Hər yaxşı müəllim yaxşı direktor ola bilərmi?

21 İyul, 2026 - 12:41
Hər yaxşı müəllim yaxşı direktor ola bilərmi?

Təhsil sistemində ən bahalı səhvlərdən biri yaxşı müəllimi mükafatlandırmaq adı ilə onu sinifdən çıxarmaqdır. Məktəbdə öz işinin peşəkarı olan, şagird və valideynlərin rəğbətini qazanan, nəticələri ilə seçilən bir müəllim görən kimi düşünürük: bu müəllim mütləq direktor, direktor müavini və ya hansısa bölmə rəhbəri olmalıdır. 

Bəzən bunu yuxarı qurumlar istəyir, bəzən məktəb rəhbərliyi, bəzən də müəllimin özü. Çünki bizim düşüncəmizdə vəzifə hələ də peşəkar yüksəlişin əsas göstəricisi sayılır. Halbuki yaxşı müəllim olmaqla yaxşı direktor olmaq eyni şey deyil.

Müəllim bir günün içində sinifdən çıxıb tamam fərqli bir dünyanın içinə düşür. Dünən dərs planı hazırlayan, şagirdlə işləyən, pedaqoji üsullar haqqında düşünən insan bu gün rəsmi sənədləşmə, hesabatlar, yoxlamalar, valideyn müraciətləri, əməkdaşlar arasındakı mübahisələr, maliyyə məsələləri, təhlükəsizlik, qəbul prosesi və saysız-hesabsız inzibati problemlərlə üz-üzə qalır. Dünənə qədər gördüyü işə görə təşəkkür alan müəllim artıq hər problemin cavabdehinə çevrilir.

Məktəbdə bir qapı sınırsa, direktor cavabdehdir. Müəllimlə valideyn arasında problem yaranırsa, direktor cavabdehdir. Tədrisin keyfiyyəti aşağı düşürsə, direktor cavabdehdir. Maliyyə, təhlükəsizlik, intizam, qəbul, insan resursları, sənədləşmə - hamısı onun üzərinə gəlir. Bir müddət sonra həmin insanın illərlə qazandığı müəllim nüfuzu idarəetmədə buraxdığı səhvlərin kölgəsində qalmağa başlayır.

Sonra nə baş verir? Rəhbərlik ondan hesabat istəyir, problemlərin həllini tələb edir. O isə bu yükün altından qalxa bilmədikcə gərginlik artır. Münasibətlər pozulur. Sonda ya müəllim inciyib gedir, ya da işəgötürən tərəf onunla yollarını ayırmalı olur. Beləcə, bir zamanlar uğurları ilə fəxr etdiyimiz müəllimi itiririk. Ən acınacaqlısı isə budur ki, həmin insan sonradan yenidən müəllimliyə qayıtmaq istəmir. Qayıtsa belə, əvvəlki motivasiyası, həvəsi və enerjisi qalmır. Çünki bizdə  vəzifədən əvvəlki işə qayıtmaq hələ də geriləmə kimi qəbul edilir.

Direktor olmuş bir insan yenidən müəllim olmağı özünə yaraşdırmır. Halbuki peşəkarlığın vəzifə ilə heç bir əlaqəsi yoxdur. Təhsil idarəçiliyi ilə məşğul olduğum müxtəlif dövrlərdə bu vəziyyətlə dəfələrlə qarşılaşmışam. Yaxşı müəllimimizi dəyərləndirmək istəmişik. Onu rəhbər vəzifəyə təyin etmişik. Düşünmüşük ki, sinifdə göstərdiyi yüksək performansı idarəetmədə də göstərəcək. Bəzən belə də olub. Yaxşı müəllimdən yaxşı direktor, bacarıqlı müavin və güclü komanda rəhbəri yetişib. Amma hər zaman yox. Bəzən sinifdə möhtəşəm nəticə göstərən müəllimin idarəetmədə eyni uğuru göstərə bilmədiyini görmüşük. Qarşısına qoyulan tapşırıqları yerinə yetirməkdə çətinlik çəkib, hesabat verə bilməyib, əməkdaşlarla münasibəti idarə edə bilməyib, qərar qəbul etməkdən çəkinib və ya qərarlarının məsuliyyətini daşımaq istəməyib. Problemləri dedikdə isə bunu tənqid kimi qəbul edib. Halbuki müəllim kimi təqdir edilən insan rəhbər olanda artıq yalnız alqış yox, tələb və hesabatla da üzləşməlidir. Bu prosesdə bəzən münasibətlər də pozulub. Bir vaxtlar peşəkarlığına güvəndiyimiz, işinə yüksək qiymət verdiyimiz müəllimlə yollarımız ayrılıb. Bu, həm məktəb, həm də müəllim üçün itki olub.

Ona görə də məsələnin uğurlu tərəfini deyil, məhz uğursuz tərəfini qabartmaq istəyirəm. Çünki uğur özünü onsuz da göstərir. Uğursuzluğun səbəbləri isə təhlil edilməzsə, eyni səhv təkrar-təkrar yaşanır.

Məncə, müəllimi vəzifə ilə qiymətləndirmək yanlışdır. Bu problemdə hər iki tərəfin məsuliyyəti var. Birinci tərəf məktəb rəhbərliyi və ya işəgötürəndir. Biz müəllimi qiymətləndirmək istəyirik, amma bunun ən asan yolunu seçirik: ona vəzifə veririk. Sanki müəllimliyə davam etmək yerində saymaq, direktor olmaq isə yüksəlməkdir. Əslində isə müəllimi qiymətləndirməyin vəzifədən başqa çoxlu yolları var. Onun əməkhaqqı artırıla, əlavə sosial imkanlar yaradıla, metodist, mentor, aparıcı müəllim və ya təlimçi kimi inkişafı təmin edilə bilər. Elmi-pedaqoji fəaliyyətinə dəstək göstərilə, nüfuzu və peşəkarlığı məktəb daxilində daha görünən hala gətirilə bilər.Yəni müəllimi dəyərləndirmək üçün onu mütləq sinifdən çıxarmaq lazım deyil.

İkinci məsuliyyət isə müəllimin öz üzərinə düşür. Müəllim də özünü düzgün qiymətləndirməlidir. Vəzifəni şöhrət, kreslo, status və ya yalnız maddi imkanların artması kimi görməməlidir. Özündən soruşmalıdır: mən insanları idarə edə bilərəmmi? Çətin qərarlar verməyə hazırammı? Konfliktlərdən qaçmayacağammı? Hesabat vermək, tənqid eşitmək, məsuliyyət daşımaq qabiliyyətim varmı? Çünki rəhbərlik üstünlük deyil, yükdür, məsuliyyətdir!  O kresloda oturan insanın səlahiyyəti artdığı qədər məsuliyyəti də artır.

Öyrətmək başqa, idarə etmək başqadır. Bu gün dünyanın aparıcı universitetlərində və təhsil sistemlərində təhsil menecerliyinin ayrıca ixtisas kimi tədris olunması təsadüfi deyil. Çünki öyrətmək ayrı peşədir, idarə etmək ayrı. Azərbaycanda da son illərdə bir sıra universitetlərdə təhsil menecerliyi ilə bağlı ixtisas və proqramların yaradılması bunu göstərir. Deməli, sovet dövründən qalan “ən təcrübəli müəllimi direktor təyin edək” prinsipi artıq müasir məktəbin tələblərinə cavab vermir.

Bu gün özəl tibb müəssisələrində baş həkimlə icraçı direktorun funksiyaları çox zaman ayrılır. Biri tibbi və peşəkar məsələlərə, digəri isə inzibati idarəetməyə cavabdeh olur. Məktəbdə də buna bənzər model üzərində düşünmək lazımdır. Akademik direktor təhsilin məzmunu, müəllim hazırlığı, metodika və şagird nailiyyətləri ilə məşğul ola bilər. İnzibati direktor isə maliyyə, təhlükəsizlik, insan resursları, sənədləşmə, texniki təminat və təşkilati məsələləri idarə edə bilər. Necə ki, beynəlxalq məktəblərdə bu gün belədir. Çünki bu gün məktəb direktoru yalnız təhsilin keyfiyyətinə nəzarət etmir. O, eyni zamanda təhlükəsizliyə, maliyyəyə, qəbul prosesinə, əmək münasibətlərinə, valideynlərlə ünsiyyətə, məktəbin reputasiyasına, hüquqi sənədlərə, təsərrüfat işlərinə və fövqəladə vəziyyətlərdə qərarverməyə cavabdehdir. Kim düşünürsə ki, hər yaxşı müəllim bütün bu vəzifələri daşıya bilər, yanılır. Bunların hər biri üçün ayrıca idarəetmə bacarığı lazımdır. Pedaqoji fakültələrdə isə bu bacarıqlar ya ümumiyyətlə öyrədilmir, ya da çox məhdud şəkildə təqdim olunur.

Müəllim öz fənninin məzmununu, metodikasını və həmin sahəyə aid texnoloji vasitələri bilməlidir. Direktor isə bütün fənlərin ümumi tədris prinsiplərindən, məktəbin idarəetmə alətlərindən, maliyyə savadlılığından, əmək qanunvericiliyindən, insan resurslarından və təşkilati davranışdan xəbərdar olmalıdır. Bunlar eyni kompetensiyalar deyil.

Müəllim şagirdi, direktor sistemi yetişdirir. Müəllimin əsas vəzifəsi öyrətməkdir. Direktorun əsas vəzifəsi isə insanların işləyə biləcəyi sistem qurmaqdır. Yaxşı müəllim dərsini planlaşdırır, sinfi motivasiya edir, şagirdi qiymətləndirir, valideynlə işləyir və insan yetişdirir. Yaxşı direktor isə məktəbin strateji inkişafını planlaşdırmalı, resursları düzgün bölüşdürməli, hüquqi və normativ sənədləri bilməli, müəllim kollektivini formalaşdırmalı, konfliktləri idarə etməli, böhran vəziyyətlərində qərar verməli və məktəbdə ortaq məqsəd yaratmalıdır.

Bir sözlə, biri öyrətmə mütəxəssisidir, digəri idarəetmə mütəxəssisi. Bu iki bacarıq bir insanda birləşə bilər. Amma hər yaxşı müəllimdə mütləq birləşməlidir deyə, bir qayda yoxdur.

OECD-nin məktəb rəhbərliyi ilə bağlı yanaşmalarında da direktorun əsas missiyası müəllimlərin yerinə işləmək deyil, onların peşəkar inkişafını təmin edən mühit yaratmaq kimi göstərilir. Effektiv direktor məktəbdə əməkdaşlıq mədəniyyəti, ortaq məqsəd və davamlı inkişaf sistemi qurmalıdır. Məktəb rəhbərliyi şagird nailiyyətlərinə çox zaman birbaşa deyil, müəllimlərin fəaliyyətini gücləndirməklə təsir edir. Yəni yaxşı direktorun özü məktəbin ən yaxşı müəllimi olmaq məcburiyyətində deyil. Onun əsas vəzifəsi yaxşı müəllimlərin daha yaxşı işləməsinə şərait yaratmaqdır. Bu fərqi anlamadıqca müəllimlə direktorun rolunu bir-birinə qarışdıracağıq.

Vəzifə mükafat deyil. Bizdə isə vəzifə çox zaman mükafat kimi təqdim olunur. Bu yanaşmanın arxasında xoş niyyət dayanır. Amma xoş niyyət həmişə düzgün nəticə yaratmır. Çünki həmin müəllim bəlkə də məktəbin, hətta ölkənin ən yaxşı müəllimlərindən biridir. Biz onu sinifdən çıxarırıq. Əvəzində isə idarəetməyə hələ hazır olmayan bir rəhbər qazanırıq. Beləliklə, iki risk yaranır. Məktəb ən güclü müəllimlərindən birini itirir, idarəetmədə isə yeni problemlərlə üzləşir. Əgər həmin şəxs rəhbər kimi uğur qazana bilmirsə, artıq insanlar onun müəllimlik bacarığını deyil, idarəetmə səhvlərini müzakirə etməyə başlayırlar. İllərlə formalaşmış müəllim nüfuzu bir neçə ayın içində zədələnə bilir.

İdarəetmə ədəbiyyatında məşhur olan Peter prinsipi bu vəziyyəti kifayət qədər sərt şəkildə ifadə edir: insanlar iyerarxiyada səriştəsizlik səviyyəsinə qədər yüksələ bilirlər. Yəni bir insan əvvəlki işində uğurlu olduğuna görə yüksəldilir. Lakin yeni vəzifədə tamam fərqli bacarıqlar tələb olunur. Əgər həmin bacarıqlar onda yoxdursa və ya inkişaf etdirilməyibsə, insan yeni vəzifədə uğursuz ola bilər.

Bu prinsip təhsil sahəsində xüsusilə ciddi düşünülməlidir. Çünki yaxşı müəllimlik direktor olmaq üçün başlanğıc üstünlükdür, amma yetərli şərt deyil. Rəhbər təyin edilmir, yetişdirilir. İnkişaf etmiş təhsil sistemlərində müəllimlərin karyera yolu əvvəlcədən planlaşdırılır. Məsələn, Sinqapur təhsil modelində müəllimlər üçün fərqli inkişaf istiqamətləri mövcuddur. Bəzi müəllimlər yüksək səviyyəli pedaqoq kimi yetişir, bəziləri metodist və təlimçi olur, bəziləri isə mərhələli şəkildə məktəb rəhbərliyinə hazırlanır.

Azərbaycanda da müəllim işə qəbul olunarkən yalnız onun bugünkü biliyinə baxmaq kifayət deyil. Gələcək potensialı da qiymətləndirilməlidir. Onun liderlik xüsusiyyətləri, təşkilatçılığı, ünsiyyət qabiliyyəti, analitik düşüncəsi, qərarvermə bacarığı, təzyiq altında davranışı və məsuliyyət hissi müşahidə edilməlidir. Sonra həmin müəllim üçün fərdi inkişaf xətti müəyyənləşdirilməlidir.Kimsə gələcəkdə rəhbər kimi yetişdirilə bilər. Kimsə metodist ola bilər. Kimsə elmi-pedaqoji fəaliyyətə yönəldilə bilər. Kimsə isə ömrü boyu sinifdə qalaraq yüzlərlə, minlərlə şagirdin həyatına təsir edən böyük müəllimə çevrilə bilər. Bunların heç biri digərindən aşağı deyil. Problem ondadır ki, biz yalnız rəhbərliyi yüksəliş sayırıq. Kreslodan düşmək niyə çətindir? 
Cəmiyyətimizin başqa bir problemi də var. Biz vəzifəyə qalxmağı uğur, əvvəlki işə qayıtmağı isə məğlubiyyət hesab edirik. İnsan direktor olubsa, yenidən müəllimliyə qayıtmaq istəmir. Sanki əvvəlki peşəsi birdən-birə dəyərini itirib. Halbuki ağıllı və peşəkar insan üçün vəzifə məqsəd deyil. Məqsəd fayda verməkdir. Əgər bir insan ən böyük faydanı sinifdə verirsə, onun müəllim olması direktor olmasından daha qiymətlidir. Əgər məktəbi idarə etməklə daha çox fayda yaradırsa, rəhbər olmalıdır. Əsas məsələ insanın ən güclü olduğu yerdə işləməsidir. Bəzən vəzifədən müəllimliyə qayıtmaq geriləmə yox, düzgün yerə qayıdışdır. Bunu qəbul etmək üçün isə həm təşkilati mədəniyyət, həm də şəxsi yetkinlik lazımdır.

Yaxşı müəllimi qorumaq lazımdır. Təhsil sistemi yalnız müəllim yetişdirməklə inkişaf etmir. O, rəhbər, metodist, təlimçi, tədqiqatçı və təhsil meneceri də yetişdirməlidir. Ancaq bunların heç biri təsadüfən formalaşmır. Yaxşı müəllim illərlə yetişir. Yaxşı direktor da eləcə. Yaxşı metodist və ya tədqiqatçı da bir neçə seminarla yaranmır. Bunların hər biri planlı inkişaf, uzunmüddətli hazırlıq və düzgün karyera xətti tələb edir. Yaxşı müəllim hər zaman yaxşı direktor olmaya bilər. Amma yaxşı müəllim hər zaman məktəbin ən böyük sərvətlərindən biridir. Onu qiymətləndirmək üçün mütləq vəzifəyə qaldırmaq lazım deyil. Bəzən ən böyük qiymət onu sinifdə saxlamaq, daha yaxşı şərait yaratmaq, əməyini maddi və mənəvi baxımdan dəyərləndirmək, təcrübəsini digər müəllimlərlə bölüşməsinə imkan verməkdir. Çünki məktəb yaxşı direktor tapa bilər. Amma itirdiyi böyük müəllimi yenidən yetişdirmək üçün bəzən illər kifayət etmir.


Şəmil Sadiq