İlk yarışdan böyük qələbə ilə döndülər – Nehrəm məktəbliləri Azərbaycan ikincisi oldular
Bir qələbənin dəyəri təkcə qazanılan medal və diplomlarla ölçülmür. O qələbənin arxasında aylarla davam edən zəhmət, intizam, fədakarlıq, komanda ruhu və Vətən sevgisi dayanır. Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdlərinin "Gənc xilasedici və yanğınsöndürən" ümumrespublika yarışında qazandığı uğur da məhz belə zəfərlərdəndir.
Bu yarışın hazırlıq prosesi, həyəcanı və gələcək hədəflər barədə "Azərbaycan müəllimi"nə komandanın rəhbəri, ehtiyatda olan baş leytenant, Vətən müharibəsi qazisi Abbasəli Tarverdiyev və komandanın üzvü Məhəmməd Hacıyev danışıblar.
Məlumat üçün bildirək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin, Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələ şəhərində “Gənc xilasedici” XII beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikasını təmsil edən Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin komandası ümumrespublika yarışının"Maneələr zolağı" mərhələsində I, "Kombinə edilmiş yanğın estafeti" mərhələsində isə II yerə layiq görülərək böyük uğura imza atıb.
“Bu uğur bizim üçün son deyil, yeni başlanğıcdır”
Vətən müharibəsi qazisi Abbasəli Tarverdiyev 2011–2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014–2018-ci illərdə isə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsində iştirak edib, noyabrın 3-də Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Müalicə və reabilitasiya prosesindən sonra Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılıb. 13 dekabr 2021-ci ildən Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır.
Müəllim deyir ki, hərbçi kimi qazandığı təcrübəni bu gün şagirdlərin yetişməsinə sərf edir:
“Çalışdığım müddət ərzində əsas məqsədim şagirdlərdə vətənpərvərlik ruhunu, nizam-intizamı, komanda ruhunu və fövqəladə hallarda düzgün davranış vərdişlərini formalaşdırmaq olub”.
Yarışa hazırlıq isə uzunmüddətli və sistemli şəkildə həyata keçirilib:
"Hazırlıq aylarla davam etdi. Hər gün planlı şəkildə nəzəri və praktiki məşqlər keçirdik. Fiziki hazırlıqla yanaşı, komanda ruhunun formalaşdırılmasına, nizam-intizama və psixoloji hazırlığa da xüsusi diqqət yetirdik".
Müsahibimiz hesab edir ki, uğurun əsas sirri zəhmət və birlikdir:
"Ən əsas amillər əzm, intizam, zəhmət, komanda ruhu və şagirdlərin özlərinə inamı idi. Valideynlərin, məktəb rəhbərliyinin və bizə dəstək olan hər kəsin mənəvi dəstəyi də bu uğurun əldə olunmasında mühüm rol oynadı. Onlar xilasedicilik bacarıqları ilə yanaşı, məsuliyyət, liderlik, çevik qərarvermə, qarşılıqlı əməkdaşlıq, dözümlülük və özünəinam kimi keyfiyyətlər qazandılar. Bundan əlavə, yataq yerlərini səliqəyə salmaq, geyimlərini ütüləmək, nizam-intizam qaydalarına riayət etmək kimi gündəlik həyat üçün vacib vərdişlər də əldə etdilər".
Ən çətin sınağın "Maneələr zolağı" olduğunu deyən Abbasəli Tarverdiyev əlavə edir:
"Bütün mərhələlər məsuliyyətli idi. Xüsusilə “Maneələr zolağı” mərhələsi həm fiziki hazırlıq, həm sürət, həm də dəqiqlik tələb edirdi. Bu mərhələ üzərində dəfələrlə məşq etdik və hər detalı dəqiqliklə işlədik. Bunun sirri davamlı məşq, düzgün taktika, komanda üzvlərinin bir-birinə inamı və yarış zamanı soyuqqanlı davranmaları idi. Hər kəs öz vəzifəsini yüksək məsuliyyətlə yerinə yetirdi və nəticədə bu mərhələdə birinci olmağa nail olduq".
Komandanın ilk iştirakda əldə etdiyi nəticədən danışan hərbi rəhbər deyir ki, bu uğur Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin tarixində xüsusi yer tutur:
“İlk iştirakımıza baxmayaraq, zona birinciliyinin qalibi olaraq Naxçıvanı ümumrespublika birinciliyində təmsil etmək hüququ qazandıq. Ümumrespublika birinciliyində də uğurla çıxış edərək Azərbaycan ikincisi olduq. Bu nəticə təkcə məktəbimizin deyil, bütün Babək rayonunun və Naxçıvanın qürurudur. Bu uğur göstərdi ki, əzm, düzgün hazırlıq, komanda ruhu və zəhmət sayəsində ən yüksək nəticələri əldə etmək mümkündür. İnanıram ki, bu nailiyyət digər məktəblərin şagirdləri üçün də motivasiya olacaq".
Qazinin yaddaşında ən çox iz buraxan məqam isə tamam başqa olub:
"Məni ən çox qürurlandıran an şagirdlərimin “Babək rayonu” yazılmış lövhəni böyük qürur və məsuliyyət hissi ilə daşıdıqlarını görmək idi. Onların hər mərhələdə sonadək əzmlə mübarizə aparması, rayonumuzu və Naxçıvanı layiqincə təmsil etməsi mənə Vətən müharibəsində çiyin-çiyinə döyüşdüyüm igid oğullarımızı xatırlatdı. Bir müəllim və Vətən müharibəsi qazisi olaraq ən böyük sevincim şagirdlərimin vətənpərvər, intizamlı və məsuliyyətli gənclər kimi yetişdiyini görmək idi".
Komandanın rəhbəri əlavə edir ki, bu uğur onlar üçün son deyil, yeni başlanğıcdır:
“Məqsədimiz daha da güclənmək, gələcək yarışlarda Azərbaycan çempionu olmaq və beynəlxalq arenada ölkəmizi ən yüksək səviyyədə təmsil edərək dövlət bayrağımızı zirvələrdə dalğalandırmaqdır".
“Məktəbimizi uğurla təmsil etdiyimiz üçün çox xoşbəxt oldum"
Komandanın üzvlərindən Babək rayon Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbinin şagirdi Məhəmməd Hacıyev də yarışın onun həyatında xüsusi yer tutduğunu deyir.
İdmanla məşğul olan məktəbli bildirir ki, vətənpərvərlik ruhunda keçirilən yarışlarda iştirak etdiyi və komandası ilə birlikdə məktəbini, Babək rayonunu və Naxçıvanı layiqincə təmsil etdiyi üçün çox qürurludur. O, bu yarışa müəlliminin inamı sayəsində qoşulub:
"Müəllimimizin bizə olan inamı və Vətənimizi layiqincə təmsil etmək arzusu məni bu yarışa qoşulmağa həvəsləndirdi. Bu mənim üçün böyük məsuliyyət və qürur idi".
Məhəmməd deyir ki, yarış günündə yaşadığı sevinc ömrü boyu yaddaşından silinməyəcək:
"Çox böyük sevinc və qürur hissi keçirdim. Əziyyətimizin bəhrəsini gördük. Biz bir ailə kimi idik. Hər zaman bir-birimizi dəstəkləyir, çətin anlarda ruhlandırırdıq. Bu birlik uğurumuzun əsas səbəblərindən biri idi. Yarışda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya və Tacikistandan gələn komandalarla birlikdə iştirak etmək mənim üçün unudulmaz təcrübə oldu. Yarışın sonunda Azərbaycan bayrağının qürurla dalğalandığını, komandamızın adının səsləndiyini və müxtəlif ölkələrdən olan iştirakçıların bizi alqışlamasını heç vaxt unutmayacağam".
Gələcəklə bağlı arzuları isə belədir:
"Ən böyük arzum Vətənimə layiqli övlad olmaq, valideynlərimi və müəllimlərimi sevindirmək, ölkəm üçün faydalı insan kimi yetişmək və Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil etməkdir".
Nehrəm məktəblilərinin ilk iştirakda qazandıqları bu uğur göstərir ki, əsl qələbə yalnız yarış meydanında deyil, vətənpərvərlik və komanda ruhu ilə də qazanılır. Bu gün Naxçıvanı qürurla təmsil edən bu gənclər sabah Azərbaycanın təhlükəsizliyi, inkişafı və uğurları naminə xidmət edəcək və qazandıqları ilk böyük zəfəri daha böyük nailiyyətlərlə davam etdirəcəklər.




