İlk müəllimlər qurultayının keçirilməsindən 120 il ötür...
Azərbaycanda pedaqoji fikrin inkişafı, çoxminlik müəllim ordusunun ölkənin və xalqın gələcək inkişafı naminə vahid bir məqsəd – uşaq, yeniyetmə və gənclərin təlim-tərbiyəsi ətrafında birləşdirilməsində, tədrisin faydalı forma və metodlarının işlənib hazırlanması və həyata keçirilməsində müəllimlər qurultaylarının böyük rolu olmuşdur. Müəllimlər qurultayı təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edən, müəllimlərin peşəkar inkişafına, təcrübə mübadiləsi, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş mühüm tədbirlərdəndir. Tarixən keçirilən ilk müəllimlər qurultaylarından bu gününə qədər davam edən qurultaylar təhsil sahəsində gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə, müəllimlərin əməkdaşlığına, mövcud problemlərin və onların həlli yollarının müzakirəsinə, tədris proqramları, qiymətləndirmə və təlim metodları ilə bağlı qərarların qəbul olunmasına xidmət etmişdir.
Azərbaycan təhsil tarixinə müəllimlərin ilk qurultayı kimi daxil edilmiş Qafqaz müsəlman müəllimlərinin Bakıda çağırılan I qurultayından artıq 120 il keçir. O dövrdə belə bir qurultayın çağırılması Azərbaycan ictimai pedaqoji fikir tarixində mühüm hadisə sayıla bilər. Qurultayda müzakirə olunan məsələlər, qəbul edilmiş qərarlar, onun bu günlə səsləşməsi təhsil tarixində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan təhsil tarixini yaşadan, onun inkişaf yollarını xronoloji ardıcıllıqla əks etdirən Xalq Təhsili Muzeyində Azərbaycan Müəllimlərinin I qurultayı ilə bağlı sənəd və materiallar qorunub saxlanılır. Həmin materiallara istinad edərək qurultay haqqında məlumatları oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Zaqafqaziya müəllimlərinin I qurultayına seçilmiş komissiya üzvləri
İlk müəllimlər qurultayına hazırlıq işlərinin görülməsi və onun keçirilməsində görkəmli ziyalılarımızın rolunu xüsusi qeyd etmək lazımdır. Həyat və fəaliyyətlərini təhsil və mədəniyyətin inkişafı uğrunda mübarizəyə həsr etmiş maarifçilərimiz cəhalətin qaranlığından xilas olmağın yeganə yolunu, xalqın xoşbəxtlik və tərəqqisini elmdə görmüş, təlim və tərbiyənin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişlər. Birinci qurultayın əsas məramı da məktəbin inkişafına yönələn vəzifələri müəyyənləşdirmək, müəllimləri bir yerə toplayaraq ümumi məqsəd ətrafında birləşdirmək idi.
1906-cı ilin may ayında “Nicat” xeyriyyə cəmiyyətinin qiraətxanasında qurultayın çağırılması üçün təsis komissiyası yaradılmışdır. Komissiyanın tərkibinə H.Zərdabi, N.Nərimanov, Ə.Ağayev, Ə.Cəfərzadə, A.Əfəndiyev, C.Mahmudbəyov, C.M.Hacıbababəyov, M.Əfəndiyev daxil edilmişlər.
Təsis komissiyası may ayından başlayaraq avqustda qurultay açılanadək N.Nərimanovun sədrliyi ilə 11 iclas keçirmişdir. Komissiya üzvləri keçirdiyi iclaslarda rus-müsəlman məktəbləri və dini məktəblərin islahı, mövcud proqramların nəzərdən keçirilməsi, yenilərinin tərtibi və bu əsasda kitabların yazılması, gələcək müəllimlər məclisinə hazırlıq, maddi vəsaitin cəm olunması və digər məsələlərə toxunmuşlar. Müəllimlər komissiyası “Nicat” və “Bakı” xeyriyyə cəmiyyətlərinə müraciət edərək göstərilən vəsaitin bir hissəsini, yəni 3 yüz manatı “Nicat”, 5 yüz manatı isə Bakı xeyriyyə cəmiyətinin öz öhdələrinə götürməsini rica etmişlər. Qurultay ərəfəsində komissiya üzvləri ayrı-ayrı şəhərlərə səfər edərək qurultayın çağırılması və keçirilməsi ilə bağlı məsələləri həll edir, mətbuatda çıxış edir, qurultayın məqsəd və məramlarını aydınlaşdırırdılar. 1906-cı il avqust ayının 15-dən başlayıb axırınadək davam edəcək Azərbaycan müəllimlərinin I qurultayına Qafqazın hər yerindən təlim-tərbiyə işlərinə meyilli vətənpərvər müəllimlər dəvət olunmuşdur.

Qurultay materiallarının fotosurəti
H.Zərdabi və N.Nərimanovun sədrliyi ilə keçən qurultay təhsilin vacibliyi prinsipini əsas götürərək xalq məktəbinin aşağıdakı müddəalardan ibarət konkret inkişaf proqramını qəbul etmişdir:
- məktəb şəbəkəsinin genişləndirilməsi;
- ibtidai və orta rus-tatar məktəblərində ana dilinin icbari fənn kimi tədrisi;
- yeni dərs proqramının tərtibi;
- vahid dərs metodunun hazırlanması;
- kənd müəllimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması;
- Zaqafqaziya (Qori) Müəllimlər seminariyasının tatar şöbəsinin Azərbaycan
şəhərlərindən birinə köçürülməsi;
- qadın təhsilinin inkişaf etdirilməsi.
Qurultayın ilk iclası H.Zərdabinin sədrliyi ilə keçirildi. Həmin iclasda ana dili, ilahiyyat və hesab elmi üzrə proqramları və dərs planları müzakirə edilərək daha təkmil şəkildə ictimaiyyətə təqdim etmək üçün 3 komissiya təşkil edilmişdir. Komissiyaların fəaliyyəti nəticəsində bir sıra təkliflərə baxılmış, ana dilinin mükəmməl tədrisi məsələsinə toxunularaq Qafqaz Maarif müdirinə aşağıdakı müddəaları əhatə edən ərizə təqdim olunmuşdur:
- türk, müsəlman və qeyri-müsəlman müəllimlərinin hüququnun bərabərləşdirilməsi;
- ana dili dərslərinin icbari olması;
- şəriət və ana dili dərslərinin miqdarının artırılması;
- müəllimlərin məktəblərə təyin edilməsi və ya kənarlaşdırılmasında əhalinin iştirakı.
Digər iclasda hesab elmi üzrə komissiya tərəfindən tərtib edilmiş 4 illik proqramın bəzi maddələrində dəyişikliklər və əlavələr (rus və müsəlman ölçü və çəki vahidləri, mürəkkəb ədədlər və s.) edilməklə qəbul edilmişdir.
Qurultay Azərbaycan müəllimlərini milli məktəblərlə bağlı vəzifələri həyata keçirməyə səfərbər etmişdir. Bunların sırasında ən əsası milli dili tədris edən ixtisaslı müəllimlərin hazırlanması idi. Bu da təsadüfi deyildir. Çünki maarif sistemi üçün səciyyəvi olan müəllim çatışmazlığı özünü qeyri-rus məktəblərində daha çox biruzə verirdi. Bu vəziyyət tədris idarəsinə əsas verirdi ki, xüsusən ibtidai məktəblərdə müəllimlik fəaliyyətinə sınaqdan keçmək şərti ilə orta və natamam orta məktəb məzunlarını cəlb etsin.
Kənd məktəblərində vəziyyət daha çətin idi. Məktəblərə rus müəllimləri təyin olunanda yerli əhali övladlarını oraya göndərməkdən çəkinirdi. Amma müsəlman müəllimlərinin işlədiyi məktəblər say etibarilə az olsa da, şagirdlər oraya həvəslə gəlirdilər. O dövrdə müsəlmanın özünə məzhəb və məslək baxımından yaxın olan müəllimlərə rəğbət bəsləməsi təbii qarşılanırdı.
Kənd müəllimlərinin ehtiyacları barəsində F.Ağayev qurultaya müfəssəl bir layihə təqdim etmişdir. Layihə ətrafında müzakirələr olmuşdur. Bu layihədə kənd müəllimlərinin bir çox ehtiyacları aydın və aşkar edilmiş, müəllimlərin məişəti ağır olduğundan maddi ehtiyaclarının artması, kəndlə xəzinə arasında məsafə uzaq olduğundan müəllimlərin aldıqları məvacibin böyük bir hissəsini yol xərclərinə sərf etməsi və bu qüsurun aradan qaldırılması göstərilmişdir. Bununla bərabər onların mənəvi ehtiyacları da qeyd edilmişdir:
- müəllimlərə fayda verən kitab və jurnalların yoxluğu;
- türk və qeyri-şərq dillərində olan tədris vəsaitlərinin məktəb kitabxanasında olmaması;
- müəllimlərin siyasi mətləblərdən bixəbər qalmaları;
- onların ruhanilərlə dini cəhətdən yaranan mübahisələri və fikir ayrılığı;
- məktəblərin poçtla əlaqələrinin lazımi səviyyədə olmaması və yolların təhlükəli və pis vəziyyəti.
Şübhəsiz ki, bütün bunlar həllini gözləyən problemlər sırasında idi və onların aradan qaldırılması yolları qurultayın çoxsaylı qərarlarına daxil edilmişdir.
Qurultayın gedişi və qurultayda qaldırılan məsələlər o dövrün mətbuat səhifələrində geniş materiallar şəklində verilmişdir. “İrşad” qəzetində qurultay barəsində dərc olunmuş materialların surəti Xalq Təhsili Muzeyinin fondunda qorunub saxlanılır.
F.Köçərlinin “İrşad” qəzetinin 1906-cı il tarixli 203-cü sayında dərc olunmuş yazısında göstərilir:
“Hər il imtahan vaxtları – avqust ayının 25-dən sonuna qədər Zaqafqaziya darülmüəlliminin müsəlman şöbəsinə daxil olmaq üçün hər tərəfdən müsəlman şagirdləri cəm olurlar. İmtahana gələnlərin sayı ilbəil artır. Buna bir neçə səbəb var. Əvvəla, darülmüəllimin təhsil müddəti o qədər uzun çəkmir. Beşillik təhsildən sonra tələbə müəllimlik şəhadətnaməsi alır, öz valideynlərini xərc və zəhmətdən azad edirlər. Bu cəhətə darülmüəllimin kasıb və fəqir adamların övladlarına tərbiyə vermək üçün ən münasib bir məktəbdir. Ən əsas səbəb cəmaətimizin qəflətdən ayılıb elm və marifin qədri və qiymətini bilməkləridir. Bir vaxt var idi ki, müsəlmanlar öz övladlarının təlim və tərbiyəsinə artıq meyil və rəğbət göstərmirdilər və hətta ibtidadə müsəlman şöbəsi Qoridə açılanda müsəlmanları oxumağa həvəsləndirmək üçün şagirdlərin yol xərcini dəxi xəzinədən verirdilər. Amma indi çoxları istəyirlər ki, öz xərclərilə də olsa uşaqlarına təlim-tərbiyə versinlər və lakin yerin azlığından ona dəxi nail ola bilmirlər. Bu sənə müsəlman şöbəsində açılmış beş vakansiyaya əllidən ziyadə ərizə verilmişdir, hər bir vakansiyaya on ərizə gəlir, elm və mərifətə olan bu qədər həvəs indiyə kimi biz müsəlman qardaşlardan görməmişdik. Bu isə diqqətəlayiq bir əlamətdir. Beş yerə əlli adamın ərizə verməyi buna şəhadət verir ki, bir darülmüəllimin açılsın”.
Göründüyü kimi qəzet öz oxucularına qurultayda qaldırılan başlıca məsələlər barədə məlumat vermiş, onların geniş kütlələr arasında yayılmasında fəal iştirak etmişdir.
Müəllimlər qurultayının qərarlarında qadın təhsili məsələsinə də xüsusi maddə ayrılmışdır. Müsəlman qadınlarının əsarətdən xilas olması və hüquq bərabərliyi, qadın təhsilinin vəziyyəti ictimaiyyətin diqqətinə çatdırılır, bu sahədəki nöqsanlar tənqid edilirdi. Qadın müəllimlərin kifayət qədər olmaması qadın təhsilinin inkişafına mane olurdu. 1910-cu ildən əsası qoyulan Tağıyevin qız məktəbi Azərbaycanda rus-tatar məktəbləri pedaqoji kadrlar yetişdirən mərkəz rolunu oynamışdır. Həmin məktəblərin sayca azlığı və tədris proqramının məhdud olamasına baxmayaraq, onlar Azərbaycanda qadın təhsilinin əsasını qoymaqla, milli məktəblər üçün müəllimlərin hazırlanmasında qadınların ictimai fəaliyyətə cəlb edilməsində əhəmiyyətli xidmət göstərmişdirlər.
Beləliklə, Azərbaycan müəllimlərinin I qurultayında ümumi və icbari təhsilə keçid, ana dilinin öyrənilməsi üzrə proqram və sabit dərs cədvəllərinin hazırlanması, kənd məktəblərində əmək dərslərinin keçirilməsi, ibtidai məktəb şagirdlərinin peşə təlimi, məscidlərin nəzdində olan məktəblərin dövlət tabeliyinə keçirilməsi, milli və dini bayramlarda şagirdlərin dərslərdən azad edilməsinə dair qərarlar qəbul edilmişdir.
Azərbaycan müəllimlərinin I qurultayında müzakirə edilən məsələlər sonralar da öz tarixi əhəmiyyətini itirməmiş, əksinə aktuallığını saxlamış, respublikamızda təhsilin qurultaydan başlayan istiqamətləri daha da genişlənmiş, milli və dünyəvi xarakter almışdır.
Onu da qeyd etmək istərdim ki, Qafqaz müsəlman müəllimlərinin Bakıda çağırılan I qurultayı və eləcə də Azərbaycan təhsilinin müxtəlif dövrləri ilə bağlı tarixi məlumatlarla Xalq Təhsili Muzeyinin fondunda əyani şəkildə tanış olmaq olar.
Zülfiyyə Şiriyeva,
Xalq Təhsili Muzeyinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru




