Hazırda hipersonik təyyarələr və səyahət əsas maraq dairəmdir - Stanfordda təhsil alan tələbə
– Sadiq, ilk olaraq səni təbrik edirik. Stanford Universitetinə qəbul olmaq böyük nailiyyətdir. Bu xəbəri aldığın an hansı hissləri yaşadın?
– Çox təşəkkür edirəm. Stanford kimi dünyaca nüfuzlu və Aerokosmik mühəndislik sahəsində çox güclü olan bir universitetə qəbul almaq mənim üçün inanılmaz bir təcrübə idi. Özümü çox şanslı və minnətdar hiss etdim. Belə bir mühitdə təhsil almaq böyük motivasiya və məsuliyyətdir.
– Oxucularımız üçün səni daha yaxından tanıyaq. Orta təhsilini harada almısan və aerokosmik sahəyə marağın necə formalaşıb?
– Əslən Lerik rayonundanam, Bakıda böyüyüb boya - başa çatmışam. Orta təhsilimi Bakıdakı Britaniya məktəbində almışam. Aerokosmik sahəyə marağımın dəqiq nə vaxt başladığını xatırlamıram, amma uşaqlıqdan təyyarələrə böyük sevgim olub. Bu maraq illər keçdikcə daha da artdı. Təyyarələrlə bağlı yarışlara qatıldım, kitablar oxumağa başladım və bu sahədə tanınmış insanları yaxından izlədim. Xüsusilə Səlcuq Bayraktar və Elon Musk mənə böyük təsir göstəriblər. Səlcuq Bayraktar tərəfindən yaradılan TB2 pilotsuz uçuş aparatlarının ölkəmizdə istifadəsi mənim üçün çox ilhamverici idi. Elon Musk isə kosmik sənayedəki innovativ yanaşmaları ilə bu sahəyə marağımı daha da artırdı.
– Məhz aerokosmik mühəndisliyi seçməyinin əsas səbəbi nə oldu?
– Bu sual əslində əvvəlki cavabımla birbaşa bağlıdır. Uşaqlıqdan formalaşan təyyarə sevgisi, yarışlarda iştirak, oxuduğum kitablar və ilham aldığım şəxsiyyətlər məni bu sahəni peşəkar şəkildə seçməyə gətirib çıxardı.
– Stanford Universitetini digər nüfuzlu universitetlərdən fərqləndirən əsas cəhətlər sənin üçün nələr oldu?
– Stanford Universitetinin Silikon Vadisinin mərkəzində yerləşməsi çox böyük üstünlükdür. Burada baş verən texnoloji yeniliklər və startap mədəniyyəti universitetlə sıx əlaqəlidir. Bundan əlavə, Stanford Flight Club kimi klublar tələbələrə real layihələr üzərində işləmək imkanı yaradır. Mən də əvvəllər RC (radio-controlled) təyyarələr düzəldirdim və milli yarışlarda iştirak edirdim, bu isə Stanforddakı mühitlə üst-üstə düşürdü. Aerokosmik mühəndislik fakültəsində professor Juan Alonso, Manan Arya və akademik koordinatorum olan Mykel Kochenderfer kimi çox güclü mütəxəssislər var. Onların gördüyü işlər məni çox ruhlandırır.
– Beynəlxalq yarışlar və olimpiadalar sənin akademik yolunda hansı rolu oynadı?
– Copernicus Riyaziyyat Olimpiadası kimi beynəlxalq yarışlar sənədlərimin hazırlanmasında çox önəmli rol oynadı. Digər riyaziyyat olimpiadaları da mənim çalışqanlığımı və riyaziyyata olan marağımı göstərirdi. Riyaziyyat mənim sevdiyim fəndir və bu yarışlar mənə həm bilik, həm də imtahanlarda özümə inam qazandırdı.
– Universitet qəbul prosesi zamanı bu yarışların real təsirini hiss etdinmi?
– Bəli, hiss etdim. Bu cür yarışlar qəbul komissiyasına mənim akademik maraqlarımı, davamlı zəhmətimi və beynəlxalq səviyyədə özümü sınamaq cəsarətimi göstərirdi.
– GOC-un bu prosesdə rolu nə oldu?
– Global Olympic Center (GOC) mənə beynəlxalq və nüfuzlu olimpiadalarda iştirak etmək imkanı yaratdı. Bu qurum tələbələrin potensialını üzə çıxarmasına, özünə inam qazanmasına və beynəlxalq akademik mühitə daha hazır olmasına böyük töhfə verir. Buna görə onlara çox minnətdaram.
– Xaricdə, xüsusilə də Stanford kimi bir mühitdə oxumaq sənin dünyagörüşünü necə dəyişdi?
– Xaricdə təhsil almaq məni yeni mühitə uyğunlaşmağa öyrətdi. İlk dövrlər çətin olsa da, zamanla bu təcrübənin nə qədər dəyərli olduğunu anladım. Daha müstəqil olmağı, vaxtımı düzgün planlamağı, gündəlik məsuliyyətləri yerinə yetirməyi öyrəndim. Yuxu rejimi, idman, nizam-intizam burada çox önəmlidir və bütün bunlar akademik uğura birbaşa təsir edir.
– Azərbaycanlı tələbə kimi özünü beynəlxalq akademik mühitdə necə təqdim edirsən?
– Azərbaycanlı tələbə kimi çalışıram ki, həm akademik biliklərimlə, həm də məsuliyyətli yanaşmamla ölkəmi layiqincə təmsil edim.
– Gələcək üçün əsas hədəflərin nələrdir? Özünü 5–10 il sonra harada görürsən?
– Gələcəkdə sahəmdə tanınan və güclü bir mühəndis olmaq istəyirəm. Hazırda Aerokosmik sənayedə, xüsusilə nəqliyyat və səyahət sahəsində yeni texnologiyalar üzərində işləmək maraqlıdır. Hipersonik təyyarələr və hipersonik səyahət hazırda əsas maraq dairəmdədir.
– Uzunmüddətli perspektivdə Azərbaycana qayıdaraq elm və ya sənaye sahəsində fəaliyyət göstərmək planların varmı?
– Azərbaycanda bu sahədə innovativ layihələr yaratmaq mənim üçün böyük qürur olar. Lazımi bilik və təcrübəni topladıqdan sonra bu bilikləri ölkəmizdə tətbiq etmək və qlobal miqyasda fayda verəcək layihələr yaratmaq istərdim.
– Sənin yolunu getmək istəyən şagirdlərə hansı tövsiyəni verərdin?
– Gənclərə ən əsas tövsiyəm səbirli olmaları və həqiqətən sevdikləri sahəni tapmalarıdır. İnsan nəyi sevdiyini tapanda, onun üzərində işləmək daha asan və daha zövqlü olur. Davamlı zəhmət və inam isə uğurun əsas açarıdır.


