İnklüziv təhsildə diqqət olunmalı məqamlar – Müəllimin pedaqoji gündəliyindən
Müəllimin hər günü ən azı bir dəftər səhifəsidir. Yəni, hər gün dəftərə qeyd aparsaq, bir və ya iki səhifə yaza bilərik. Müəllimin şagirdləri onun tədqiqat obyekti olmalıdır. Bu gələcəkdə müəllimə intellekt meyarı cəhətdən daha fərqli şagirdlərlə təlim prosesini aparmaqda dəstək olacaq. İnklüziv və xüsusi təhsildə çalışan müəllimlər üçün bu tədqiqat bir şagirdin inkişaf yolunun başlanğıcı və qənaətbəxş nəticəsidir.
Məqaləmdə əsasən inklüziv təhsildə “nəyi, necə etməli?” yanaşması ilə bu sahədə apardığım tədqiqatları paylaşmaq istəyirəm.
Hər bir şagirdim mənim üçün tədqiqat obyekti olub. Çünki müşahidə edirdim ki, tibbi cəhətdən eyni diaqnoz qoyulmiş şagirdlərdə inkişaf tam fərqli gedir. Eyni mövzunu eyni üsulla 2 şagirdə tədris edirdim, nəticə tam fərqli olurdu. Biri daha yaxşı mənimsəyir, digəri isə çətinlik çəkirdi. Araşdırmalarım nəticəsində müəyyən etdim ki, həmin şagirdlərin IQ meyarı fərqlidir. Bir nümunə göstərim (qeyd olunan şagird adları şərtidir): Cavid adlı şagirdim IQ–50, Elnurə adlı şagirdimdə IQ-59. Deməli, bu iki şagirdin anlaması, qavraması bir-birindən fərqlənir. Caviddə anlama və qavrama prosesi Elnurəyə nisbətən zəif gedirdi. Çünki Cavidin diqqəti, yaddaşı və anlaması daha zəif idi. Həmçinin, söz ehtiyatı çox az idi. Ona görə də Cavidin, ilk növbədə, diqqət və yaddaşının inkişafı üzərində işləməli və söz ehtiyatını artırmalı idik. Bunu qeyd etməkdə məqsədim odur ki, əgər IQ meyarına diqqət yetirilsə, düzgün tədris planı qurulsa, nəticəmiz məqsədəuyğun olacaq. IQ meyarı sabit deyil, pedaqoji və psixoloji təlimlər nəticəsində dəyişə bilir. Yəni, düzgün pedaqoji iş zamanı IQ meyarı arta bilər. Səhv istiqamətdə aparılan təlim prosesi isə IQ meyarının artmasını gecikdirər və ya geriyə salar.
Tədqiqatıma əsaslanaraq deyə bilərəm ki, birinci ən əsas məsələ IQ meyarı 70-dən aşağı olan şagirdlərin inkişafında əsasən Vıqotski nəzəriyyəsi üstün tutulmalıdır. Bu nəzəriyyəyə əsasən uşağın inkişafındakı maneə onun bioloji deyil, sosial mühiti ilə bağlıdır. Ona görə də ilk dəfə qiymətləndirmə apararkən şagirdin sosial vəziyyəti, yəni ünsiyyətə meyilli olub-olmamasını dəyərləndirirəm. Uşaq nə qədər çox uşaqla ünsiyyətdə olarsa, yəni, sosiallşarsa, inkişafına bir o qədər müsbət təsir edər. Ünsiyyət yalnız nitqlə deyil, mimikalarla, jestlərlə də olur. Onlar artıq baxışdan və ya əl hərəkətlərindən nə etməlli olduqlarını anlayırlar. Bu əsasən rollu oyunlar və ya dialoq zamanı özünü biruzə verir. Bunu əsas tutaraq valideynlərə hər zaman tövsiyə edirəm ki, övladlarını erkən yaş dövründən, xüsusilə 2 yaşından bağçaya aparsınlar.
İkinci əsas məqam inklüziv təhsildə Yaxın inkişaf zonası nəzəriyyəsinə əsasən yanaşmanın əsas götürülməsidir. Yəni, müəllim şagirdin nəyi bacarmadığına deyil, müəllimin dəstəyi ilə nəyi bacara biləcəyinə fokuslanmalıdır. Uşağın potensialını üzə çıxarmaq üçün bu ən səmərəli üsuldur. Bir məqamı qeyd edim ki, intellekt fərqliliyi olan uşaqlarla işlədikdə bu nəzəriyyəyə əsaslanan yanaşma o demək deyil ki, şagirdin yerinə tapşırığı yerinə yetirməliyik, biz bacardığımız qədər ona uyğun olan formada istiqamət verməliyik.
İnklüziv təhsildə üçüncü istifadə etdiyim yanaşma Skaffoldinqdir. İnklüziv təhsildə Skaffoldinqin məqsədi hər kəsin fərqli dəstəklə eyni hədəfə doğru addımlaması prinsipinə əsaslanmasıdır. Skaffoldinq uşaqların fərdi ehtiyaclarına görə uyğunlaşdırılır. Məsələn: hər bir şagirdə dəstək olmaq müddəti fərqli seçilir. Bir şagirdə tapşırıqların yerinə yetirilməsi zamanı az müddətdə, digərinə isə çox uzun müddət dəstək ola bilərik. Dəstək zamanı müxtəlif üsullardan istifadə etmək olar. Nümunə olaraq deyim ki, əgər mətn üzərində işdirsə, suallar verməklə mətnin məzmununu soruşa bilərik. Disleksiyalı və ya intellekt fərqliliyi olan, xüsusilə anlama çətinliyi olan şagirdlərə mətnə uyğun illüstrasiyalar verməklə, yəni vizual simvollarla dəstək olmaq olar. Skaffoldinq metodu şagirdlərdə özünə inamı artırır, onlar tapşırığı dəstəklə yerinə yetirsələr də, özlərini bacarıqlı hesab edirlər. Həmçinin, dəstək müəyyən mərhələlərlə azaldıqda şagird sərbəst işləməyə başlayır.
Tədqiqatımın ən maraqlı olan hissəsi isə Vıqotski nəzəriyyəsinə əsasən "Daha bacarıqlı biri" metodudur. Bu metod həyata keçirilərkən inklüziv siniflərdə müəllim rolu oynayacaq şagird sinif şagirdləri içərisindən də seçilə bilər. Yəni, bu şəxs məhz müəllim olmaya da bilər. Məsələn: Bir şagird mövzunu daha yaxşı mənimsədiyi üçün yoldaşına izah edir, o, sanki “müəllim” rolunu oynayır. Bu zaman müəllim də öz dəstəyini əsirgəməməlidir. Təcrübəmə istinadən deyə bilərəm ki, şagirdlər bir -birindən daha yaxşı öyrənirlər. Daha Bacarıqlı Biri metodunu xüsusi təhsil müəssisələrində də həyata keçirmək olar. Bu tətbiq forması şagirdlərin özünəinamının inkişafına müsbət təsir edir, onlar dərsin aktiv iştirakçısı olurlar. Yuxarıda qeyd etdiklərimiz bu prosesə necə yanaşmaq lazım olduğunu özündə cəmləşdirir.
İndi isə inklüziv təhsildə daha düzgün yanaşmanın, daha diqqətli olmalı məqamı haqqında qeydlərimi təqdim edəcəm. İnklüziv təhsilə cəlb ounmuş şagirdin qərarında Təhsil proqramı hissəsində “xüsusi təhsil proqramı” və ya “ümumi təhsil proqramı” yazılmasına diqqət yetirmək lazımdır. Bəli, məhz inklüziv təhsildə. Çünki xüsusi təhsil müəssiəsində təhsil alan şagirdlərin “təhsil proqramı” hissəsində birmənalı şəkildə “xüsusi təhsil” proqramı yazılır. Bu məlumatı bilmək əlbəttə ki, ibtidai sinif müəllimindən və xüsusilə, korreksiyaedici pedaqoqdan daha çox informasiyalı olmağı tələb edir. Niyə? Çünki məhz Fərdi tədris planı şagirdin hansı proqramla təhsil alacağına əsasən yazılır. “Xüsusi təhsil “ proqramı intellekt əlilliyi olan uşaqların, “ümumi təhsil proqramı” isə “yüngül koqnitiv pozuntu” (həmçinin, yalnız fiziki əlilliyi olan uşaqlar), "Autizm asperger" sindromlarında yazılır.
Sonda onu qeyd edim ki, inklüziv təhsilin iştirakçısı olan hər bir müəllim bu məqamlara xüsusi diqqət yetirməlidir. Çünki şagirdin inkişafı məhz müəllimin düzgün yanaşmasından asılıdır.

Gülnar Mirzəyeva,
Bakı şəhəri 3 nömrəli xüsusi ümumtəhsil məktəbin ibtidai sinif müəllimi
Bu yazı “Azərbaycan müəllimi” qəzeti və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının həyata keçirdiyi “Müəllimin pedaqoji gündəliyi” layihəsi çərçivəsində dərc olunur.




