Kimyanın tədrisi texnologiyadan asılı vəziyyətə düşüb?
Böyük Britaniyada bəzi mütəxəssislər universitetlərdə kimya tədrisinin texnologiyadan həddindən artıq asılı hala gəldiyini və bunun tələbələrin praktik bacarıqlarını zəiflədə biləcəyini bildirirlər.
“Azərbaycan müəllimi” THE-yə istinadən xəbər verir ki, Xromatoqrafiya Cəmiyyətinin prezidenti Toni Edc tələbələrin xromatoqrafiya kimi əsas laboratoriya metodlarını praktik şəkildə öyrənmək əvəzinə, prosesləri yalnız kompüter ekranından izlədiklərini deyib.
Onun sözlərinə görə, bu yanaşma tələbələrin kimyanın fundamental prinsiplərini və laboratoriya bacarıqlarını kifayət qədər mənimsəməsinə mane olur və gələcəkdə elmi tədqiqatlara, eləcə də istehsal sektoruna mənfi təsir göstərə bilər.
Lakin Edinburq Universitetinin fiziki kimya tədrisi üzrə müəllimi Ben Arenas bu fikirlərlə tam razılaşmır. O bildirib ki, Böyük Britaniyada universitetlərin kimya tədrisi hələ də yüksək səviyyədədir, lakin müasir texnologiyalarla ənənəvi laboratoriya təcrübəsi arasında düzgün balans qorunmalıdır.
Ben Arenasın sözlərinə görə, müəllimlərin əsas vəzifəsi tələbələrə cihazların necə işlədiyini deyil, onların arxasında duran kimya və fizika prinsiplərini də başa salmaqdır.
Arenasın fikrincə, kimya tədrisi üçün əsas təhlükə texnologiya deyil. Əsas problem laboratoriya tədrisi ilə məşğul olan müəllim və texniki heyətin sayının azalması, büdcə ixtisarları və iş yerlərinin bağlanmasıdır.
Onun sözlərinə görə, bu proses davam edərsə, gələcəkdə əsas sual "Böyük Britaniya kimyanı yaxşı tədris edirmi?" deyil, "Böyük Britaniya ümumiyyətlə kimya tədris edəcəkmi?" olacaq.
Londondakı Kral Kollecinin süni intellekt və kimya üzrə müəllimi Hessam Mehr isə fərqli mövqe sərgiləyib. O hesab edir ki, ali təhsil müəssisələri əksinə, avtomatlaşdırma və süni intellekt texnologiyalarını daha sürətlə tədris prosesinə inteqrasiya etməlidirlər.
Mehr bildirib ki, laboratoriyalarda əvvəllər vacib hesab olunan bir çox əl bacarıqları artıq avtomatlaşdırılıb və bunu qəbul etmək lazımdır. Onun fikrincə, əsas məsələ fundamental prinsipləri bilməkdir, çünki süni intellekt elm adamlarına böyük həcmdə bilik təqdim edir və uğurun açarı düzgün suallar verməkdir.
O əlavə edib ki, tələbələr avtomatlaşdırma və kompüter elmləri ilə kimyanın inteqrasiyasına gözləniləndən daha açıq yanaşırlar. Buna görə də gələcəyin mütəxəssisləri həm çevik, həm də çoxşaxəli bacarıqlara malik olmalıdırlar.
Mehr hesab edir ki, Böyük Britaniyanın üstünlüyü də məhz buradadır – ölkə həm elmi prinsiplərə sadiq qalır, həm də yeni texnologiyaları vaxtında mənimsəməyə çalışır.
Məqalədə qeyd olunub ki, son dövrlərdə Hall və Banqor universitetləri kimya proqramlarını bağlayıb, Şeffild Universitetinin kimya fakültəsində planlaşdırılan ixtisarlar isə ciddi müzakirələrə səbəb olub.




