“Kaş keçən il də belə olaydı” – attestat almağın yeni qaydası nəyi dəyişir?
Təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir. Artıq təhsil haqqında dövlət sənədləri “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq. Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə ediləcək. Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyi operativ və onlayn qaydada yoxlanılacaq. Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər. Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.
“İstəyirsən, elektron qaydada təqdim et, istəyirsən də kağızla”
Yeni qaydanın üstünlüklərini köhnə qayda ilə sənəd əldə edənlər daha yaxşı bilər. Sumqayıt şəhəri “İstedad” liseyinin ötənilki məzunu Əli Nəbizadə attestatını almaq zərurəti meydana çıxanda düşdüyü gərgin situasiyanı bu gün belə xatırlayır:
“Ötən il məzun oldum. Attestatımı almaq üçün məktəbə getdim. Özü də həmin gün başqa vacib işlərim vardı. Məcburən hamısını təxirə saldım, çünki məktəbdən bildiriş aldım ki, mütləq deyilən vaxtda gedib təhsil sənədimi götürməliyəm, yoxsa qalacaq”.
Azərbaycan Dövlət İqtisad Universitetinin "Kompüter mühəndisliyi" ixtisasının I kursunu əlaçılıqla bitirən uğurlu gənc builki məzunları daha şanslı sayır:
“Kaş yeni qayda ötən ildən tətbiq edilərdi. Bilirsiniz, ötən il təhsil sənədləri kağızla verilirdi və cəmi bir nüsxə əldə edə bilirdik. Onu da ali məktəbə daxil olanda universitetə təqdim etdim. İndi mənə attestat lazım olsa, əldə etmək bir qədər çətin olacaq. Ancaq bu il elə deyil. Elektron təhsil sənədini istədiyin vaxt götürə, istədiyin sayda əldə edə bilirsən. Tələb olunan yerə də istəyirsən elektron qaydada təqdim et, istəyirsən də kağızla. İndi məzunlar üçün bu proses xeyli asanlaşıb. Artıq məktəbin yerləşdiyi şəhərdə yaşamırsansa, sırf sənədini əldə etmək üçün oraya getməyinə ehtiyac yoxdur. Bu, mənə görə, böyük üstünlükdür.
Bundan başqa, əvvəllər attestatın bir nüsxəsi olduğu üçün onu hansısa yerə təqdim edəndə sonradan yenidən lazım ola biləcəyini düşünürdün. İndi isə belə bir narahatlıq yoxdur. Sənəd elektron kabinetdə saxlanılır və lazım olan zaman yenidən əldə etmək mümkündür. Məncə, xüsusilə tələbələr üçün bu həm vaxta qənaətdir, həm də əlavə stresi aradan qaldırır. Sənədin həqiqiliyinin ştrix-kod vasitəsilə onlayn yoxlanılması prosesi daha etibarlı edir”.
“Bu, başqa ölkələrin ali təhsil müəssisələri ilə birgə həyata keçirilən layihələrə qoşulmaq istəyən gənclər üçün çox böyük imkandır”
Bakı məktəbindən bu il məzun olan Mehriban Əsgərova isə Əlinin təbirincə desək, şanslı məzunlardandır. O, 238 nömrəli tam orta məktəbdən bu il məzun oldu:
“Bu il buraxılış imtahanından 252.9 bal, qəbul imtahanından isə 386 bal toplayaraq məktəbimizin 600-dən yuxarı bal toplayan 6 məzunundan biri oldum. 638.9 balla kompüter elmləri və ya informasiya texnologiyaları istiqamətində ən yaxşı təhsil verən universitetlərimizdən birini seçəcəyəm. Üzərində dayandığım ali təhsil müəssisələrindən biri Türkiyə-Azərbaycan Universitetidir. ODTÜ Universiteti ilə ikili diplom proqramı, istədiyim kimi, kompüter mühəndisliyi ixtisası üzrə tədris bu universitetin mənim üçün üstünlüklərindəndir. Burada təhsil almaq istəməyimə səbəb olan başqa bir sıra imkanlar da var ki, düşünürəm ki, onlardan istifadə zamanı attestatım mənə üstünlük qazandıra bilər. Odur ki, təhsil sənədlərinin elektronlaşdırılması vaxtında reallaşdı və mənim kimi başqa ölkələrin ali təhsil müəssisələri ilə birgə həyata keçirilən layihələrə qoşulmaq istəyən gənclər üçün bu, çox böyük imkandır”.
Artıq qarşıya bürokratik əngəllərin çıxdığ, çoxlu çətinliklərin olduğu bir yol keçmişdə qalıb.
Mehriban Əsgərova ümumi orta təhsil pilləsindən məzun olarkən keçdiyi həmin bu çətinlik dolu yolu indi elektron qaydada gerçəkləşdirdiyi prosedurla müqayisə də edib: “Əslində, vaxt baxımından elə bir böyük fərqi olmadı. Ümumi orta təhsil pilləsindən məzun olanda da attestatımız iyul ayının ortasında verildi, tam orta təhsilimizi tamamladığımıza dair təhsil sənədimizin verilməyi də iyul ayının ortasına çəkdi. Amma əlçatanlıq baxımından elektron sənədin üstünlüyü böyükdür. İstədiyimiz zaman attestatımızı orada görə bilər, istənilən şəkildə əldə edə bilərik. Tələb olunduğu halda telefondan göstərə bilər, zəruri hallarda kağız formatda təqdim edərik. Sürətli, rahat və daha praktikdir. Müqayisə edirəm ki, ümumi orta təhsil pilləsini uğurla tamamladıqdan sonra attestatımı məktəbdən təcili götürmək lazım gəldi. Mən Bakıdan uzaqda idim, müəllimlərimiz də məzuniyyət vaxtı olduğundan gözləyə bilmirdilər. Əvvəlcə bəzi tanışlara, qohumlara müraciət etdik, sonra məlum oldu ki, özümün götürməyim şərtdir. Ona görə məcburən Bakıya qayıtdıq. Amma indi attestatım telefonuma gəlib, telefonum, ya da kompüterim qədər əlçatan olub”.
Təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir
Bu əlçatanlığa Nazirlər Kabinetinin “Təhsil haqqında dövlət sənədlərinin elektron formatda verilməsinə dair qaydalar”la bağlı qərarından sonra nail olunub. Təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib.
Yeni qərara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.
Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.
“Həm vətəndaşların işi asanlaşacaq, həm də təhsil sistemində operativlik və şəffaflıq artacaq"
Belə hesab edilir ki, qəbul edilən dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.
Təhsil ekspertləri də rəqəmsal keçidi bürokratik maneələrin aradan qalxması baxımından müsbət qiymətləndirirlər.
Təhsil eksperti Elmin Nurinin fikrincə, rəqəmsallaşma ilə ayaqlaşmaq zərurətə çevrilib. Onun qənaətinə görə, sənədlərin texnologiyanın imkanlarına həvalə olunması müsbət addımdır:
“Elektron qaydada təqdim olunan təhsil sənədləri sayəsində bir çox istiqamətlərdə prosesin sadələşdiyini aydın görmək olur. Əvvəlki prosedurları xatırlayaq. Məsələn, universiteti bitirən şəxs diplomunu əldə etmək üçün aylarla gözləməli olur, ya da təhsil aldığını təsdiqləyən arayış almağa məcbur qalırdı. Eyni vəziyyət hərbi xidmət və ya digər rəsmi prosedurlarla bağlı da yaşanırdı. Diplomun hazırlanması və təqdim olunması daha uzun zaman aparırdı.
Elektron təhsil sənədinin verilməsi vacib və zəruri mexanizm olsa da, rəqəmsal dünyanın da öz boşluqları ola bilər. Təhlükəsizliklə bağlı həssas məqamlar var, lakin müasir dövrün tələbləri artıq bu istiqamətdə hərəkət etməyi zəruri edir. Çünki bu addım həm vətəndaşların işini asanlaşdırır, həm də təhsil sistemində operativliyi və şəffaflığı artırır".




