi əhatəsi baxımdan geniş və sistemli xarakter daşıyır. Yubiley çərçivəsində elmi toplantı və konfranslarda mövzu ətrafında geniş müzakirələr aparılır, ali təhsil müəssisələrində Qurultay materiallarının tədris prosesinə inteqrasiyası istiqamətində ardıcıl işlər görülür. Universitetlərdə Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin sistemli şəkildə öyrənilməsi məqsədilə metodik vəsaitlər, tədris proqramları və xüsusi kurslar hazırlanır".

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri AMEA-da “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O bildirib ki, Birinci Türkoloji Qurultayın məhz Bakıda keçirilməsi ölkəmizin o illərdə türkologiyanın aparıcı elmi mərkəzlərindən biri olmasının aydın göstəricisidir: “Eyni zamanda, ölkəmizin yenidən belə bir nüfuzlu elmi mərkəz səviyyəsinə yüksəlməsi üçün zəruri və ardıcıl addımların atılması xüsusi əhəmiyyət kəsb edir. Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumlar da daxil olmaqla il ərzində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş birgə elmi konfrans, simpozium, sessiya, seminar və dəyirmi masaların keçirilməsi, sərgilərin təşkili, eyni zamanda, gənclər üçün təqaüd proqramının hazırlanması, gənc alimlər üçün müsabiqələrin təşkili və bu istiqamətdə bir çox işlərin görülməsi nəzərdə tutulub.

1926-cı ildə müzakirə olunmuş və bu gün də aktuallığını qoruyub saxlayan orfoqrafiya, terminologiya, türk xalqlarının ədəbi dillərinin tarixi, ədəbiyyatı, ümumi tarixi, etnoqrafiyası və incəsənəti kimi bir sıra mühüm məsələlərin bundan sonra da təşkil olunacaq elmi tədbirlər çərçivəsində diqqət mərkəzində saxlanılacağına və öz elmi həllini tapacağına inanıram”.