“I Beynəlxalq mədəni irs və dayanıqlı turizm konfransı” keçiriləcək
Naxçıvan Dövlət Universitetində 25–26 may 2026-cı il tarixlərində Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “I Beynəlxalq mədəni irs və dayanıqlı turizm konfransı” (ICCHST – Naxçıvan 2026) keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, beynəlxalq səviyyəli elmi tədbir Naxçıvan Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransın keçirilməsində Türkiyə, Macarıstan və Özbəkistanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də tərəfdaş qismində iştirak edir.
Konfransın əsas məqsədi mədəni irsin qorunması, dayanıqlı turizmin inkişafı, elmi fikir mübadiləsinin genişləndirilməsi və xüsusilə gənc tədqiqatçılar arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır. Tədbir həm ənənəvi, həm də onlayn formatda təşkil olunacaq.
Konfrans çərçivəsində etik prinsiplərə uyğun hazırlanmış orijinal elmi tədqiqatlara üstünlük veriləcək. Təqdim olunan xülasə və tam məqalələr müvafiq elmi ekspertizadan keçiriləcək, müsbət rəy alan materiallar konfransın elmi toplu nəşrində dərc olunacaq. İştirakçılara sertifikatlar təqdim ediləcək.
Eyni zamanda, tədbir müddətində iştirakçılar üçün Naxçıvan Muxtar Respublikasının zəngin turizm potensialını əks etdirən tarixi və turistik məkanlara ekskursiyalar da təşkil olunacaq.
Konfransın əsas mövzuları sırasında tarixi, arxeoloji və mədəni irsin əsasları, mədəni irsin qorunması və turizmin inkişafı, ağıllı turizm və innovasiya, iqlim dəyişikliyi və ekoloji dayanıqlılıq, eləcə də davamlı turizmin iqtisadi, təhsil və geosiyasi aspektləri yer alır.
Xülasə və tam mətnlərin qəbulu üçün son tarix 30 aprel 2026-cı il, proqramın elan olunma tarixi isə 3 may 2026-cı il olaraq müəyyənləşdirilib. Konfrans materiallarının nəşri 30 iyun 2026-cı il tarixində nəzərdə tutulur.
Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir.



