Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
Tədris prosesinin səmərəli təşkili və keyfiyyətinin təmin olunmasında kafedra müdirlərinin məsuliyyətinin artırılması zəruridir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Böyük Elmi Şurasının iclasında deyib.
O, bu məqsədlə auditoriyalardan və digər tədris məkanlarından səmərəli istifadənin vəziyyətinin mütəmadi monitorinqinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
G.Gəraybəyli tədrisin keyfiyyətinin yüksəldilməsinin davamlı və sistemli proses olduğunu vurğulayıb. O, təhsil proqramlarının, tədris texnologiyalarının, innovativ yanaşmaların və qiymətləndirmə metodlarının müasir tələblərə uyğun mütəmadi olaraq təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkib.
G.Gəraybəyli elektron diplomların tətbiqi ilə əlaqədar növbəti ilin məzunlarının sənədlərinin əvvəlcədən və vaxtında hazırlanmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, 6-cı kurs tələbələrinin imtahanların təşkili, qiymətləndirmə meyarları və qarşıya qoyulan tələblərlə bağlı əvvəlcədən ətraflı məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Universitetin təhsil proqramlarının akkreditasiyaya hazırlığı məsələsinə də toxunan rektor bu prosesin indidən sistemli və məqsədyönlü şəkildə təşkil edilməsinin vacibliyini bildirib.
Qeyd olunub ki, akkreditasiya hazırlığı yalnız müvafiq sənədlərin hazırlanması ilə məhdudlaşmamalı, tədrisin təşkili və həyata keçirilməsi, təhsil proqramlarının məzmununun müəyyən edilmiş tələblərə uyğunluğu, qiymətləndirmə mexanizmləri, tədris resursları və digər mühüm istiqamətləri əhatə etməlidir.
Rektor müasir maddi-texniki imkanların tədris prosesinə daha fəal inteqrasiyasının əhəmiyyətini də vurğulayıb. Xüsusilə maneken, mulyaj və simulyatorlardan istifadənin genişləndirilməsinin tələbələrin praktiki bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edən G.Gəraybəyli tələbələrin bu imkanlardan daha səmərəli və fəal istifadəsinin təmin edilməsinin vacibliyini bildirib.




